Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Rəşadətli Ordusu Şanlı tarix yazdı.
Yerləşdiyi coğrafi mövqeyinə, zəngin yeraltı və yerüstü sərvətlərə, gözəl iqlim şəraitinə və münbit torpaqlara malik olan ölkəmizə əsrlər boyu göz dikənlər çox olmuşdur. Bu dövlətlərdən biri də qonşuluğumuzda yerləşən, amma hər zaman ölkəmizə qarşı paxıllıqdan yaranan düşmənçilik hissi bəsləyən Ermənistan olmuşdur. 1988-ci ildə azərbaycanlıların qədim dədə-baba yurdlarından didərgin salaraq deportasiya siyasəti yürüdən işğalçı Ermənistanın niyyəti Azərbaycan ərazilərini zəbt edib uydurma “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək idi. “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin hələ XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğınlara (1905-1907-ci illər) başlamışdılar. Bu niyyətlə mənfur düşmən tərəfindən ölkəmizə, vətəndaşlarımıza qarşı hücumlar etməyə başladı. Təcavüzlərin nəticəsində 30 ilə yaxın doğma torpaqlarımız işğal altında qalmış, bir milyondan artıq soydaşlarımız qaçqın və məcburi köçkün həyatı sürmüşdür. Torpaqların onlara məxsus olmadığını dərk edən, bir gün öz sahiblərinin geri dönəcəyini yaxşı başa düşən düşmən 30 ilə yaxın bir dövrdə işğal etdiyi ərazilərimizdə şəhər və kəndlərimizi xaraba qoymaqla yanaşı orada kütləvi yanğınlar törədib, meşəlikləri, xüsusi ağac və bitki növlərini məhv edirdilər.
Cənab prezident İlham Əliyevin uzaqgörən siyasətinin və Azərbaycan Rəşadətli Ordusunun qəhrəmanlığının nəticəsi olaraq 44 gün ərzində 30 ilə yaxın düşmən işğalı altında qalan dədə-baba yurdumuz işğaldan azad olunaraq ərazi bütövlüyümüz bərpa olundu. Vətən müharibəsində Azərbaycan dövləti işğalçı düşmən üzərində qələbə qazandı. Ordusumuzun gücünə, qüdrətinə tab gətirə bilməyən mənfur düşmən təxribatlara əl atmağa başladı. Çirkin əməlini davam etdirməklə günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.
2020-ci il sentyabr ayının 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində dövlətçilik tariximizin ən parlaq səhifələri yazıldı. Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası Silahlı Qüvvələri işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.
44 gün davam edən Vətən Müharibəsi tariximizin, eləcə də Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı cənab prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, qüdrətini nümayiş etdirdi. Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə bunu xüsusi olaraq vurğuladı. Azərbaycan, 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdiyini, düşmənə sarsıdıcı zərbələr endirdiyini, Ermənistanı məğlub etdiyini bir daha bildirdi. Bu məğlubiyyətin nəticəsində Ermənistanın məcbur olub kapitulyasiya aktına imza atdığını, təslim olduğunu vurğulayan dövlət başçısı, hətta 3 rayonumuzun bir güllə atmadan, bir şəhid vermədən siyasi yollarla geri qaytarıldığını da qeyd etdi. İlham Əliyev öz adını milli tariximizin son 200 ildə ən şanlı və müzəffər sərkərdəsi kimi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə əbədi həkk etdi.
Cənab Prezident İlham Əliyev çıxışlarının birində belə deyib: “Mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”. Azərbaycan ordusunun gücü, qüdrəti qarşısında tab gətirə blməyən düşmənin havadarlarına bağladığı ümidləri də faydasız qaldı. 44 günlük müharibədə Azərbaycan Ordusunun şücaəti və qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və onlara havadarlıq edənlərin ümidlərini boşa çıxartdı. Bununla da Silahlı Qüvvələrimiz parlaq Qələbə qazandı və tarixi ədalət bərpa olundu.
30 ilə yaxın düşmənin işğalı altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanımızın üçrəngli Bayrağını işğaldan azad edilən torpaqlarımızda ucaldan, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən əsgər və zabitlərimizə, mülki əhali olmaqla bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabr ayının 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır, 2020-ci il dekabrın 4-də saat 12:00-da ölkə ərazisində bir dəqiqəlik sükut elan edilmişdir.
Bu gün xalqımız ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, uzaqgörən siyasəti və Rəşadətli Ordumuzun güc-qüdrəti ilə nail olunan zəfər sevincini yaşayır.
Allah, ərazi bütövlüyümüz uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə tezliklə şəfa versin!
Mətanət Həsənova
Zəngilan rayon İcra Hakimiyyətinin əməkdaşı.

