Gündəm 

Qarabağın “yaşıl enerji”si Avropaya ixrac ediləcək

Ölkəmiz zəngin neft-qaz diyarı olsa da, gələcəyin enerji təminatını alternativ mənbələrdə görür

Son illər dünyada ətraf mühitə zərər vurmayan bərpa olunan enerjidən istifadəyə üstünlük verilir. Bu sahədə Avropa İttifaqı ölkələri daha fəaldır. Düzdür, Almaniya atom enerjisindən tam imtina etmək çağırışı etsə də Fransa bu təklifə hələlik qoşulmaq fikrində deyil. Ancaq müəyyən fikir ayrılıqlarına baxmayaraq, “qoca qitə”də bərpa olunan enerjidən istifadə geniş yayılıb. Bu da səbəbsiz deyil. Son iki əsrdə sənayenin sürətlə inkişafı ətraf mühitin çirklənməsinə səbəb olub. Atmosferin həddindən çox çirklənməsi isə iqlim dəyişikliyinə zəmin yarada, kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə, həmçinin insanların sağlamlığına ciddi zərər vurur. Çıxış yolu kimi alternativ enerjidən istifadə göstərilir. Bu üzdən hər yerdə bərpa olunan enerjidən geniş şəkildə istifadə yolları axtarılır və elmi tədqiqatlar aparılır. Lakin dünyanın tam bərpa olunan enerjiyə keçməsi barədə dəqiq heç nə bəlli deyil. Məlum olan odur ki, bu növ enerjidən istifadə sürətlə yayılır. Hazırda dünyada istehsal olunan enerjinin 15 faizi alternativ və bərpa olunan enerjinin payına düşür. Hətta BP kimi nəhəng neft-qaz istehsalçısı olan transmilli şirkət də bu sahədə fəaliyyət göstərməyə başlayıb.

Azərbaycan da bu prosesdən geri qalmır. Ölkəmiz zəngin neft-qaz diyarı olsa da, gələcəyin enerji təminatını alternativ mənbələrdə görür. Cari il yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti ilə “Xızı-Abşeron” Külək-Elektrik Stansiyasının və martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə “Qaradağ” Günəş-Elektrik Stansiyasının təməlinin qoyulması da ölkəmizdə bərpa olunan enerjiyə keçidlə bağlıdır. Prezident İlham Əliyev ölkəmizin alternativ və bərpa olunan enerjidən istifadəetmə konsepsiyası barədə demişdir: “Dünyanın, demək olar ki, gündəliyinin ön sıralarında olan “Yaşıl gündəliyi” də təsdiq edilib və biz öz növbəmizdə işğaldan azad edilmiş əraziləri – 10 min kvadratkilometr ərazini “yaşıl enerji” zonası elan etmişik. Artıq bir neçə su-elektrik stansiyası inşa edilib, fəaliyyətdədir. Günəş və külək stansiyalarının yaradılması ilə bağlı konkret planlarımız var”.

Bu günlərdə Azərbaycan energetika naziri Pərviz Şahbazov da bu xüsusda maraqlı açıqlamalar verib. O qeyd edir ki, hazırda “yaşıl enerji”nin ənənəvi bazarlarla bərabər Avropaya ixracı üçün nəzərdən keçirilən üç xətdən biri Azərbaycan-Türkiyə-Avropa enerji dəhlizi yeni reallığın perspektivlərindəndir. Onun sözlərinə görə, tarixi və geostrateji əhəmiyyətli Zəngəzur dəhlizinin yaradılması Asiyanı Avropa ilə təkcə nəqliyyat deyil, enerji vasitəsilə də birləşdirmək imkanlarına malikdir: “Elektrik enerjisinin Zəngəzur dəhlizi ilə Naxçıvan Muxtar Respublikasına, oradan Türkiyəyə, sonra isə Avropaya ötürülməsi istiqamətində artıq işlərə başlanıb. Bu aspektdə, “Cəbrayıl” enerji qovşağının yaradılması böyükmiqyaslı energetik və strateji əhəmiyyətli hadisədir”. Nazir vurğulayıb ki, bu gün Azərbaycan kimi etibarlı tərəfdaşlara böyük ehtiyac var: “Mövcud reallıqlar göstərir ki, Azərbaycanla enerji tərəfdaşlığının genişləndirilməsi Avropa ölkələri üçün strateji prioritetlərdən biridir. Ona görə də bu zonanın “yaşıl enerji” potensialı tərəfdaşlarımızın enerji təhlükəsizliyinin təminatında potensial mənbə qismindədir. Eyni zamanda, Azərbaycanın “yaşıl enerji” gündəliyinə, enerji keçidi ilə bağlı planlarına güclü maraq və yüksək siyasi dəstək var. Bu aspektdə, Avropa İttifaqı ilə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu, Avropa İttifaqı ilə enerji dialoqumuzda bərpaolunan enerji ilə yanaşı enerji səmərəliliyi və karbon emissiyalarının azaldılması üzrə əməkdaşlıq da yer alır”.

Onu da qeyd edək ki, Azərbaycanda bərpaolunan enerji mənbələri, xüsusilə dənizdə külək enerjisi üzrə yaradılacaq böyük güclər hesabına istehsal olunacaq elektrik enerjisinin müəyyən hissəsinin Avropaya ixracı nəzərdə tutulub. Ümumiyyətlə, Azərbaycan “yaşıl enerji” sahəsində istehsalı artırmaq, hasil edilən elektrik enerjisinin əhəmiyyətli hissəsini dünya bazarlarına çıxarmaq niyyətindədir. “Yaşıl enerji”nin istehsalının əsas məkanlarından biri işğaldan azad edilmiş ərazilər olacaq. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının xalis sıfır emissiyalı “yaşıl enerji” zonası kimi qurulması 2050-ci ilə karbon emissiyalarının 40 faiz azaldılması hədəflərə doğru aparan yolun əhəmiyyətli hissəsidir. Bu gün bütün səylər bu innovativ təcrübənin geniş tətbiqinə, azad edilmiş əraziləri enerji səmərəliliyində nümunəvi bölgəyə çevirməyə səfərbər olunub.

Hazırda işğaldan azad olunmuş ərazilərdə müasir infrastruktur qurulur, “yaşıl enerji” layihələri tətbiq olunur. Bu fonda BP şirkəti ilə Cəbrayılda illik, təxminən, 500 milyon kilovat-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılan 240 meqavat gücündə “Şəfəq” günəş elektrik stansiyasının inşası üzrə danışıqlar gedir. “Şəfəq” günəş elektrik stansiyası layihəsinin mühəndislik, dizayn və maliyyə məsələlərinin bu ilin sonuna qədər yekunlaşdırılması, stansiyanın 2023-cü ildə inşasına başlanması, 2024-cü ildə isə istismara verilməsi gözlənilir. Bu layihədə elektrik enerjisinin virtual transferini nəzərdə tutan biznes modelinin tətbiqi planlaşdırılır. Sözügedən model elektrik enerjisinin istehsalı və istehlakı üzrə “Şəfəq Layihəsi” və Səngəçal terminalı arasında bütün tərəflər üçün mənfəətli, eyni zamanda, dekarbonizasiyaya töhfə verəcək mexanizmi özündə əks etdirir. Başqa sözlə, Qarabağda istehsal ediləcək “yaşıl enerji” Abşerona ötürüləcək, nəticədə Səngəçalda elektrik enerjisi üçün istifadə edilən təbii qaza qənaət ediləcək.

Daha çox xəbərlər