Müzəffər Lider: Tarixi Zəfərin müəllifi
Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı bundan sonra da möhtəşəm uğurlar gözləyir
8 Noyabr-Zəfər Gününü tariximizə qızıl hərflərlə yazan möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu, cəsarət simvolu olan rəşadətli Azərbaycan əsgəridir. Bu tarixi tarix edən Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə ucalmış igid övladlarımızdır, sağlamlığını fəda etmiş qazilərimizdir. Bu tarix xalqımızın birlik, bütövlük və vəhdət salnaməsidir. 44 günlük Vətən müharibəsi yalnız silahla deyil, elə tariximizin özü ilə silahlandığımız mərdlik salnaməmizdir.
Vətən müharibəsində qazandığımız tarix Zəfərimizin ikinci öldönümünü qeyd etdiyimiz bu günlərdə iki il əvvəl yaşananların, şanlı Qələbəmizə gedən yolun ayrı-ayrı məqamlarını təhlil edir, nəzərdən keçiririk.
Əvvəla ondan başlayaq ki, 44 günlük müharibədə əldə olunan Zəfərə addım-addım, bir neçə mərhələdən keçərək yaxınlaşdıq. 2016-cı ilin Aprel döyüşləri həm mənəvi, həm də strateji nöqteyi-nəzərdən bizim çox böyük qələbəmiz idi. Aprel döyüşlərində düşmənin yaratdığı “məğlubedilməz ordu” mifi darmadağın edildi. Həmin döyüşlər nəticəsində azad etdiyimiz yüksəkliklər İkinci Qarabağ müharibəsində ordumuzun uğurlu əməliyyatlar həyata keçirməsi üçün əlverişli imkanlar yaratdı. Aprel döyüşlərindən iki il sonra Naxçıvanda “Günnüt” əməliyyatı keçirildi, strateji yüksəkliklər nəzarətə götürüldü. Ermənistan ordumuzun bu lokal uğurlarından dərs almadı və ərazilərimizi işğal altında saxlamaqda davam etdi.
Sonrakı mərhələdə cərəyan edən proseslər, o cümlədən 2020-ci ilin yayında Ermənistanın dövlət sərhədinin Tovuz istiqamətində növbəti təxribatlara əl atması göstərirdi ki, düşmən ölkə təzə müharibəyə başlamaq və yeni ərazilər ələ keçirmək istəyir. Nəhayət, 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlaması zərurətə çevrildi. Düşmən cəzalandırılmalı idi və Azərbaycan Ordusu bunu layiqincə etdi. Silahlı Qüvvələrimiz Vətən müharibəsində misilsiz şücaətlər göstərərək 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında geri qaytardı. Alınmaz qala sayılan Şuşanın, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Hadrutun, Xocavəndin geri qaytarılması uğrunda gedən döyüşlərdə igid əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıqlar göstərdilər. Düşmən ordusu cəmi 44 gün ərzində bütün döyüş qabiliyyətini itirdi və noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan Üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Həmin sənəddə qalib Azərbaycanın diktəsi ilə yer alan müddəalara əsasən düşmən ölkə üzərinə bir sıra öhdəliklər götürdü və Ağdam, Kəlbəcər, Laçın rayonlarını döyüşsüz respublikamıza təhvil verdi. Beləliklə də, keçmiş Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yolla həllini tapdı.Keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquq işləmədi. Göründüyü kimi, Azərbaycan ərazi bütövlüyünü öz gücünə bərpa etdi.Tarixi Zəfərlə respublikamız həm də pozulmuş beynəlxalq hüququn bərpasını təmin etdi.
Azərbaycan ərazi bütövlüyünü beynəlxalq birlikdən kömək almadan sırf öz gücünə təmin etdi. Bu qələbənin əsas memarı isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. O, qətiyyətli səylər göstərərək keçmiş Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın gündəliyinin mərkəzində saxladı. Yenə də Minsk qrupundan, xaricdəki ayrı-ayrı güc mərkəzlərindən təzyiqlər göstərilir, Azərbaycandan güzəştlər istənilirdi. Prezident İlham Əliyev isə belə təzyiqlər qarşısında əsla geri çəkilmədi və ölkənin milli maraqlarını bütün müstəvilərdə özünəməxsus diplomatik məharətlə müdafiə etdi.
Prezident İlham Əliyev xalqına üz tutaraq bildirirdi ki, ölkənin ərazi bütövlüyü istənilən yolla təmin olunacaq və olundu da.
Prezident İlham Əliyev böyük Qələbəmizin memarıdır. O, bu zəfərə doğru aramla, addım-addım irəliləmiş tarixi şəxsiyyətdir. Azərbaycanı güclü edən, milli mənliyini özünə qaytaran şəxsiyyət! Cənab Prezident bütün nüfuzlu beynəlxalq platformalarda yorulmadan, usanmadan Qarabağın azad edilməsi uğrunda haqq davası apardı. Nəinki apardı, elə xalqa da mübarizə əzmini aşıladı. Bəli, 30 ilə yaxın müddətdə Azərbaycanda bir nəsil yetişdi. Elə bir nəsil ki, Qarabağı görməmişdi, onun buz bulaqlarından su içməmişdi, havasını udmamışdı. Ancaq bu nəslin Qarabağ köklənişi qəhrəmanlıq dastanına döndü. Dövlət başçımızın adının şanlı tariximizə əbədi yazılmasını şərtləndirən ən mühüm amillərdən biri də məhz budur. Prezident İlham Əliyev nəsillərin vəhdətini yaratmış liderdir.
Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 19 il ərzində elə məqsədyönlü siyasət apardı ki, ölkəmizin düşmən dövlət üzərində mütləq üstünlüyü təmin olundu. Dövlət başçımız bir tərəfdən sülh danışıqlarında fəallıq göstərirdi. Bu, xalqımızın xoş məramının, ölkəmizin sülhə verdiyi önəmin ifadəsi idi. Müharibə qan-qada, dağıntılar demək idi. AzərbaycanPrezidenti bunu əsla istəmirdi və çalışırdı ki, münaqişənin həllinə danışıqlar yolu il nail olunsun.
Digər tərəfdən isə Prezident İlham Əliyev ölkənin iqtisadiyyatının gücləndirilməsi, maliyyə imkanlarının artırılması qayğısına qalırdı. O əsaslandırırdı ki, güclü iqtisadiyyat yaradılmadan ordunu müasirləşdirmək, lazım gəldikdə ölkənin ərazi bütövlüyünü öz gücünə təmin etmək mümkün olmayacaq. Məhz möhkəm, yüksək rəqabətqabiliyyətli iqtisadiyyat qurmaqla Azərbaycan nisbətən qısa zaman kəsiyində güclü ordu formalaşdırmağa nail oldu. Bunun nəticəsidir ki, 44 gün ərzində Silahlı Qüvvələrimiz bütün döyüş əməliyyatlarını uğurla tamamladılar və daim irəli getdilər.
Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatiya və informasiya cəbhəsində də misilsiz rəşadət göstərmiş, müharibənin gedişində və müharibədən sonra 30-a qədər aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Həmin müsahibələrdə dövlət başçımız, sözün əsl mənasında, master-klass keçirdi. Yada salaq ki, müharibə başlananda beynəlxalq ictimaiyyətdən, erməni lobbi və diaspor təşkilatlarından ölkəmizə münasibətdə fərqli yanaşmalar var idi. Öz haqq işi üçün mübarizə aparan xalqı az qala təcavüzkar olaraq göstərmək kimi mənfur meyillər meydan
sulamağa başlamışdı. Cənab İlham Əliyev sayı otuzdan artıq olan müsahibələri ilə məhz belə meyillərin qarşısına sədd çəkdi. İmkan vermədi ki, onlar dünya ictimai rəyinin mövzusuna çevrilsinlər.
Master-klassa gəldikdə isə Prezident İlham Əliyev müharibə müddətində Rusiyanın “Rossiya-1”, “Pervıy”, “RBK” televiziya kanallarına, “Ria Novosti”, “TASS” və “İnterfaks” agentliklərinə, Türkiyənin “TRT Haber”, CNN-Türk, “Haber Global”, “Haber Türk”, NTV, “A Haber”, Fransanın “Sky News”, “France 24” televiziyalarına, “Figaro” qəzetinə, Almaniyanın “ARD” televiziyasına, Yaponiyanın “Nikkei” qəzetinə, ABŞ-ın “Fox News” televiziyasına, İtaliyanın “Rai-1” televiziyasına və “La Repubblica” qəzetinə, İspaniyanın EFE informasiya agentliyinə, habelə dünyada yüz milyonlarla izləyiciləri olan “Əl-Cəzirə”, “Əl-Ərəbiyyə”, “Euronews”, “CNN International”, “BBC News” televiziya kanallarına müsahibələr vermişdi. O, həmin müsahibələrdə əcnəbi jurnalistlərin peşə prinsiplərinə uyğun gəlməyən davranış tərzlərindəki metodları elə onların özlərinə qarşı qarşı açıq demarş xətti götürürdü. Eyni zamanda, hər suala kifayət qədər əhatəli, məzmunlu cavablar verən dövlət başçımız Qarabağ münaqişəsinin tarixi, danışıqlar prosesinin detalları, cəbhədəki durumla bağlı bilgilərini paylaşır, müfəssəl izahları ilə qarşısındakı, şahmat termini ilə desək, mat vəziyyətə salırdı. Bəzi təxribatçı məqamlara ritorik suallarla cavab verməsi isə onu informasiya müharibəsinin əsl sərkərdəsinə çevirirdi.
Prezidentin müsahibələri ilə xaricdəki erməni lobbi və diaspor təşkilatlarının təsiri altında olan beynəlxalq media qurumlarının maharibəyə guya Azərbaycanın başlamasına, savaşın ermənilərin timsalında xristianlara qarşı yönəlməsinə, Türkiyənin Azərbaycana hərbi yardım göstərməsinə, ölkəmiz tərəfdən muzdluların döyüşməsinə, Azərbaycanın Ermənistanla danışıqlar prosesini pozmasına dair iddiaları tutarlı arqumentlərlə faş edirdi. Prezident İlham Əliyev Vətən müharibəsinin informasiya cəbhəsindəki qələbəsilə sübut etdi ki, Azərbaycanın haqqı, haqq sözü qarşısında heç bir məkrli qüvvənin duruş gətirməsi mümkün deyil.
Şanlı Qələbənin qazanılmasında mühüm rol oynayan amillərdən biri də xalqla iqtidar birliyi idi. Çünki Prezident İlham Əliyev xalqına sadəcə çağırışlar etmirdi, sadəcə hansısa şüarları səsləndirmirdi. Prezident demək olar ki, 44 gün ərzində hər gün xarici mətbuata müsahibələr verir, televiziya ildə xalqa müraciətlər edirdi. Bütün bunlar isə xalqla Prezidentin dialoqunu formalaşdırırdı. Dövlət başçısı məqsədlərimizi izah edirdi. Xalq rəhbərinin atdığı addımları görürdü və anlayırdı. Bu dialoqun da qələbənin təmin edilməsində böyük rolu oldu. Bu inamı qazanmaq və xalqına da inam qazandırmaq hər liderə qismət olmur. Xalqımız bu tarixin yaradılmasında ən parlaq sima kimi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevi görür. Şübhəsiz, dövlət başçımızın iti zəkası, geniş dünyagörüşü, siyasi bacarıq və səriştəsi,qətiyyəti, əzmi diplomatik təcrübəsi, həmçinin şəxsi keyfiyyətlərindən irəli gələn prinsipiallığı, 44 günlük savaşda qazandığımız Qələbəni şərtləndirən amillərdir.
Xalq, müxtəlif sosial təbəqələrin nümayəndələri, müxtəlif siyasi düşüncəyə malik insanlar həmrəylik nümayiş etdirdi, milli birlik formalaşdı. Xalq anlayırdı ki, belə bir çətin şəraitdə ölkəmizin bir parçası olan Qarabağı nəyin bahasına olursa -olsun azad etməliyik. Bu birliyin əldə olunmasında da Prezident İlham Əliyevin rolu çox böyükdür. Dövlət başçısının 2003-cü ildən yürütdüyü ardıcıl siyasət, xalqla, cəmiyyətlə hakimiyyət arasındakı dialoq uğurlu nəticəyə yol açdı. Bu nəticə isə Zəfərin qazanılmasına zəmin formalaşdırdı. Bütün bunlar xalqın öz Prezidentinə olan etibarından xəbər verirdi.
Zəfər Gününün ikinci ildönümü qeyd edirik. Bu gün Qarabağ və Şərqi Zəngəzur bərpa-quruculuq dövrünü yaşayır. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələri əsasında yenidən qurulan şəhər və kəndlərimiz Azərbaycanın iqtisadi imkanlarının göstəricisidir. Bütün bu işlər Prezident İlham Əliyevin qurucu Lider olduğunu bir daha nümayiş etdirir.