Gündəm 

Ərzaq təhlükəsizliyi: Hədəflər bəllidir

Dünyada ərzaq çatışmazlığı ilə bağlı böhranlı durum getdikcə dərinləşir. Bunun mənfi təsirləri postsovet məkanından da yan keçməyəcək. Belə ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatına əsasən 2022-2023-cü illər ərzində postsovet məkanında ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyət gərgin olacaq. Təşkilatın hesablamalarına görə, bütün dünyada 3,1 milyard insanın yaxşı qidalanmaq imkanı yoxdur, daha 828 milyon nəfər aclıqdan əziyyət çəkir. Bununla yanaşı, hər il təqribən 1 milyard ton qida tullantısı zibil qutularına atılır. Ərzaq məhsullarının itkisinin və korlanmasının payına dünyada parnik qazlarının tullantılarının ümumi həcminin təxminən 10 faizi düşür. Bundan başqa, Rusiya-Ukrayna müharibəsi, tədarük zəncirində qırılmalar vəziyyəti daha da ağırlaşdırır. Bu vəziyyətdə planetin daim artan əhalisinin tələbatını ödəmək üçün daha çox ərzaq istehsal etmək, eyni zamanda, ərzaqların itkisi və korlanmasının dayanıqlı şəkildə azaldılmasına nail olmaq lazımdır. Əks halda, dünyada ərzaq böhranı qaçılmaz ola bilər.

Azərbaycan Qlobal Ərzaq Təhlükəsizliyi İndeksi üzrə hesabata əsasən, ardıcıl olaraq mövqeyini yaxşılaşdıran ölkələrin siyahısında yer alır. Ölkəmizdə görülən kompleks tədbirlər nəticəsində ərzaq təhlükəsizliyinin təmini sahəsində ciddi nailiyyətlər əldə edilib. Bir çox ölkələr COVID-19 pandemiyası zamanı və son bir neçə ayda Rusiya-Ukrayna müharibəsi nəticəsində əhalisini ərzaqla təmin etməkdə problemlə üzləşsə də, Azərbaycan əhalisi üçün vəziyyət belə olmadı. Bu istiqamətdə vaxtında görülən tədbirlər bu gün öz nəticələrini verir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərmanı da xüsusi qeyd olunmalıdır. Bu Fərman ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsini və ərzaq təhlükəsizliyinin gücləndirilməsini hədəfləyir.

Ümumiyyətlə, ölkənin ərzaq təhlükəsizliyi ölkənin milli təhlükəsizliyinin təmin edilməsinin əsas istiqamətlərindən biri, onun dövlətçiliyinin və suverenliyinin qorunması amili, demoqrafik siyasətin mühüm tərkib hissəsidir. Bu, Azərbaycan vətəndaşlarının həyat keyfiyyətinin yaxşılaşdırılması üçün mühüm rol oynayır. Eyni zamanda, regionlarda artan ərzaq istehsalı bir sıra məhsullar üzrə Azərbaycanın daxili tələbatını ödəməklə yanaşı, ixrac üçün də əlavə imkanlar yaradır. Yeri gəlmişkən qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın ümumi ixracı 29,5 milyard dollar, qeyri-neft sektoru üzrə ixrac 2,1 milyard dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz çox olub. Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 591,5 milyon dolla təşkil edib. Yanvar-sentyabr ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92,9 faizidir. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı əlavə dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz artıb. Aqrar və aqrar sənaye məhsulları daha çox regionlarda istehsal edilib. İşğaldan azad edilmiş ərazilərin ümumi iqtisadiyyata inteqrasiya edilməsi bu sahədə ölkəmizə əlavə üstünlüklər qazandırır. Belə ki, mütəxəssislərin fikrincə, ölkəmizdə kənd təsərrüfatında məhsul istehsalının artmasına yönələn tədbirlərin həyata keçirilməsi qarşıdakı illərdə ərzaq təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək. Qarabağda və Şərqi Zəngəzurda işğaldan azad edilən torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ərzaq təhlükəsizliyimizin təmin edilməsinə böyük töhfə verəcək və özünütəminetmə səviyyəsini də yaxşılaşdıracaq. Ölkəmizdə kartof, meyvə, tərəvəz və s. kimi bir sıra ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi yüksəkdir. Ancaq ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsi nisbətən aşağıdır və ərzaqlıq buğda istehsalının artırılması aktuallıq daşıyır. Çünki tarixən xalqımızın istehlakında çörək mühüm yer tutub. Buna görə də ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi üçün mühüm qərarlar qəbul olunub. 2023-cü ildən başlayaraq 5 il müddətində ərzaqlıq buğdaya məhsul subsidiyası tətbiq ediləcək. Artıq Azərbaycan Prezidenti bu istiqamətdə yeni hədəfləri də müəyyənləşdirib və belə ki, 3-4 il ərzində ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin 80 faizə çatdırılması istiqamətində iş aparılması nəzərdə tutulur.

Daxili bazarda strateji mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görmək üçün 2021-ci ildə Dövlət Ehtiyatları Agentliyi yardıldı. Dövlət Taxıl Fondu bu Agentliyin sərəncamına verildi. Hazırda ölkəmizin buğda ehtiyatının dayanıqlığı üzərində iş aparılır. Digər tərəfdən bu il işğaldan azad olunan ərazilərdə 50 min hektarda taxıl əkilib. Növbəti illərdə 100 min hektarın əkin dövriyyəsinə cəlbi planlaşdırılır. Qarabağda və Şərqi Zəngəzurda bitkiçiliklə yanaşı heyvandarlıq da inkişaf etdirilir. Bu isə o deməkdir ki, qarşıdakı illərdə işğaldan azad olunan ərazilərin də hesabına Azərbaycanın ərzaq təhlükəsizliyi daha da güclənəcək.

Daha çox xəbərlər