Zəngəzur dəhlizi ilə qitələrarası yükdaşımalar intensivləşəcək
Bu, Azərbaycanın Orta Dəhliz bölgəsində geosiyasi əhəmiyyətini daha da artıracaq
İstər artıq tarixin arxivinə göndərilən «Dağlıq Qarabağ münaqişəsi» dövründə, istərsə də İkinci Qarabağ müharibəsindən sonra müəllifi olduğu qlobal layihələri, xalqları əməkdaşlığa, həmrəyliyə çağırışları, dünyada və regionda sabitliyin təminatına töhfələri ilə fərqlənən Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində böyük nüfuz qazanan Azərbaycan həqiqi mənada sivilizasiyalararası körpü olduğunu təsdiq edir. Beynəlxalq ictimaiyyəti narahat edən aktual problemlərin müzakirə olunduğu məkan kimi tanınan , mötəbər tədbirlərə ev sahibliyi edən ölkəmiz geosiyasi əhəmiyyəti baxımından da diqqət mərkəzindədir. Vətən müharibəsindən sonra ölkəmizdə keçirilən tədbirlərin hədəfi Cənubi Qafqazı sülh və əməkdaşlıq regionuna çevriməkdir. Dünyanın aparıcı beyin mərkəzləri ekspertlərinin, tanınmış analitiklərin iştirakı ilə təkcə cari ildə paytaxtımızda, Ermənistanın işğalından azad olunan ərazilərimizdə keçirilən forumlar, konfranslar, çoxsaylı diplomatik korpus nümayəndələrinin, xarici jurnalistlərin Qarabağa və Şərqi Zəngəzura səfərlərinin hər biri bölgədə sabitliyin təminatına yönəldilən təşəbbüslərdir. Bu baxımdan Bakıda, ADA Universitetində keçirilən «Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq», «Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq» adlı beynəlxalq konfranslar, Ağdamda təşkil olunan Milli Şəhərsalma Forumu və digər tədbirlər böyük maraqla qarşılanıb.
Bu günlərdə ADA Universitetinin ev sahibliyi ilə reallaşan etdiyi «Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat”» mövzusundakı beynəlxalq konfrans adından da göründüyü kimi daha aktual məsələləri əhatə etmişdir.
Qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrini reallaşdırmaqla dövlətlərarası əməkdaşlığın genişlənməsini təmin edən, Avrasiyanın yeni xəritəsində geostrateji rolunu artıran ölkəmizin dünya birliyi üçün əhəmiyyətini bütün çıxışlarında diqqətə çatdıran Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə keçirdiyi görüşlərdə ölkəmizlə bağlı söylənilən xoş sözlər Azərbaycanın təşəbbüskarı olduğu enerji dəhlizlərinə artan maraq olmaqla Xəzər regionu üzərindən Asiya ilə Avropa arasında daha yaxşı münasibətlərin yaranmasının bələdçisidir. Regional əhəmiyyətli nəqliyyat infrastrukturuna əlavə olunacaq Zəngəzur dəhlizi ilə bağlı göstərilən siyasi iradə ölkəmizin illərdən bəri beynəlxalq arenada nüfuzunu daha da artıracaq. Qloballaşan dünya siyasətinin tənzimlənməsi üçün başlıca amil olan sabitliyə, təhlükəsizliyə, iqtisadiyyatın inkişafına eyni dərəcədə diqqət göstərilməsi, bu kimi mühüm məsələlərin müzakirəsi üçün Azərbaycanın təşəbbüslərinin beynəlxalq səviyyədə dəstəklənməsi xarici siyasətimizin uğurlarındandır. Avropa ilə Asiyanı birləşdirən Cənub Qaz Dəhlizini, Bakı-Tbilisi-Qars dəmir yolu kimi irimiqyaslı enerji, nəqliyyat layihələrini reallaşdıran, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin də iştirakçısı olan Azərbaycanın nəqliyyat, hava ilə yükdaşımaları infrastrukturlarına xüsusi diqqət göstərməsi, Bakıda gəmi infrastrukturunun yaradılması və yeni gəmiqayırma zavodunun inşası Azərbaycanın dünya birliyində rolunu artırmaqla işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə bağlı göstərilən səyləri də aktuallaşdırır. Göstərilən səylər isə bütünlükdə regional təhlükəsizlik üçün geniş imkanlar yaradır. Zəngin yeraltı, yerüstü sərvətlərə malik Azərbaycanın əsas məqsədi region dövlətlərinin də bu potensiallardan yararlanmasına imkan yaratmaq, Cənubi Qafqazı dünyanın ən təhlükəsiz, inkişaf etmiş bölgəsi kimi tanıtmaqdır.
Bu baxımdan son aylarda beynəlxalq səviyyədə keçirilən mühüm tədbirlərdə Azərbaycanın enerji layihələrinin şaxələndirilməsi ilə bağlı təkliflərinin dəstəklənməsi, müzakirə olunması ölkəmizin dünyada artan mövqeyinin məntiqi nəticəsidir.
Prezident İlham Əliyev «Eyni zamanda, biz tamamilə yeni olan mövcud boru kəməri sistemini genişləndirməliyik. İki ildən az müddət bundan əvvəl biz Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik boru kəmərini tamamladıq. Lakin artıq bu gün biz həcmin iki dəfə – 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılmasına tələbatı görürük. Bunun üçün əlbəttə ki, bütün pay sahiblərinin konsolidasiya olunmuş mövqeyi və sərmayəsi lazım olacaq» sözləri ilə həyata keçirilən enerji, nəqliyyat layihələrinin Avropanın digər ölkələrini də əhatə etməsi üçün ölkəmizin zəngin ehtiyatlara malik olduğunu diqqətə çatdırır. «İndi vaxt itirmədən Trans-Balkan boru kəmərini cəlb etmək imkanı var, xüsusilə keçən ay Yunanıstan və Bolqarıstan arasında interkonnektorun açılışını nəzərə alaraq. Biz hazırıq. Bu boru kəmərinin tutumu 3 milyard kubmetrdir. Beləliklə, biz ola bilsin bir ay müddətində zəruri həcmləri təchiz etməyə hazırıq» -deyə bəyan edən dövlət başçımız bərpa olunan enerji mənbələri ilə bağlı artıq beynəlxalq investorlarla aparılan danışıqların müsbət nəticələnəcəyinə əminliyini ifadə edir.
Cənubi Asiyanı, Mərkəzi Asiyanı ölkəmizlə birləşdirmək ideyasının daha mühüm əhəmiyyət daşıdığı indiki zamanda Azərbaycanın təşəbbüslərinin beynəlxalq səviyyədə ən səmərəli variant kimi qəbul edilməsi dövlət başçımızın da daim diqqət göstərdiyi Orta Dəhliz dövlətlərinin təhlükəsizliyinin, iqtisadi inkişafının birgə səylə təmin olunmasını aktuallaşdırır.
Bu vacib amili «Məsələn, təxminən bu yaxınlarda iştirak etdiyim beynəlxalq tədbirlərdən birində Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolunun tikintisi ilə bağlı razılıq imzalandı. Bu layihə uzun illər dayandırılmışdı. İndi isə hər kəs başa düşür ki, yüklərin Xəzər istiqamətində çatdırılmasına, Trans-Xəzər imkanlarından geniş şəkildə istifadə etməyə ehtiyac var. Ona görə də, bildiyim qədəri ilə Çin tərəfindən maliyyələşdirilən bu layihə daşımalara əhəmiyyətli dərəcədə töhfə vermək üçün böyük imkana malikdir» sözləri ilə diqqətə çatdıran Prezident İlham Əliyev Zəngəzur dəhlizinin bərpası ilə mövcud imkanların gerçəkləşəcəyinə əminliyini ifadə edir.. Qeyd olunduğu kimi, Qarabağ və Şərqi Zəngəzurun potensialından tam istifadə etməklə Cənubi Qafqazda siyasi, iqtisadi təhlükəsizliyin qorunmasına nail olmaq mümkündür. Çünki Zəngəzur marşrutundan dəhlizin keçdiyi bütün ölkələr istifadə edərək iqtisadi imkanlarını yüksəldə biləcəklər.
İkinci Qarabağ müharibəsindən sonra regional əməkdaşlığın möhkəmlənməsi naminə səylərini artıran ölkəmizin tərəfdaşlıq siyasətinin əsas hədəfi Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına nail olmaqdır. Bunun üçün işğalçı Ermənistan təcavüzkarlıq siyasətinə əsaslanan qərəzli ideoloji prinsiplərini dəyişməlidir. Zəngəzur dəhlizini bərpa etməklə qonşular arasında münasibətlərin normallaşdırılmasına çalışan Azərbaycandan fərqli olaraq Ermənistanın hələ də təxribatlarını davam etdirməsi regional təhlükəsizliyin bərpasına yönələn ciddi təhlükədir. İşğalçılıq siyasəti ilə Cənubi Qafqazda sabitlik üçün ciddi təhlükə yaradan Ermənistan dünya birliyinə inteqrasiya imkanını da itirib
Lakin bölgədə daha çox ehtiyac duyulan yeni geosiyasi nizamın formalaşmasında səyini artıran Azərbaycanın təkliflərini qəbul etməklə qonşularla sağlam münasibətlər əsasında təmas yaratmaq Ermənistanın yeganə çıxış yoludur. Bölgənin siyasi, iqtisadi baxımdan ən qüdrətli ölkəsi olan Azərbaycan regional təhlükəsizlik aspektlərinin müzakirəsinə hər zaman hazırdır. Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanlarının, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsində xüsusi rolu olacaq Zəngəzur dəhlizinin bərpası üçün səyini artırır. Xəzər dənizi, Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Çindən göndərilən yükləri qəbul etməyə hazır olan Azərbaycan Xəzər dənizi və Gürcüstandan keçməklə Türkiyənin Qars şəhərinə daşımanı nəzərdə tutan Orta Dəhlizlə yükdaşıma potensialını genişləndirmək niyyətindədir.

