Siyasət 

KTMT-dəki ikiüzlü: Moskvanı şantaj edən, Qərbə göz süzdürən İrəvan – ŞƏRH + FOTO

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın iddiasına yenə əhəmiyyət verməyib. Noyabrın 23-də İrəvanda keçirilən toplantıda təşkilatla bağlı məsələlər müzakirə olunub. Ermənistan baş naziri Nikol Paşinyanın çıxışı, KTMT qarşısında irəli sürdüyü təkliflərdən belə nəticəyə gəlmək olar ki, rəsmi İrəvan bu hərbi birliyə qarşı fəaliyyət göstərdiyini nümayiş etdirir.

Ötən illərdə Paşinyan təşkilatın qüvvələrinin Azərbaycanla Ermənistanın sərhədyanı bölgələrinə yerləşdirilməsini istəyirdi. Bu baş vermədi. Sonra NATO-nu bu istiqamətdə təxribata çəkməyə çalışsa da, alyans da bunu əhəmiyyətsiz bir təklif kimi qarşıladı.

İrəvanda keçirilən sonuncu toplantıda isə Nikol Paşinyan yekun qətnaməni imzalamaqdan imtina edib. Ermənistanın iddiasına əsasən, Azərbaycan Ermənistan “torpaqlarından çıxmalı”, onun hərəkətlərinə müttəfiqlər “dəqiq siyasi qiymət verməlidirlər”. O, KTMT sammitinin yekunları üzrə bəyannamə ilə yanaşı, Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında sənədi də imzalamaqdan imtina edib.

Nikol Paşinyan iddia edib ki, sənəd Ermənistan üçün yetərli deyil. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, KTMT-nin Ermənistanla Azərbaycanın münasibətlərinin normallaşdırılması istiqamətində gördüyü işləri Nikol Paşinyan “fiasko” kimi dəyərəndirmək istəyir: “Bu, erməni tərəfin şəraiti dəyərləndirmək hüququdur”.

Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxışlarında Azərbaycanla Ermənistan münasibətlərinin normallaşmasına səy göstərdiklərini vurğulayıblar.

Belarus Prezidenti Aleksandr Lukaşenko isə bunları deyib:

“Düşünürəm ki, hər kəsin fikrini ifadə edəcəyəm. Biz uzaq deyilik. Biz burada Nikol Vovayeviçin dediyi kimi, KTMT-nin Azərbaycanı təcavüzdən çəkindirmədiyini düşünmürük. Kimisə saxlamaq bizim işimiz deyil. Bununla belə, biz münasibət bildirməliyik. Hazırda Rusiya bu məsələdə həm Ermənistanın, həm də Azərbaycanın razılaşdığı vasitəçilik missiyasını həyata keçirir”.

Bu, Ermənistan rəhbərliyinə və müxalifətinə KTMT-nin cavabıdır. Lukaşenkonun fikirləri nəyə əsaslanır: ilk növbədə sərhədlərin müəyyənləşməsinə. Çünki iki ölkə arasında sərhədlər delimitasiya və demarkasiya olunmayıb. Belə olan şəraitdə kiminsə kimisə “təcavüzkar” adlandırması mümkün deyil. Tərəflər məsələ ilə bağlı yekun sənəd imzalamayıblar. Bu baxımdan rəsmi İrəvanın iddiası daha çox KTMT daxilində iğtişaş yaratmağa oxşayır.

Ermənistan bununla nə etmək istəyir? Hesab etmək olar ki, Nikol Paşinyan Rusiyanı şantaj edərək, daha çox yardım almağı hədəfləyir. Çünki KTMT-nin sponsoru və təşkilatdaxili məsələlərdə həlledici söz sahibinin Moskva olduğunu erməni hiyləgərliyi ilə başa düşür.

Rusiyanın, habelə Moskvanın himayə etdiyi təşkilatların gələcəyinin Ukraynada həll edildiyindən xəbərsiz deyil. Yeri gəlmişkən, Aleksandr Lukaşenko bildirib ki, KTMT-nin gələcəyi Rusiyanın Ukraynada keçirdiyi “xüsusi əməliyyat”ın uğurundan asılıdır: “Rusiya qalib gəlsə, KTMT yaşayacaq. Allah eləməsin, qalib gəlməsə, KTMT mövcud olmayacaq”.

Ermənistan bu halda özünü batan gəmidən ilk qaçan “siçovul” kimi aparır. Belə çıxır ki, rəsmi İrəvan üzv olduğu KTMT-yə etibar etmir. Bu, həm də onun Rusiyaya etibar etməməsi anlamına gələ bilər.

Noyabrın 23-də İrəvanda anti-Rusiya aksiyası keçirilib. Etirazçılar “Rusiya, Ermənistandan rədd ol!”, “Rusiya düşməndir!” şüarlarını əllərində tutublar (2018-ci ildə Paşinyan hakimiyyətə gəlməzdən əvvəl də oxşar hadisələr baş verirdi). Bu aksiya həm də Rusiya Prezidenti Vladimir Putinin İrəvana səfərinə etiraz aksiyası idi. Aksiyanı “Milli Demokratik Qütb”ünün təşkil etdiyi bildirilib. Nəzərə almaq lazımdır ki, bu kimi tədbirlər hakimiyyətin maraqlarını və ya onun ifadə etməkdə çətinlik çəkdiyi etirazları bəyan etmək üçün bir vasitə olur. O halda həmin mitinq və yürüşü rəsmi İrəvanın mövqeyi kimi də xarakterizə etmək olar.

Rusiya Prezidenti Vladimir Putinin İrəvanda keçirilən sammitdə iştirakı və Nikol Paşinyanla toplantıdan sonra ayrıca görüş keçirməsi də münasibətlərdə gərginliyin olduğunu ehtimal etməyə əsas verir.

Onlar açıqlamalarında ikitərəfli münasibətlərin və əlaqələrin inkişaf etdiyini vurğulayılb, ölkələri arasında ticarət dövriyyəsinin 70-80 faiz artmasını qeyd etməklə bunu təsdiqləyiblər.

Ermənistanın Daxili İşlər Nazirliyi bildirib ki, bu ilin yanvar-sentyabr aylarında Ermənistanın 33 min vətəndaşı Rusiya vətəndaşlığını qəbul edib. Bu rəqəmlər Ermənistanın Rusiyasız mövcudluğunun çətin olacağını ehtimal etməyə əsas verir.

Odur ki, Nikol Paşinyanın KTMT ilə bağlı irəli sürdüyü iddialar daha çox Rusiyadan istəkləridir. O, Moskvanın indiki vəziyyətindən sui-istifadə etməyə səy göstərir. Onsuz da, Nikol Paşinyanın Ermənistanı Rusiyanın nəzarətindən çıxarması çətindir. Bu baxımdan rəsmi İrəvan yaranmış şəraitdə kəmfürsətlik edir. Hökumət başçısı təşkilatın bəyannaməsini imzalamamaqla Qərb qarşısında özünü “anti-Rusiya” meyilli kimi göstərir. Odur ki, Paşinyan KTMT-ni bəhanə gətirərək Rusiyanı şantaj edir, Qərbə isə göz süzdürür…

“Report” İnformasiya Agentliyi

Daha çox xəbərlər