Gündəm 

Sülhməramlılar sülh məramlı olduqlarını sübut etməlidirlər

“Son zamanlar Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi zonada baş verən hadisələr, Azərbaycan ərazilərindən təbii sərvətlərimizin ermənilər tərəfindən qanunsuz olaraq istismar olunması narahatedicidir. Buna Azərbaycanın aidiyyəti qurumlarının reaksiyası başadüşüləndir. Qarabağ Azərbaycan ərazisidir, onun Kürdəmirdən, Lənkərandan, Naxçıvandan və digər bölgələrimizdən heç bir fərqi yoxdur. Əgər təbiət qanunsuz olaraq talanır, yaxud məhv edilirsə, buna dərhal münasibət bildirilməli və baş verənlərin daha geniş miqyas almaması üçün təsirli tədbirlər görülməlidir. Qarabağda yaşayan ermənilərin məsələyə başqa cür reaksiya vermələri onların haqlı olduğuna dəlalət etmiz. Hələ ki, Rusiya sülhməramlılarının himayəsi altındadırlar, Azərbaycana inteqrasiya olunmaları üçün 3 ilə yaxın vaxtları var. Bu müddət ərzində yaşadıqları ölkənin qanunlarına əməl etməyi öyrənməlidirlər, başqa çıxış yolları yoxdur”.

Bunu “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki,  Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanat var:  “Bu sənədə istinad edərək deyə bilərik ki, sülhməramlıların və Qarabağdakı ermənilərin gələcək taleyi yalnız Azərbaycandan asılıdır. Qarabağ ərazisində istənilən bir layihənin həyata keçirilməsi üçün Azərbaycanın razılığı olmalıdır. Kimsə bizim ərazilərdən qanunsuz istifadə edə bilməz. Emənistan 30 il ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını istismar edib, kənd təsərrüfatı sahələrindən külli miqdarda vəsait, qızıl yataqlarından milyardlarla gəlir əldə edib, büdcəsini Azərbaycan torpaqları hesabına formalaşdırıb.  Sülhməranlıların nəzarət etdiyi Laçın dəhlizinə gəlincə, bu yol yalnız humanitar məqsədlərlə istifadə oluna bilər. Qarabağda yaşayan ermənilər Azərbaycana reinteqrasiya edənə qədər əhali ərzaq və digər təminatlarını bu yol vasitəsi ilə Ermənistandan həyata keçirə bilərlər.  Amma son hadisələr də onu göstərdi ki, ötən iki il ərzində Laçın dəhlizindən başqa məqsədlər üçün istifadə olunub. Ermənilər elə düşünürlər ki, bu yol da, Qarabağ da onlara yeni erməni dövləti qurmaq üçün verilib. Bəli, bütün bunlar sülhməramlıların da göz yumduğu bəzi hadisələr sayəsində baş verib. Hər kəs öz missiyasını, fəaliyyət çərçivəsini bilməlidir.

Sülhməramlılar ən azından Qarabağa qanunsuz yüklərin daşınmasını, xarici ölkə vətəndaşlarının qanunsuz səfərlərini, ərazidəki qanunsuz silahlı birləşmələri qadağan etməlidirlər.  Amma bunun tərsini görürük, xarici jurnalistlərin, fransız deputatların, həmçinin Fransa Respublikaçılar Partiyasının lideri Valeri Pekressin, İran TIR-larının sülhməramlıların müvəqqəti nəzarətində olan Laçın yolundan istifadə edərək Xankəndiyə gəldiyi artıq heç kimə sirr deyil. Rusiyanın erməni əsilli milyarderinin Qarabağa gəlişi, məskunlaşması və üstəlik qanunsuz separatçı qurumda təmsil olunması da bu qəbildəndir. Halbuki, bu səfərlər, məskunlaşma barədə Azərbaycan tərəfinə heç bir məlumat verilməyib. Sülhməramlılar sülh məramlı olduqlarını sübut etməlidirlər. Qarabağ və Laçın isə dəhlizi sülhməramlıların deyil, Azərbaycanın yurisdiksiyasına aiddir. Buna görə də atılan hər bir addımdan Bakının xəbəri olmalı və icazə alınmalıdır”.

Daha çox xəbərlər