Mina vasitəsilə yeni terror siyasəti…
Bu gün sülh müqaviləsindən boyun qaçıran, bütün barış təşəbbüslərini sabotaj edən Ermənistan regionda təhlükəsizliyi təhdid edən ölkə olaraq qalmaqdadır
Məlum olduğu kimi, ermənilər işğaldan azad olunmuş ərazilərimizi plansız şəkildə basdırdıqları minalarla təhlükəli zonaya çeviriblər. Bu da təbii olaraq, həmin yaşayış məntəqələrinə rahat səfər etməyi, burada hər hansı bərpa-quruculuq işlərinin aparılmasını mümkünsüz edir. Darmadağın olan Ermənistan ordusu işğal altında saxladığı ərazilərdən geri çəkilmək məcburiyyətində qalarkən kütləvi şəkildə əlavə minalar da basdırıb. Sonradan məkrli düşmən minalı sahələrin dəqiq xəritəsini Azərbaycan tərəfinə verməyib. Məqsəd mümkün qədər çox sayda insanın həlak olmasına nail olmaq və bu ərazilərə azərbaycanlıların qayıdışını maksimum uzatmaqdır.
“Svobodnaya Pressa”nın yazdığına görə, Ermənistan 2020-ci il üçün hərbi büdcəsinin 50, rəsmi valyuta ehtiyatlarının 15 və ya dövlət büdcəsinin 10 faizini Azərbaycan ərazilərinin minalanmasına xərcləyib. Qeyd olunur ki, 27 kvadrat kilometrlik təmizlənmiş kiçik bir ərazidə tapılan mərmilərin ümumi dəyəri 3 milyon ABŞ dollarına çatır. İstehkamçıların qiymətləndirməsinə görə işlərin artıq aparıldığı və ya gələcəkdə aparılması planlaşdırıldığı ərazilərdə ümumilikdə, təxminən 4,5 milyon mina basdırıla bilər. Mütəxəssislərin hesablamalarına görə, Ermənistan tərəfinin basdırdığı minaların ümumi dəyəri 340 milyon ABŞ dollarına çata bilər. Bütün bunlar işğalçı Ermənistan dövlətinin mahiyyətini, insanlığa və bəşəriyyətə qarşı olan terrorçu xislətini bir daha ortaya qoyur. Təsadüfi deyil ki, Vətən müharibəsinin başa çatmasından indiyə qədər ötən vaxt ərzində ayrı-ayrı şəxslərin öz kənd və şəhərini, vaxtilə yaşadığı evi görmək üçün qeyri-qanuni yollarla, icazəsiz şəkildə işğaldan azad olunmuş ərazilərə səfər etməsi faciələrə səbəb olub.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətinin bu ilin oktyabr ayına olan məlumatına görə, müharibədən sonrakı dövrdə baş verən 156 mina insidentindən 116-sı keçmiş təmas xəttindən kənarda yerləşən ərazilərdə qeydə alınıb. Baş verən mina hadisələrində zərərçəkən 266 nəfərdən 147-si məhz bu ərazilərdə mina partlayışından həlak olub və ya xəsarət alıb. ANAMA tərəfindən aparılan tədqiqat və təmizləmə əməliyyatları zamanı keçmiş təmas xətti və bu ərazilərin ətrafında yerləşən bağlar, meşələr, üzümlüklər, dağıdılmış yaşayış məskənləri, məzarlıqlar, çay kənarları və s. yerlərin ciddi şəkildə minalarla çirkləndirilməsi aşkar edilib. Ağdam rayonunun Yusifcanlı və Qarağacı, Cəbrayılın Cocuq Mərcanlı, Laçın rayonunun Suarası kəndlərində yerləşən məzarlıqların minalanmasına dair dəqiq məlumatlar var. Son məlumatlara görə, sərhəd zonalarında basdırılmış minaların əksəriyyəti Ermənistanda 2021-ci ildə istehsal olunmuş minalardır. Buna misal olaraq Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsinin aşkarlanmasını göstərmək olar. Müdafiə Nazirliyinin məlumatına görə, ərazidə aparılan minatəmizləmə tədbirləri nəticəsində 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə tədbirlərini davam etdirir.
Göründüyü kimi, Ermənistanın postmünaqişə dövründə də müharibə cinayətləri səngimir. Bu səbəbdəndir ki, mina terrorunun qurbanlarının sayı getdikcə artmaqdadır. Prezident İlham Əliyev indiyədək müxtəlif toplantılardakı çıxışlarında Ermənistanın insanlıq əleyhinə yönələn bu cinayəti haqqında dəfələrlə ətraflı danışıb. Dövlət başçısı bildirib ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra ermənilər tərəfindən ən azı 1400 mina basdırılıb və bu, bizə qarşı növbəti cinayətdir, növbəti terror aktıdır. Ermənistanın bu addımları sülhə zərər gətirir. 250-dən çox azərbaycanlı müharibədən sonra ya həlak olub, ya da ki, ağır yaralanıb. Bizə qarşı erməni terroru davam edir və buna son qoyulmalıdır.
Beləliklə, dünyanın gözü önündə baş verən bu terror hadisələri qarşısında beynəlxalq ictimaiyyət yenə də susmağa üstünlük verir. İşğal dövründə olduğu kimi, indi də Ermənistana heç bir təzyiq göstərilmir. Bundan başqa, ərazilərin minalardan təmizlənməsi prosesində ölkəmizə bu sahədə təcrübəsi olan beynəlxalq qurumlardan da lazımi dəstək gəlmir. Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi işində haqlı olaraq beynəlxalq təşkilatlardan daha fəal kömək gözləyir. Təəssüf ki, dəfələrlə edilmiş çağırışlara baxmayaraq, indiyə qədər beynəlxalq qurumlardan minatəmizləmə işində ciddi fəaliyyət nəzərə çarpmır.

