Cəmiyyət 

Dünya şeiriyyətinin, fəlsəfi müdrikliyin və bədii kamilliyin “everest”i – Hüseyn Cavid

“HÜSEYN CAVİD – 140”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci il 24 sentyabr tarixində “Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir: Hüseyn Cavid fəlsəfi müdrikliyin və bədii kamilliyin ahəngdar vəhdətini dolğun təcəssüm etdirən yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə işıqlı səhifələr yazmışdır. O, bütün ədəbi fəaliyyəti boyu həqiqəti, insanpərvərliyi və gözəlliyi tərənnüm etmişdir. Şərq poetik fikri zəminində yüksələn və dünya romantizm ənənələrindən uğurla bəhrələnən filosof-şair Azərbaycan poeziyasında fəlsəfi lirikanın dəyərli nümunələrini meydana gətirmişdir. Qüdrətli sənətkar humanist ideallar uğrunda mübarizəyə səsləyən mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələnin təməlini qoymuşdur. Parlaq xarakterlərlə zəngin olub, bir neçə nəslin estetik zövqünü formalaşdıran və ölkəmizdə teatr mədəniyyətinə yeni nailiyyətlər qazandıran bu dramaturgiya milli teatr salnaməsində “Cavid teatrı” kimi özünəməxsus layiqli yer tutur. Cavid irsi Azərbaycan ədəbiyyatının qızıl fonduna həmişəlik daxil olmuşdur.

Dünya poeziyasında, şeiriyyət aləmində Hüseyn Cavid adlı bir zirvə var. Bu elə bir zirvədir ki, o yüksəkliyə ucalmaq elə də asan deyil, hətta mümkünsüzdür. Doğrudur, nəsr sahəsində Viktor Hüqo, Cek London, Lev Tolostoy kimi dühalar olsa da, poeziya zirvəsində Hüseyn Cavid yalnız və təkdir. “Mən fəqət hüsni-Xuda şairiyəm, yerə enməm də səma şairiyəm”,-dedikdə də dahi sənətkar yüksəldiyi ucalığı ifadə edərək nə qədər geniş baxışlı, geniş düşüncəli olduğunu əks etdirmiş olur. “Həzz etmədim firqədən, cəmiyyətdən, zövq almam hərbdən, siyasətdən, bir şey duymam fəlsəfədən, hikmətdən, mənim tanrım gözəllikdir, sevgidir”,-söyləyən Hüseyn Cavid dünyada sevginin, gözəlliyin bərqərar olmasını arzulamış, bu istiqamətdə fəaliyyət göstərmişdir.

Hüseyn Cavidi şeiriyyət aləminin ən uca zirvəsinə yüksəldən əsas səbəb onun millətindən, dinindən asılı olmayaraq, insanlığa xidmət etməsi, bəşər övladını sevməsi və insani dəyərlər nöqtəsindən çıxış etməsi idi. Dahi şairin “Qız məktəbi” şeirində “Sənin ən çox sevdiklərin kimdir?” sualına lirik qəhrəmanın dilindən verdiyi cavabda onun həyat qayəsi öz əksini açıq-aydın büruzə verir, Cavidin yer üzündəki bütün insanlara, insanlığa baxışı əks olunur, onun humanist ideyalara dəyər verməsi təsdiqini tapır:

Ən çox sevdiyim ilkin o Allah ki, yeri-göyü, insanları xəlq eylər!
– Sonra kimlər?
– Sonra onun göndərdiyi elçilər!
– Başqa sevdiklərin yoxmu?
– Kimdir onlar?
– Anam, babam, müəlliməm. Bir də bütün insanlar!..

Cavid yer üzündəki bütün xalqların xoşbəxt gələcəyi haqqında düşünür, bunun üçün də insanlığın qardaşca, sülh içində yaşamasının zərurliyini bildirir, onları sülhə dəvət edir, müharibələrdən, dava-dalaşlardan çəkinməyə çağırırdı. Çünki ölməz sənətkar yer üzündək bütün fəlakətlərin, insanlığa qənim kəsilmiş qırğınların, soyqırımların kökündə müharibələrin danaydığını bilirdi. Elə buna görə də şair insanları sülhə, barışığa səsləyir, dünyada sülhü bərqərar edəni, müharibələrə son qoyanın yer üzünü qurtaran dahi adlandırırdı:

Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur yer üzünü!

Cavd şeiriyyətinin, ümumiyyətlə, dünya poeziyasının şah əsərlərindən olan “İblis” əsərində də o, bəşəri ideallar çərçivəsindən çıxış edir, müharibə və onun yaratdığı faciələrə toxunaraq insanları şərə, iblisə uymamağa çağırırdı. Dahi Cavid bu əsərində xain, yaramaz, şər xislətli adamları iblis səviyyəsində görür, bir növ, bu xarakterli insanların bəşəriyyəti uçuruma sürüklədiyi qənaətini ifadə edirdi: “İblis nədir? Cümlə xəyanətlərə bais! Ya hər kəsə xain olan insan nədir? -İblis!”.

Şairin geniş dünyagörüşünün, dərin fikir aləminin, bədii təxəyyülünün qələmə yansımasından ortaya çıxan hər bir söz, kəlmə poetik zirvəyə yüksəlir, könülləri fəth edir. O, bir çox əsərlərində insanlığa müraciət edərək onu bir olmağa – qardaşlığa  səsləyir, əks təqdirdə isə cahanda ixtişaşlar olacaq, dirilik yox, məhrumiyyətlər meydanda cövlan edəcək:

Səni qurtararsa, qurtarar birlik,
Çünki birlikdədir fəqət dirilik.
İdeal arxasınca qoş, çırpın.
İdealsız nicat ümidi mahal,
İttihad iştə ən böyük ideal!
İştə birlik, dildə, fikirdə birlik!
İş, fikir, dil birliyi olmayınca,

Əvət pək çətindir cahanda dirilik!

Dahi Cavidə nəzər yetərəkən onun bənzərsiz yaradıcılığında insanları haqqa, ədalətə çağırış motivinin də nə qədər böyük yer tutduğunu görürük. Şair insanlara üz tutaraq onları uçuruma sürükləyən nəfsi istəklərdən uzaq durmağa səsləyir, haqq üçün mübarizə yolunda isə lazım gələrsə, canı qurban verməyi vacib sayırdı. Onun “Azər” poemasında yer almış bu fikirlərdə yuxarıda deyilənlər bir daha öz təsdiqini tapır:

Nəfsinə xor baqan bir qəhrəman ol,

Haqq üçün başından keçən insan ol!

Xayır, xudkam olub sapma dar yola,

Həp el için ağla, el için sızla…

Bir eyilik yapsan issız yurduna,

Səadət pərisi gülümsər sana…

Bəxtiyarsın, əgər çəkdiyin əmək

Cihan sərgisinə versə bir çiçək.

Bəli, Hüseyn Cavid yaradıcılığı əsas etibarı ilə insanlığa xidmət edir. Onun düşüncəsindən qələminin mürəkkəbinə süzülən dərin fəlsəfi və ictimai fikrinin əsas qayəsini bütün insanlığın xoşbəxtliyi, onların bir yerdə sülh içində yaşaması və müharibələrə, dağıdıcı savaşlara bir ağızdan “yox” deməsi dayanır. Elə buna görə də Hüseyn Cavidi yalnız xalqımıza məxsus ədib, söz sənətkarı kimi qiymətləndirmək düzgün olmazdı, o Azərbaycanın fövqündə duran, bütün dünyaya, insanlığa xitab edən dünya miqyaslı dahi şəxsiyyətdir.

Anar Qasımov,
Naxçıvan MR, “Yeni həyat” qəzetinin Məsul katibi

Daha çox xəbərlər