Siyasət 

Azərbaycan sülhün, əminamanlığın tərəfdarıdı

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın təsis edilməsinin 30 illiyi münasibəti ilə keçirilən toplantıda səsləndirdiyi fikirlər sülhün, təhlükəsizliyin, əminamanlığın təmin edilməsi üçün dünyaya bir çağırış, həm də Azərbaycan xalqının haqq – ədalət uğrunda mübarizəsinə kölgə salan, qara yaxan, yeni müharibələrə can atan Ermənistana və onun havadarlarına yeni mesajdır.

Azərbaycan Prezidenti bir daha dünyaya bəyan etdi ki, biz sülhün, əminamanlığın tərəfdarıyıq və Ulu Öndərimiz Heydər Əliyevin siyasətini uğurla həyata keçirir, vəsiyyətlərinə dönmədən əməl edirik. O, demişdir: “Son 19 ilin hadisələri onu göstərir ki, belə də oldu. Ulu Öndərin bütün tapşırıqları, bütün tövsiyyələri yerinə yetirildi. O, öz siyasi vəsiyyətində demişdir ki, bir çox işlər görüldü, ancaq görə bilmədiyimiz işləri mənim davamçılarım görəcək, belə də oldu”.

Ulu Öndərimiz ən böyük arzusu əlbəttə işğal altında olan torpaqlarımızı azad görmək idi və o buna dəfələrlə əminliyini bildirmişdir. Azərbaycan xalqı, Prezidentimiz bu gün qürurla bildirir və fəxr edir ki, düşmənin başı əzilmişdir, torpaqlarımız bütövdür. Ordumuz, igid əsgər və zabitlərimiz öz güclərini təcavüzkarlara göstərmişlər.

Güclü ordu yaratmaq Heydər Əliyevin başlıca məqsədi və amalı idi. İndi bu ordu yaradılmışdır. İlham Əliyev öz çıxışında qürurla bildirmişdir ki, “Güclü ordu quruculuğu. Bu da Ulu Öndərin bizə olan vəsiyyəti idi. Bu gün Azərbaycan ordusu artıq özünü təsdiqləyib, cəmi 44 gün ərzində düşməni tarixi torpaqlarımızdan qovub, tarixi ədaləti bərpa edib, xalqımızın gücünü bərpa edib və bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin qarantıdır”.

Azərbaycan Prezidenti bununla təcavüzkar Ermənistanı, düşməni dəstəkləyən və dövlətimizi gözdən salmağa, qorxutmağa çalışan Fransaya, İrana, bəzi ölkələrə, işğalçının havadarlarına bildirmək istəyir ki, Azərbaycan ordusu qüvvətlidir, xalq birdir, mübarizdir və biz bütün təsirlərə cavab verməyə, öz haqqımızı, hüququmuzu qorumağa qadirik.

Dövlətimizin rəhbərinin tədbirdə səsləndirdiyi Azərbaycanın inkişafına, gələcəyinə, xalqımızın xoşbəxtçiliyinə və milli maraqlarına xidmət edir. Bu hər birimizin ürəyindəndir və bizi qürurlandırır.

Tahir Rzayev,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Daha çox xəbərlər