Cəmiyyət 

Buna da Şükür… – ANIM

Bu gün Qubadlının işğaldan azad edildiyi gündür.

Amma o, bu günü görmədi. Cəmi 2 gün əvvəl, yəni oktyabrın 23-ü doğulub boya-başa çatdığı, 27 il həsrət qaldığı Qubadlı uğrunda döyüşlərdə əbədiyyətə ucaldı.

Onun adını tələbəlik illərində eşitmişdim. Dostumun tabor komandiri olmuşdu. Həmişə tərifləyirdi. Hərbi hissəyə gedəndə ani üz-üzə gəlmişdik. Üzündə zəhmlə səmimiyyət Arazla Kür qovuşan kimi qovuşurdu…

2016-cı ilin aprel döyüşlərində isə onu bütün Azərbaycan tanıdı. Lələtəpə fatehi kimi… Düşmənin “keçilməz” adlandırdığı “Ohanyan səddi”nin tikanlı məftillərini əsgərləri ayağındakı botlara dolayaraq cəmi 25 dəqiqəyə yarmışdı.

Hələ sağlığında haqqında sənədli film də çəkilmişdi. Onun və əsgərlərinin rəşadətindən bəhs edən “Aprel yüksəkliyi” filmi…

4 günlük Aprel savaşından sonra Ali Baş Komandanın əmri ilə ona Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdi.

Bəli, düz tapdınız, söhbət Azərbaycanın Milli Qəhrəmanı, “Zəfər” ordenli şəhid polkovnik Şükür Həmidovdan gedir.

Onunla sonuncu görüşümüz 2019-cu ilin 26 fevralına təsadüf etmişdi. Xocalı soyqırımının 27-ci ilində ilk və son dəfə müsahibə eləmişdim.

Cəbhədə yox, Bakının mərkəzində görüşdük. “Aprel yüksəkliyi”nin təqdimatı idi. “Nizami” Kino Mərkəzinin qarşısında qucaqlaşdıq.

Hal-əhval tutduqdan sonra aprel döyüşləri ilə bağlı bəzi detalları bizimlə bölüşdü. Artilleriyamızın necə işlədiyini, Lələtəpəyə ermənilərin təkrar hücumlarının necə qarşısını aldığını… Bir epizodu isə fərəhlə və vurğu ilə dilə gətirmişdi:

– Əks-hücum o qədər sürətli idi ki, düşmən içi güllə ilə dolu silahını atıb qaçırdı. Pərən-pərən düşmüşdülər. O gün bir daha anladım ki, mən hansı əsgərlərin komandiriyəm.

Tez-tez telefona baxırdı. On beş dəqiqəlik müsahibədə bəlkədə on beş dəfə telefonu əlinə alıb qurdaladı. Axırda səbri çatmadı. Dedi, bir dəqiqə üzrlü say, ürəyim əsgərlərimin yanındadı. Zəng elədi. Telefonun o başındakı deyəsən, qərargah rəisi idi. Hər şeyin qaydasında olduğunu biləndən sonra Şükür Həmidov da sakitləşdi.

Təqdimat bitəndən sonra dərhal yanındakı dostundan taksi çağırmağı, təcili Füzuliyə doğru hərəkət etməli olduğunu söylədi.

Görüşdük, sağollaşdıq… Gülə-gülə qayıtdı ki, sən peşəkar oğlansan, amma yenə də artıq-əskik, adıma söz gələsi heç nə yazma… Gülüşdük…

Onun şəhid olduğunu eşidəndə özüm də ön xəttə yaxın ərazilərdə idim. Bədənim keyimişdi. Amma həmin günün qələbə xəbərlərini eşitdikdən sonra bədənimin keyi azalmışdı.

Polkovnikin şəhadətə ucalmasından 11 ay sonra atası Nəriman kişi ilə Fəxri Xiyabanda üz-üzə gəldik. Elə polkovnik Həmidovun məzarı başında… Dedi ki, sonuncu dəfə 19 oktyabrda zəng elədi. Söylədi ki, sabah bəlkə siz tərəfə getdik. Qubadlını deyirdi.

Qayıtdım ki, bizim kəndə çatanda Novlu bulaqdan su içərsən. Dedi ki, hələ tezdir. Getdi, Qubadlı torpağını qucaqladı, amma həmin bulaqdan su içə bilmədi:

“26 sentyabrda kiçik oğlum zəng etdi Şükürə. Dedi ki, bir azdan zəng edəcəm. Belə edən deyildi. Soruşdum ki, Şükür, bayaq harada idin, qayıtdı ki, hava alırdım. Sonradan, ayın 27-i bildim ki, Şükür harada hava alırmış. Hələ də Qubadlıya getməmişəm. Gedib qucaqlamaq istəyirəm o torpaqları”.

İndi Qubadlı azaddır, Şükürün şəhadət, Qubadlının azadlıq şərbəti içməsinin 2 ili tamam olur. Qubadlının azad edilməsindən cəmi 2 gün öncə elə onun uğrunda canından keçdi cənab polkovnik!

Şəhid polkovnikin Apreldən sonrakı sonuncu “Oktyabr yüksəkliyi” və sənin azadlığın mübarək, Nəbilər, Həcərlər, Əliyarlar yurdu!

Buna da Şükür, ona da Şükür, Qubadlı!..

Daha çox xəbərlər