Cəmiyyət 

Bölünən Arazın birləşmək niyyəti gerçəkləşir

İslami dəyərlərə saxta etiqadını əməlləri ilə sübut edən İran seçim qarşısındadır: Erməni təəssübkeşliyi, yoxsa xalqın həllini gözləyən tələblərini yerinə yetirmək?!

İranın yüksək səviyyəli rəsmilərinin Ermənistana və yaxud «yanların» soy adları «zadələr»lə bitənlərlə ələ-ələ tutuşaraq səmimi görüşlərini xatırlayanda gözlərimin qarşısında önünə uşaq vaxtından yaddaşımda qalan bir mənzərə canlanır. Qohum-əqraba arasında ən yaşlı Xədicə nənəni hamımız «əmmə» deyə çağırardıq. Əvvəllər bu sözün haradan qaynaqlandığını bilməsək də dilimizin əzbəri olmuşdu. Müstəqillik qazandıqdan sonra qardaş Türkiyə ilə əlaqələrimizin genişlənməsi sayəsində bu sözün türklərin « emmi» ifadəsi ilə eynilik təşkil etdiyini bildik. Həmin «əmmə»nin hərbi xidmətdən qayıdan oğlu özü ilə bir rus qızı gətirmişdi. Savadı olmasa da İslamın qaydalarına, adət-ənənələrinə əməl edən imanlı, ağzı dualı yaşlı qadın gəlini ilə çadrasını əlinə örtərək görüşər, istifadə etdiyi mətbəx əşyalarını ayırardı. Düzdür, bu əməllər bəlkə də başqalarına qəribə görünərdi. Elə bilirəm ki, bu gün İranın rəsmi şəxslərinin ermənilərlə bir yerdə oturub- durmaları ilə müqayisədə İslamı dəyərlərə qəlbinin, ürəyinin hökmü ilə inanan yaşlı qadının müsəlmançılığı fars rejimin mənsublarından daha inandırıcı idi. Yəni, «əmmə»yə haqq qazandırmaq daha düzgün seçim olardı. İslama inam, əqidəsində möhkəm olmağa daha bir misal. İbrahim Peyğəmbər odda yandırıldığı zaman bir qarışqa gücü çatan qədər su gətirib atəşi söndürməyə çalışır. Ətrafdakılar onun bu hərəkətinə qəribə baxırlar. Qarışqa deyir ki, bilirəm, mənim gətirdiyim su heç nəyə yarayan deyil. Amma ən azından mövqeyimi (səfimi) bildirdim.

Artıq tarixin arxivinə göndərilən «Dağlıq Qarabağ münaqişəsi» başlandığı gündən səfini Ermənistana yardımları ilə bildirən molla rejimi terrorçu erməniləri silahlandırmaqla qətlə yetirilən azərbaycanlı hərbçilərin, mülki şəxslərin, uşaqların ölümünə fərman verirdi. Sözdə guya Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də lazımi məqamlarda Ermənistana hər cür dəstək göstərirdi. Öz əməllərinə, işğalçılıq siyasətlərinə görə blokadada qalan Ermənistanı yanacaqla, ərzaqla, tikinti materialları ilə təmin edirdi. Suriya- İran- Ermənistan birliyi nəticəsində formalaşan silahlı dəstələrin Azərbaycanda törətdikləri terrorlar nəticəsində minlərlə soydaşımız amansızcasına qətlə yetirilib. 44 gün davam edən Vətən müharibəsində işğaldan azad edilən ərazilərimizdəki acınaqlı mənzərənin yaranmasında, təbii sərvətlərimizin vəhşicəsinə talan edilməsində də qriqorian kilsələrində müsəlmanlara qarşı soyqırımların hazırlandığı Ermənistanla İranın qardaşlığı əsas faktor kimi təsdiqlənir. İşğal altında qalan Azərbaycan torpaqlarını “dədə malı” kimi soyub-soymalayan fars rejiminin təmsilçiləri dildə qardaş adlandırdıqları müsəlmanların evlərini dağıdıb, ocaqlarını söndürmüşlər. Ermənilərin dağıtdıqları dini abidələr, məscidlər isə nədənsə molla rejiminin «gözündən yayınıb.»

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlardan, ölkəmizin bölgədə dəstəklənən diplomatik uğurlarından təşvişə düşən fars rejimi mənfur niyyətini artıq gizlətmir. 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanatda yer alan Zəngəzur dəhlizinin bərpası ilə bağlı razılaşmalardan ilanın ala çatıdan qorxduğu kimi hürkən İran çox narahatdır. Səbəbi də ötən əsrdə Rusiya imperiyasının fars rejimi ilə birlikdə imzaladıqları Gülüstan və Türkmənçay müqavilələri nəticəsində ayrı düşmüş cənublu, şimallı qardaşların illərdən bəri çəkilən həsrətinə son qoyulması vaxtının çatmasıdır. Yuxusu ərşə çəkilən, Vətən müharibəsindən sonra belə müsəlmana yaraşmayan əməlləri diqqətçəkən, Azərbaycana hədələr yağdırmaqdan belə çəkinməyən İran hakimiyyəti nəyəsə nail olacağını düşünürsə səhv edir. Despotizmin hökm sürdüyü, demokratik dəyərlərin tapdalandığı bu ölkədə baş verən son hadisələr molla rejiminin süqutunu yaxınlaşdırır. Tehranda, Təbrizdə başlanan aksiyaların davam etməsi fars rejiminin 30 milyondan artıq azərbaycanlıları birləşmək niyyətlərinin qarşısını ala bilməyəcəyini göstərir.

Ermənistana dəstək göstərən İrana bəzi məqamları xatırladaq. Bir neçə il öncə İrana tətbiq etdiyi siyasi, iqtisadi blokadanı gücləndirən ABŞ-ın rəhbərlərinə cavab olaraq Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, Azərbaycan öz ərazisindən qonşu ölkələrə hər hansı müdaxiləyə yol verməyəcək. Amma bu gün fars üsul-idarəsi Qafanda konsulluq açmaqla guya işğalçı dövlətə yardımlarını beynəlxalq səviyyədə rəsmiləşdirmək istəyir. Amma artıq, «dünya mənim» kimi sərsəm ideyaların vaxtı ötüb. Bu gün haqqı, ədaləti, həmrəyliyi dəstəkləyənlərin birləşdiyi dünyada şovinistlərə, terroru dəstəkləyənlərə yer yoxdur. O cümlədən də İran kimi Ermənistana da bütün qapılar bağlıdır. Çünki yüz illərdir azərbaycanlıları əsarətdə saxlayan İran insan hüquqlarının daha çox pozulduğu, beynəlxalq hüquq normalarını, sivil qaydaları tanımayan bir rejimlə idarə olunur.

İranda yaşayan azərbaycanlıların illərdən bəri ana dilində məktəblərinin açılmasına, mətbu orqanlarının çıxarılmasına icazə verməyən yerli hakimiyyətin dəstəyi ilə ölkədə ermənilərin yaratdıqları 50-yə yaxın qeyri-hökumət təşkilatları, dərnəkləri fəaliyyət göstərir. Ermənilərin toplum halda yaşadıqları məhəllələrdə onlar üçün şərait yüksək səviyyədə şərait yaradılıb. Erməni uşaqları məktəblərdə öz dillərində təhsil alırlar. Erməni dilində qəzetlər, jurnallar çap olunur. Yüksək vəzifələrdə çalışan, parlamentdə təmsil olunan ermənilərin sayı azərbaycanlılardan qat-qat çoxdur.

Bölgədə yaranan yeni reallıqlara da erməni-fars mövqeyi, birliyi baxımından yanaşan hər iki dövlətin Zəngəzur qarınağrısının səbəbləri bəllidir. Din adı altında gizlənərək ölkəmizdə törədilən təxribatların İranın təlimatlandırdığı dəstələr tərəfindən həyata keçirildiyi də gizli deyil. Ötən illərdə Azərbaycanda siyasi sabitliyin pozulması üçün fars rejiminin Nardaranda apardığı təbliğatı heç kim unutmur. İki qardaşı ayıran Araz çayı vasitəsi ilə narkotik maddələrin dövriyyəsinə şərait yaradan İran gömrükçülərinin məqsədi azərbaycanlı gənclərin gələcəyini məhv etməkdir. Amma, “ağayilər”, artıq bütün bunlara son qoyulmasının vaxtıdır! Necə deyərlər, dişə-diş, gözə-gözə!

Bu günlərdə Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak etmək üçün Azərbaycana gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Cəbrayılda mətbuata birgə bəyanatla çıxış edən Prezident İlham Əliyev iki qardaş ölkənin müttəfiqliyinə, bu birliyə özlərinin məhvi kimi baxanlara reallıqlarla barışmağı tövsiyə etdi: «Keçən il biz Şuşada Şuşa Bəyannaməsini imzaladıq və Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu. Bütün sahələrdə müttəfiq oldu və bu, həm xalqlarımıza ciddi gözaydınlığıdır, eyni zamanda, bölgəyə və dünyaya ciddi mesajdır. Çünki Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır.»

Bu birliyi qısqananlara mesajını «Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam edirdi. Bu, bizə əlavə güc verirdi, bu, bəzi qüvvələrin bu məsələyə müdaxiləsinin qabağını alırdı. Türkiyə-Azərbaycan birliyi bir daha zəfər çaldı. Bu gün biz bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük» sözləri ilə çatdıran Rəcəb Tayyib Ərdoğan Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcəyini bildirdi: «Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq mənə görə reallıqdan uzaqdır. Yəni, artıq bütün Qarabağla bağlı atılan bu addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur. Azərbaycan əmin addımlarla yoluna davam edir. Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb, Orta Dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək.» Bu qətiyyət göstərir ki, əsas hədəfi regionda, dünyada davamlı sülhün, firavanlığın və sabitliyin təminatı olan Azərbaycan istəyinə çatacaq. Ölkəmiz bu siyasətində qətiyyətli və iradəlidir. Tarixi hadisələr də göstərir ki, sülhün uduzanı olmaz.

Artıq cənublu, şimallı qardaşlar Arazın nisgilinin ifadə olunduğu şeiri başqa cür oxuyurlar:

Arazı ayırmaq olmaz!
Lil ilə doyurmaq olmaz!
İllərin həsrətlilərini,
Bir daha ayırmaq olmaz!

Daha çox xəbərlər