44 günlük Vətən Müharibəsi tarixə qızıl hərflərlə yazıldı
Azərbaycan xalqı humanist və sülhsevər xalqdır. Biz hər zaman torpaqlarımızın sülh yolu ilə azad edilməsinin tərəfdarı olmuşuq. Lakin Ermənistanın 2020-ci il sentyabrın 27-də növbəti təxribatları buna imkan vermədi. Müzəffər Azərbaycan Ordusu çıxdığı bu şərəfli yolda 44 günlük Zəfər yürüşü ilə doğma Qarabağımızın düşmən tapdağından azad edilməsi uğrunda rəşadətlə mübarizə apardı, bu müqəddəs savaşda böyük zəfərlə Azərbaycan xalqını sevindirdi. Bu şanlı Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və iradəsi, qüdrətli Ordumuzun qəhrəmanlığı və əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı. 44 günlük Vətən Müharibəsi Azərbaycanın müstəqillik tarixinə qızıl həflərlə yazıldı.
Prezident İlham Əliyev 27 sentyabr – 44 günlük şanlı Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, Bayrağımızı erməni işğalından azad edilən torpaqlarımıza sancan, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgərlərimizə, bütün şəhidlərimizə dərin hörmət əlaməti olaraq Vətən Müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Ordumuz bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Azərbaycan Silahlı Qüvvələrinin müasir texnika ilə təchizatı, ordumuzun döyüş potensialının gücləndirilməsi, müntəzəm olaraq keçirilmiş təlimlər, hərb sənayesinin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Azərbaycan Silahlı Qüvvələrinin hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir.
İkinci Qarabağ müharibəsi dövründə xalqımız üçün səciyyəvi olan ən mühüm cəhətlərdən biri də milli birlik və həmrəyliyimizin sarsılmazlığı faktoru idi. Minlərlə gənc qəsbkar erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini bildirdilər. Arxa cəbhədə olanlar isə həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşan qəhrəman əsgər və zabitlərə əllərindən gələn köməyi əsirgəmədilər. Hər cür maddi və mənəvi dəstək verməyə hazır olduqlarını göstərdilər. Bütün bunlar bir daha onu göstərdi ki, vətənin ümumi maraqları, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə gəlir. Qələbəmizin qazanılmasında xalq-iqtidar birliyinin rolu misilsizdir.
Vətən müharibəsi günlərində müharibə həm də sosial şəbəkələr vasitəsilə informasiya cəbhəsində gedirdi. Bu günlərdə haqq səsimizi bütün dünyaya çatdırmaq üçün Azərbaycan gəncliyi yorulmadan, ardıcıl surətdə bir çox kompaniyalar həyata keçirir, erməni terrorunu, vandalizmini dünya ictimaiyyətinə çatdırmağa çalışırdı. Onlar xarici mediada ölkəmiz haqqında tarixi faktların saxtalaşdırılması, erməni faşistləri tərəfindən mülki əhaliyə qarşı cinayət əməllərinin törədilməsi, həmçinin dezinformasiyaların qarşısının alınması istiqamətində mütəşəkkil şəkildə mübarizə apararaq gerçəklərin ortaya çıxmasında böyük fəallıq göstərirdilər.
Erməni işğalçılarının 30 il ərzində vurduğu yaraları sağaltmaq, Qarabağı işğaldan əvvəlki gözəl günlərinə qaytarmaq üçün Azərbaycan dövləti və xalqı böyük işlər görür. Düşmən işğalından təmizlənən torpaqlarda bərpa-quruculuq işlərinə başlanılıb və artıq bu istiqamətdə uğurlu nəticələr əldə edilib. İşğaldan azad edilmiş ərazilərdə qısa vaxt ərzində əlverişli yaşayış üçün münbit şəraitin formalaşdırılması, yolların, dəmiryolu xətlərinin, energetika sisteminin bərpası, iqtisadi inkişafın sürətləndirilməsi baxımından əhəmiyyətlidir. Bərpa-quruculuq işləri baxımından quru və hava nəqliyyatı infrastrukturlarının formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər də xüsusi əhəmiyyət daşıyır. Füzüli Beynəlxalq Hava Limanı, hazırda inşası davam edən Zəngilan və Laçın beynəlxalq hava limanları regionda turizm potensialının artmasına əlverişli şərait yaradır. Həmçinin Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada “Qarabağ” hoteli, Şuşa Xalça Muzeyi, Şuşa Dövlət Rəsm Qalereyası binaları bərpa edilib. Prezident İlham Əliyev bərpa olunacaq yaşayış sahələrində müasir texnoloji innovasiyaların tətbiqini xüsusi diqqət mərkəzində saxlayır. Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri ən yeni texnologiyalar əsasında sürətlə həyata keçirilir.
Bu gün Vətən uğrunda vuruşan, canlarını fəda edən, şücaət göstərən igid əsgərlərimizin Müzəffər Ali Baş Komandanımız İlham Əliyev tərəfindən xatirələri əbədiləşdirilir, onlara fəxri adlar verilir, müavinətlər təyin edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə Yaşat Fondu yaradılıb. YAŞAT Fondu ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək verilməsi missiyasını həyata keçirir.
İşğaldan azad olunmuş doğma Qarabağımızda günəş yenidən doğacaq, əzəli və əbədi yurd yerlərimiz yenidən canlanacaq.
Cavid Mehdizadə
YAP Xətai rayon təşkilatının fəalı

