Xalqına güvənən, xalqının güvəndiyi Lider
Lider olmaq və proseslərin nəbzini öz barmaqları altında saxlamaq istəyi çoxlarında ola bilər. Lakin bu istəklə real lider olmaq arasında qət edilməsi əksər hallarda mümkün olmayan məsafə mövcuddur. Özlərinin müstəsna keyfiyyətləri sayəsində bu məsafəni qət etməyi bacaranlar liderə çevrilə bilirlər.
Bugün, mürəkkəb dövrümüzün insanı liderin ümumi keyfiyyətləri, siyasi portretinin ən incə məqamları haqqında kifayət qədər təsəvvürlərə malikdir. Düşüncə tərzinə, davranış taktikasına və digər şəxsi keyfiyyətlərinə görə fərqlənən müasir lider lokal və qlobal səviyyədə dünyanı dəyişməyi bacaran lider. İlham Əliyevin liderliyinin miqyasının sərhədlərini isə müəyyənləşdirmək qeyri- mümkündür. O, dünyadakı çox nadir liderlərdəndir ki, onun siyasi portreti çərçivəsinə mənəvi, siyasi, hərbi lider obrazlarını yerləşdirmək mümkündür. Bu, ondan xəbər verir ki, İlham Əliyevin hərtərəfli potensialı ona həyat fəaliyyətinin bütün sahələrində məsuliyyəti öz üzərinə götürmək imkanı verir.
İlham Əliyev heç bir halda dövlətinin milli maraqları məsələsində güzəştə getməməklə, ölkəsinin məsuliyyətinin mahiyyətini dəqiqliklə dərk etdiyini və bu məsuliyyəti ləyaqətlə daşımağı özünün həyat kredosu kimi müəyyənləşdirdiyini sübut edir. Siyasi lider kimi İlham Əliyevin siyasi portretinin ən qabarıq və vacib cizgilərindən biri də ondan ibarətdir ki, o, özünün bütün istiqamətlərdəki fəaliyyətində sistemliyi gözləyir. Bu, İlham Əliyevi digər xalqların liderlərindən fərqləndirən əsas cəhətlərdəndir. Azərbaycan Respublikasında qarşıda duran ümummilli məqsədlərə səmərəli çatılmasını şərtləndirən də məhz ölkə rəhbərinin bu keyfiyyətidir.
2020-ci il Azərbaycan üçün Zəfər ili oldu.Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə qazanaraq tarixi nailiyyətə imza atdı. 30 il ərzində düşmənin nəzarəti altında qalan torpaqların, xüsusilə xalqımızın mədəniyyət beşiyi sayılan Şuşanın azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpası Prezident İlham Əliyevin Zəfər zirvəsidir.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, cənab İlham Əliyevin layiqincə davam etdirdiyi siyasi xəttin nəticəsi olaraq güclü Azərbaycan dövləti bir daha öz qüdrətini dünyaya nümayiş etdirərək beynəlxalq təşkilatların illərlə çözə bilmədiyi məsələni “Dəmir yumruq” əməliyyatı ilə cəmi 44 günə reallığa çevirdi.
Azərbaycan Prezidentinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Ordumuzun qarşısında necə çətin bir vəzifənin dayandığı barədə konkret təsəvvürü var idi. 44 günlük müharibədə qazanılan böyük Qələbənin memarı İlham Əliyevdir. O, hələ müharibədən əvvəl qətiyyətlə bildirirdi ki, istənilən vasitə ilə torpaqlarımızın işğaldan azad edilməsinə nail olacaq. Prezident İlham Əliyev eyni vaxtda həm diplomatik səyləri gücləndirir, həm də müharibə hazırlıqlarını davam etdirirdi. Zaman bir daha təsdiqlədi ki, Prezident İlham Əliyev apardığı siyasətdə milli maraqları hər şeydən üstün tutur və nəyi, nə zaman, necə etməyin lazım olduğunu hamıdan yaxşı bilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müasir demokratik, vətənpərvər siyasi lider kimi ən başlıca mənəvi və idarəedicilik keyfiyyəti həm də ondan ibarətdir ki, o, ümumi rifah naminə atdığı bütün addımlarında xalqına arxalanır. Tarixi təcrübə sübut edir ki, liderinin xalqına arxalandığı və xalqı üçün yaşadığı ölkə həmişə tərəqqi edir. İlham Əliyev xalqına güvənir və xalqı üçün yaşayır.
Fəridə Şərifova,
Bakı şəhəri, 25 nömrəli tam orta məktəbin direktoru

