Azərbaycan tarixi ədaləti bərpa etdi
Qarabağ vətənimizin ayrılmaz parçasıdır. Cənab prezidentimizin də qeyd etdiyi kimi “Milli qürur yerimizdir”. İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinin “Qələbə” kitabının şanlı səhifəsinin Zəfər tarixi günüdür. Azərbaycan 30 ilə yaxın müddətdə ərazisinin 20%-ini işğal edən Ermənistanla danışıqlar apararaq Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll etməyə çalışdı. Danışıqlar heç bir nəticə vermədi. Ermənistan tərəfi sadəcə olaraq vaxt qazanmaq istəyir, status-kvonu möhkəmləndirməyə çalışırdı. Azərbaycan işğalla barışa bilməzdi və barışmadı. Ən əsası Azərbaycan xalqı ötən 30 illik dövr ərzində işğalla barışmadı və ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz əzm göstərdi. Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən, formalaşan vətənpərvər gənclər Vətəni qorumaq üçün hər cür fədakarlığa hazır idi. Gənc nəsil vətənpərvər, milli ruhda böyümüş, Ali Baş Komandanın əmrinə hazır vəziyyət almışdı.
Bildiyimiz kimi, 27 sentyabr 2020-ci il Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə Azərbaycan ordusu cəbhə boyunca əks-hücum əməliyyatlarına başladı. Azərbaycanın hərb tarixində yeni bir şanlı səhifə açıldı. Dünya güc, birlik, Ali Baş Komandanın ətrafında “Dəmir yumruq” kimi birləşən güclü ordu və güclü xalq gördü. Dünyanın siyasi xəritəsində kiçik dövlət olan Azərbaycanın böyük sədası hər tərəfə səs saldı. Mərdlik, dözümlülük göstərən, daim irəli addımlayan bu xalq hərb meydanında düşmənə öz hünərini göstərdi.
Cənab Ali baş Komandan İlham Əliyev qələbə xəbərlərini canlı brifinqlərdən, rəsmi tvitter səhifəsindən müjdələyirdi. O, müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. Bir sıra beynəlxalq təşkilatlar və Azərbaycana dost ölkələr ədalətli mübarizəmizdə ölkəmizə böyük dəstək verdilər. Bu sırada Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, qardaş Türkiyə, eləcə də Pakistan, İsrail, Ukrayna və digər ölkələrin adını çəkmək olar. Qoşulmama Hərəkatına üzv ölkələrin nümayiş etdirdikləri prinsipial mövqe sayəsində Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasında ölkəmizin mənafeyinə zidd olan qətnamə layihəsinin qəbul edilməsinin qarşısı alındı. Bir-bir ardınca azad edilən torpaqlar xalqda sevinc hissləri yaradırdı. 8 noyabr Qarabağın döyünən ürəyi olan Şuşanın azadolunma xəbərini xalqa sayca 7-ci müraciətində, Şəhidlər Xiyabanından çatdıran İlham Əliyev çıxışında “Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! …Bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq…” deyə bildirmişdir. Bəli bu gün həqiqətən də Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Çünki onun siyasi davamçısı olan cənab prezident İlham Əliyev bu işi ləyaqətlə, vicdanla yerinə yetirir. Bu gün hər bir azərbaycanlı başıdik gəzə bilir, qürur hissi keçirir. Torpaqlarımız işğaldan azad olundu. Qarabağa qayıdış başladı.
2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktı- “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı” imzalandı. Həmin bəyanatla Ağdam, Kəlbəcər, Laçın Azərbaycana təhvil verildi. Önəmlisi isə budur ki, biz o torpaqları şəhid vermədən geri aldıq. Bu Cənab prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticəsi idi.
Vətən müharibəsində şanlı qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına qazanılıb. Müharibədə Silahlı Qüvvələrimizin hərbi qulluqçularından 2907 nəfər şəhid olub. Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Sentyabrın 27-si Prezidentin Sərəncamı ilə şəhidlərimizin xatirəsinə Anım Günü elan olunub. Xalqımız və bütün dünya azərbaycanlıları şəhidlərin əziz xatirəsini ehtiramla yad edir.
Beləliklə, Ermənistan hərbi birləşmələrinin işğal etdiyi və 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq ərazisində güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqları 44 gün ərzində azad edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu, Ermənistan-Azərbaycan münaqişəsi tarixə çevrildi.
Vətən müharibəsində qazanılmış Zəfərdən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanılıb. Qələbədən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həmin ərazilərə çoxsaylı səfərləri zamanı yeni infrastruktur obyektlərinin təməli qoyulur, yeni layihələrə start verilir. Böyük qələbənin rəmzi olan və Şuşaya çəkilən Zəfər yolu artıq başa çatmaq üzrədir. Şuşada, Cıdır düzündə 27 ildən sonra ilk Novruz tonqalının alovlandırılması, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin təşkili, Prezident İlham Əliyevin Qarabağın hava qapısı adlandırdığı Füzuli Beynəlxalq Aeroportunun uçuş-eniş zolağının istifadəyə verilməsi, Zəngilanda “ağıllı kənd”in inşasına başlanması keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdacaqları günün uzaqda olmadığını göstərir.İşğaldan azad edilmiş ərazilərdə ən müasir standartlarla bərpa və yenidənqurma işlərinə başlanılıb, Qarabağa həyat qayıdıb. Azərbaycanın Ermənistanla sərhəd xəttinin bərpasına başlanılıb və Zəngəzur dəhlizi də yaxın vaxtlarda açılaraq böyük tarixi hadisəyə çevriləcək.
Çıxışımı cənab prezidentin sözləri ilə bitirmək istəyirəm:”İndi Azərbaycan xalqı görür ki, biz nəyə qadirik. Görür ki, biz müharibədə də, həyatda da qələbə qazanırıq və bizi güclü edən xalqın iradəsidir, xalqın birliyidir. Bu gün quruculuq-abadlıq işlərini apararkən bizi gücləndirən xalqın iradəsi, dəstəyidir”.
Ruslan Nağıyev,
Bakı şəhər 165 №-li tam orta məktəbin direktor müavini, direktor sələhiyyətlərini icra edən

