Əsas səhifə 

Tarixi Zəfərdən möhtəşəm quruculuğa

Qarabağ və Şərqi Zəngəzur azadlığının və inkişafının ən şərəfli dövrünü yaşayır

Artıq iki ildir ki, bütün dünya dövlətimizin möhtəşəm bərpa-quruculuq əzminə şahidlik edir. Prezident İlham Əliyevin güclü siyasi iradəsi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələrinə əsasən, həm infrastrukturlar yaradılır, həm yaşayış massivləri inşa olunur, həm də bu ərazilərin iqtisadi potensialı hərəkətə gətirilir  və mədəni-tarixi abidələrin bərpası istiqamətində genişmiqyaslı işlər sürətlə gerçəkləşdirilir.

2021-2022-ci illərdə bir sıra layihələrin icrasının başa çatdırıl­ması, o cümlədən Şuşaya gedən Zəfər yolunun salınması, çətin relyefə malik olan həmin ərazilərdə üç hava limanı­nın tikintisinin əsasının qoyulması, artıq Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Zəngilan hava limanında tamamlama işlərinin görülməsi, Laçın rayonunda isə daha bir hava limanının təməlinin qoyulması ölkəmizin həm iq­tisadi gücünün, həm də düşünülmüş siyasi kur­sunun məntiqi nəticəsidir.

Ümumi plan əsasında isə ikinci mərhələdə Ağdam və Füzuli rayonlarının, eləcə də Cəbrayıl və Şuşa şəhərlərinin Baş planları hazırlanıb.

Vətən müharibəsindən ötən iki ilə yaxın bir müddətdə işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışın reallaşma­sı üçün mühüm layihələr həyata keçirilir. Ən vacib məsələlərdən biri də Zəngilan rayon ərazisində “ağıllı kənd” layihəsi olan Ağalı kəndinin infrastrukturunun yenidən yaradılması və əhalinin ora köçürülməsi olmuşdur. Zəngilanın Ağalı kəndinin bir qrup sakininin 30 ilə yaxın ayrılıqdan sonra ilk olaraq iyulun 19-da doğma yurduna dönməsi dövlətimizin bu torpaqlara həyatı yenidən qaytarması üçün əzm və qətiyyətindən xəbər verir.  “Ağıllı kənd” layihəsi yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələri kimi komponentlər üzrə icra edilib. Ərazidə evlər, qeyri-ya­şayış binaları, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası tikilib. Kəndin enerjiyə olan tələbatının alternativ enerji mənbələrindən əldə edilməsi ilə reallaşıb.Ağalı kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Burada “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” və DOST, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzləri təsis olunub. Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstərilir. Vətəndaş birbaşa videobağlantı ilə DOST mərkəzlərinin sosial agentinə müraciət edir və müraciəti yerindəcə həll olunur. “Ağıllı kənd” əhalisinin şəhərdə əldə edə biləcəyi bütün xidmətlərə, o cümlədən dövlət xidmətlərinə rahat çıxışı var.

Azad edilmiş ərazilərdə elektrik təchizatı ilə bağlı görülən işlər xüsusi qeyd edilməlidir. Çünki regionun elektrik enerjisi ilə tam təmin olunması digər işlərin də həyata keçirilməsinə təkan verir. Qələbədən dərhal sonra 2020-ci ilin noyab­rında yaradılmış Əlaqələndirmə Qərargahı və onun nəzdindəki İdarələrarası Mərkəzin İşçi qruplarından biri məhz enerji təminatı məsələləri üzrə fəaliyyət göstərir. Artıq Qarabağ və Şərqi Zəngəzurun əksər ərazilərinin elektrik enerjisi ilə tam təmin edilməsi başa çatdırılıb. Şuşa, Kəlbəcər, Füzuli və Cəbrayılda 110/35/10 kV-luq 5 yarımstansiya istismara verilib, həmçinin bu yarımstansiyaların ölkənin ümumi enerji sisteminə qoşulması üçün elektrik verilişi xətləri çəkilib. Paylayıcı şəbəkənin qurulması çərçivəsində Şuşa şəhərində 35/10 kV-luq 4 MVA gücündə “Daşaltı” yarımstansiya­sı tikilərək istismara verilib. Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarında isə 35/10 kV-luq yarımstansiyalarda bərpa işləri aparılıb. Suqovuşan qəsəbəsini elekt­rik enerjisi ilə təmin etmək üçün 35 kV-luq xətt çəkilib və 35/10 kV-luq “Suqovuşan” yarımstansiyası inşa edilərək istismara buraxılıb. Ümumilikdə, işğaldan azad olunmuş ərazilərdə 300 kilometrə yaxın müxtəlif gərginlikli hava və kabel xətləri çəkilib, bərpa edilib, xeyli sayda transformatorlar quraşdırılıb. Həmçinin ötən il 20 meqavat gücündə 4 su elektrik stansiyası inşa edilib. Bunlardan ikisi Suqovuşanda, La­çın rayonunun Güləbird kəndində və Kəlbəcər rayonunda Lev çayı üzərində qurulub.

Qarabağ və Şərqi Zəngəzurun bərpasına başlanan vaxtdan bu ərazilər “Yaşıl enerji zonası” elan edilib. Bu­nun üçün qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşma qarşıya mühüm vəzifə kimi qoyulub. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə bu torpaq­ların enerji təminatında bərpa olunan enerji mənbələrindən maksimum istifadə ediləcəyi, ekoloji təmiz, səmərəli innovativ texnologiyaların tətbiq olunacağı barədə qəti mövqeyini ifadə edib. Bu məqsədlə Yaponiyanın TEPSCO şirkəti cəlb edilməklə “Yaşıl enerji zonası” nın yaradılması üzrə müfəssəl konsepsiya hazırlanıb.

Prezident  İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpası proqramı çərçivəsində burada müasir yol-nəqliyyat infrastrukturunun qurulmasını qarşımızda əsas prioritetlərdən biri kimi müəyyənləşdirib. Prezident İlham Əliyevin göstəriş və tapşırıqları, imzaladığı Fərman və sərəncamlara uyğun olaraq   Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında inşa edilən 13 avtomobil yolunda sürətli işlər gedir. Həmçinin Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi  davam etdirilir.  Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən artıq 3 avtomobil yolunun tikintisi başa çatdırılıb. Tikintisi başa çatdırılan ilk layihələr Tərtər-Suqovuşan-Talış avtomobil yolu (28.5 km, 2 hərəkət zolaqlı), Zəfər yolu (101 km, 2 hərəkət zolaqlı) və Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil (32 km, 2 hərəkət zolaqlı) yoludur.

Azad olunmuş ərazilərdə həyata keçirilən ilk yol-infrastruktur layihəsi Tərtər rayonunun Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən yolların bərpası oldu.

İşğaldan azad edilmiş torpaqlarımızda mədəni-dini irsimizi xalqa yenidən qaytarmaq missiyasında Prezident İlham Əliyevlə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da fəaliyyəti xüsusi vurğulanmalıdır. İndiyə qədər minlərlə  tarixi abidəyə nəfəs verən Heydər Əliyev Fondunun budəfəki layihəsi Qarabağdakı dini irsimizin, məscidlərimizin bərpasına həsr olunub.

Qeyd edək ki, Azərbaycan dövləti bərpa və yenidənqurma işlərini öz daxili imkanları hesabına həyata keçirir. Ölkəmizin yenilənmiş dövlət büdcəsində artırılan xərclər hesabına yaranan ehtiyat vəsaitlərinin yönləndirildiyi istiqamətlər sırasında Böyük Qayıdışın sürətlə reallaşdırılması xüsusi yer tutub. 2021-2022-ci illərdə bu məqsədlə dövlət büdcəsindən 5 milyard manata yaxın vəsait ayrılıb. 2023-cü ilin dövlət büdcəsində isə Qarabağ və Şərqi Zəngəzurun bərpasına 3 milyard manatın ayrılması nəzərdə tutulur.

Göründüyü kimi, Azərbaycanın qısa zaman ərzində işğaldan azad edilmiş ərazilərdə  apardığı bərpa-quruculuq işləri həm keçmiş məcburi köçkünlərin yenidən doğma yurd-yuvalarında məskunlaşmasını, həm də həmin ərazilərin qısa müddətdə sülh və əməkdaşlıq bölgəsinə çevrilməsini şərtləndirir.

Daha çox xəbərlər