Region Xəbərləri 

Yeni Azərbaycan Partiyasının 30 illik tarixi müstəqil Azərbaycanın ictimai-siyasi fikir tarixinin ən şərəfli səhifəsidir.

Partiya yarandığı gündən müstəqil Azərbaycanın yüksəlişinə və qüdrətlənməsinə misilsiz töhfələrini verib. 30 il ərzində Yeni Azərbaycan Partiyası gücünü ümummilli liderimiz Heydər Əliyevin ideyalarından, xalqın dəstəyindən alaraq böyük inkişaf yolu keçib. Bu gün qalib xalqımızın zəfər partiyası kimi cəmiyyətimizin əsas və ən fəal qüvvələrini özündə birləşdirən YAP cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında böyük uğurlara imza atır.
Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibətilə 21.11.2022-ci il tarixdə keçirilən tədbirdə çıxış edən İlham Əliyevin dediyi kimi “Heydər Əliyev öz siyasi vəsiyyətində bir şey də demişdir. Artıq bunu dəfələrlə demişəm, Azərbaycan xalqı da bilir ki, başa çatdıra bilmədiyimiz işləri davamçılarımız başa çatdıracaq. Onların arasında yəqin ki, mən belə hesab edirəm, ilk növbədə, Qarabağ probleminin həllini nəzərdə tuturdu. Biz, onun davamçıları bu problemi bütün işlərimizin mərkəzinə qoyduq. Yəni, hər bir addım, hər bir təşəbbüs, hər bir sərmayə, hər bir beynəlxalq təmas bu məqsədi güdürdü ki, bu, bizi müqəddəs hədəfimizə yaxınlaşdırır, yoxsa uzaqlaşdırır?! Ona görə bütün işlərimizin mahiyyəti məhz bu idi – Qarabağı azad etmək, tarixi ədaləti bərpa etmək. Biz bu hədəfə doğru gedirdik. Bizim yolumuz çox çəkdi. Ancaq elə gedib, elə nöqtə vurmalı idik ki, bu, birdəfəlik olsun. Biz avantüraya heç vaxt gedə bilməzdik. Biz səhv addım, yaxud da ki, vaxtsız addım ata bilməzdik. Biz hər şeyi ölçüb-biçib öz gücümüzü, eyni zamanda, digər amilləri nəzərə alaraq ən düzgün vaxt seçməli idik, ən düzgün vaxt üçün ən yaxşı vəziyyətdə olmalı idik. Xalqımız Ordumuzla tam birləşdi. Ona görə biz hamımız deyirik ki, bu, ümumxalq Qələbəsidir. Çünki xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində biz istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. 8 noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq, o cümlədən mənim. O vaxt Ulu Öndərin məzarını ziyarət etdim, ondan sonra şəhidlərin qəbrini ziyarət etdim. Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşa müjdəsini verdim. Ulu Öndərin məzarı önündə özümə dedim ki, bu vəsiyyət də, bu sonuncu vəsiyyət də yerinə yetirildi.”
Azərbaycan çox qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin Vətəni olmuşdur. Şərq mədəniyyətinin dünya və Avropa mədəniyyətinə, yaxud əksinə, keçid alması üçün Azərbaycan körpü rolunu oynamışdır. Çoxmillətli, çoxdinli, çoxdilli Azərbaycan üçün bu ideologiyanı tarixi reallığımızın özü irəli sürmüşdür. Həqiqətən, ən müxtəlif milli-etnik qrupların nümayəndələrinin yaşadığı Azərbaycan unikal coğrafi, geosiyasi və mədəni məkandır. Tarixin bütün dövrlərində özünün rəngarəng tərkibli olması ilə fərqlənən Azərbaycanda bu müxtəlifliyin etnik-milli mənbələri mövcuddur. Azərbaycanda yaşayan onlarla etnik-dini birliklərin qarşılıqlı münasibəti və mədəniyyəti, folklor, dialekt, adət, məişət tərzi, inam sistemi və s. kimi müxtəlifliyin vəhdətini müəyyənləşdirmişdir. Azərbaycanda, tarixən, bütün xalqlara, mili azlıqlara və etnik qruplara eyni, normal münasibət bəslənib.
Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibətilə 21.11.2022-ci il tarixdə keçirilən tədbirdə çıxış edən İlham
Əliyev “Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi. Biz bu siyasəti uğurla davam etdiririk. Bu gün Azərbaycanda dünya miqyasında nadir və təkrarolunmaz mühit yaradılıb. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim gücümüzü artırır və bundan sonra gələcək nəsillər də məhz belə yaşamalıdır” deyə fikir səsləndirib. Bizlər də bu fikirdən yol alaraq bildiririk ki, Azərbaycan dövləti ardıcıl və düzgün milli siyasət yeridib, milli azlıqların hüquqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə edib. Dövlət tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən asılı olmayaraq, Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirib. Azərbaycan dövləti təminat verir ki, ölkə ərazisində yaşayan milli azlıqlar qanunla nəzərdə tutulan hər cür təşkilat yarada bilərlər. Belə təşkilatların hüquqi vəziyyətini Konstitusiya və ya qanunlar tənzimləyir. Azlıqların milli təşkilatlarının müxtəlifliyi ənənələrlə bağlıdır. Xüsusi etnik birliklər daha çox dini zəmində yaranır. Azərbaycan xalqı ölkə ictimaiyyətinin əsas hissəsi olan azərbaycanlılardan və ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan 30 sayda millət və etnik qruplardan ibarətdir. Sayı, dil və dinlərinin müxtəlifliyinə baxmayaraq, onlar Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Azsaylı xalqların etnik tərkibi Azərbaycanda yaşayan hər bir xalq öz etnik xüsusiyyətini saxlamaqla bərabər, digər xalqların və etnik qrupların həyat tərzində, məişətində, adət və ənənəsində, mədəniyyətindəki bir çox mütərəqqi amilləri əxz edərək, onları qarşılıqlı surətdə inkişaf etdirmişdir.
Ölkəmizin 20% ərazisini işğal etmiş qonşu Ermənistanla silahlı münaqişə nəticəsində mövcud olan çətinliklər, erməni silahlı qüvvələri və terrorist qruplaşmalarının təşkil etdiyi etnik təmizləmənin qurbanları olan azərbaycanlılarla yanaşı müxtəlif milli azlıqlar da bu çətinlikləri birgə yaşayırlar. Vətən müharibəsində əldə olunan qalibəyyətimizdə Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu təsdiq etdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Ölkəmizdə müxtəlif millətlərin milli birlik, milli həmrəylik mühitində, dostluq, qardaşlıq şəraitində yaşaması, bu torpağa qəlbən bağlanması, onların hər birinin Azərbaycanı doğma Vətəni kimi sevməsi, azadlığı uğrunda şəhid olması 44 günlük Vətən müharibəsində bir daha öz təsdiqini tapdı.
Bu əzm, cəsarət Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyasından qaynaqlanırdı. Bu şücaət, mətinlik –“Azərbaycan mənim evimdir”– prinsipinə əsaslanırdı, “Torpaq uğrunda ölən varsa –Vətəndir” kimi müqəddəs, ülvi bir hiss-duyğudan rişələnirdi. Qırx dörd günlük ölüm-dirim savaşında Azərbaycanın parlaq qələbəsi də Azərbaycan türklərinin, rusların, ləzgilərin, yəhudilərin, talışların, zaxurların və s. çiyin-çiyinə bir amal uğrunda birliyinin, yumruq kimi birləşməyinin, “qisası qiyamətə saxlamayacağıq, elə döyüşdəcə alacağıq” inadı, ümidi ilə haqq-ədalət yolundan çəkinməyərək mübarizə aparmağın nəticəsi idi. Vətən müharibəsi zamanı bütün xalqların nümayəndələri son damla qanına qədər döyüşürdülər. Onlar öz doğma Vətənləri uğrunda döyüşürdülər. Azərbaycanda müxtəlif etnik qruplardan ibarət xalqımızın Vətən sevgisi, vahid dil və dövlətçilik naminə güclü konsolidasiyası baş verdi…
Gülnaz Səlimova – Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli tam orta məktəbdə ibtidai siniflər üzrə direktor müavini

Daha çox xəbərlər