Gündəm 

Türkdilli dövlətlərin iqtisadi inteqrasiyası

Türkmənistanda keçirilən Üçtərəfli Zirvə Görüşü qlobal məsələlərin həlli baxımından önəmlidir

Bu gün türk dilli dövlətlər birliyinin daha geniş mənada formalaşması üçün onlar arasındakı iqtisadi-ticari əməkdaşlığın genişlənməsi də mühüm şərtdir. Xüsusilə bu dövlətlərin bir çoxunun karbohidrogen ehtiyatlarına malik olması və bu resursların ehtiyatların dünya bazarlarına çıxarılması da onların vahid nəqliyyat və loqistika mərkəzlərində birləşməsini zərurətə çevirir. Bu mənada, dekabrın 14-də Türkmənbaşıda Azərbaycan, Türkiyə və Türkmənistan liderlərinin Üçtərəfli Zirvə Görüşü mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev Zirvə Görüşündəki çıxışında regionda yaranmış yeni reallıqlardan, formalaşan yeni konfiqurasiyadan, türk dövlətlərinin bu prosesdəki iştirakından bəhs edərək deyib: «Bir daha Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatında görüşün önəmini vur­ğu­lamaq istərdim. Ümid edirəm ki, belə görüşlər bundan sonra müntəzəm olaraq keçiriləcək və qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcək.»

Bəli, bu gün  artıq türk dövlətləri arasında münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlib.  Xüsusilə, Türkiyə və Azərbaycan prezidentlərinin imzaladıqları Şuşa Bəyannaməsi artıq münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə qaldırıb. Eyni zamanda, Azərbaycanla Türkmənistan arasında da 2017-ci ildə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Bütün bunlarla yanaşı, hər üç dost, qardaş ölkə beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərirlər. Ona görə ki, bu amil dostluğun, müttəfiqliyin, qardaşlığın başlıca şərti kimi qəbul edilir.

Hazırda bu üç ölkənin arasındakı mövcud iqtisadi əməkdaşlığının inkişaf dinamikası yüksək səviyyədədir. Belə ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollar səviyyəsinə yüksəlib. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə qoyuluşu reallaşıb. Türkmənistanla Azərbaycan arasında da ticarət dövriyyəsinin həcmində 5 dəfə artım qeydə alınıb. Ölkələrin nəqliyyat-logistika sahəsində qazandıqları böyük uğurları da ciddi önəm kəsb edir. Bu istiqamətdə ölkələrimiz tərəfindən bir çox layihələr icra edilib. Eyni zamanda, bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasını tələb edir. Bu məsələni daim diqqət mərkəzində saxlayan  Azərbaycan  Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı kimi bölgədə aktiv mövqeyə sahibdir. Belə ki, 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmışdır.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə ma­lik­dir və bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur. Keçən il Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonasının təməli qoyuldu və orada artıq ilk rezidentlər yerləşir. Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. 2013-cü ildə istismara verilmiş Bakı Gəmiqayırma Zavodu hazırda tam gücü ilə işləyir.

Türkdilli dövlətlərin nəqliyyat-logistika imkanlarının daha da genişlənməsində Zəngəzur dəhlizi də mühüm rol oynayacaqdı. Düzdür, Ermənistan bu dəhlizin reallaşmasına hələlik maneçilik törətsə də beynəlxalq təpki və Azərbaycan dövlətinin qəti mövqeyi Zəngəzur dəhlizinin açılmasına şərait yaradacaq. Artıq  Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlər başa çatmaq üzrədir. Yəni, artıq dəmir yolu xətti üzrə 40 faiz, avtomobil yolu üzrə 70 faiz işlər icra olunub. Eyni zamanda, qarşıda duran bütün işlərin 2024-cü ildə tamamlanması mümkün olacaq. Gələcəkdə Zəngəzur dəhlizinin  açılması ilə Çin kimi inkişaf etmiş dövlət və Asiya qitəsinin türkdilli dövlətləri üçün yeni nəqliyyat -tranzit imkanları yaranacaq ki, bu da iqtisadi əlaqələrin daha səmərəli formada tqurulmasına təkan verəcək.  Zirvə Görüşündə imzalanan sənədlər Azərbaycan-Türkiyə-Türkmənistan əlaqələrinin yüksələn xətlə inkişafına yeni imkanlar yaradacaq. Bu sənədlər arasında  «Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş»,  «Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum» və  «Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum» və s. xüsusi qeyd edilməlidir.

Daha çox xəbərlər