Üç qardaş ölkə, strateji müttəfiqlər
Bildiyimiz kimi, Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının iştirakilə Üçtərəfli Zirvə Görüşünün keçirilməsi və müzakirə olunan məsələlər, ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da güclənməsinə xidmət edir. Zirvə Görüşü türkdilli dövlətlər arasında mövcud olan sıx əlaqələrin və əməkdaşlığın daha da gücləndirilməsi niyyətinin növbəti nümunəsidir.
Prezident cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş xarici siyasət ölkəmizin beynəlxalq əlaqələrinin davamlı olaraq inkişafını təmin edir. Ölkəmizin türk dövlətləri ilə yüksək səviyyədə olan əlaqələri də buna əyani sübutdur. Dekabrın 14-də Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündə çıxışı zamanı Prezident cənab İlham Əliyev, Azərbaycanın Türkiyə və Türkmənistanla siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu diqqətə çatdıraraq, bu etibarlı əməkdaşlığın obyektiv əsaslarından bəhs etdi. Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşü zamanı, imzalanmış Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri də mövcud əlaqələrlə yanaşı digər sahələrdə də əməkdaşlıqlara əsas verəcək. Belə ki, imzalanmış sənədlər elm, təhsil, mədəniyyət, gömrük, energetika və nəqliyyat sahələrində əməkdaşlıqları genişləndirmək üçün hüquqi baza rolunu oynayacaq.
Xatirlayaq ki, 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdı. Mənəvi əməkdaşlığın təsdiqi olan bu Bəyannamə, bütün sahələr üzrə uğurla davam etdirilməkdədir. İkinci Qarabağ müharibəsindən sonra Türkiyə ilə Azərbaycan arasında tarixi Şuşa Bəyannaməsi imzalanmışdı. Bu Bəyannamə iki qardaş xalq arasında mənəvi bağlılığın təcəssümü kimi tarixləşdi.
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmışdır.
Bu gün Azərbaycan beynəlxalq mövqelərini gücləndirmək üçün milli maraqlara əsaslanan fəal, çevik, bir-birini tamamlayan, komplementar xarici siyasət yürüdür, eyni zamanda beynəlxalq əməkdaşlığa mühüm önəm verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik, çoxvektorlu, milli maraqlara əsaslanan xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü aktoruna, yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrilib. Azərbaycan dünyada böyük etimad qazanan ölkə – etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Dövlət başçısının qeyd etdiyi kimi: Hazırda dünyada yeni çağırışlar və təhdidlər var. Bu səbəbdən digər sahələr ilə yanaşı ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır”. Uğurlu strateji kurs həm ölkəmizin milli maraqlarının qorunmasında, həm də regional sabitliyin, təhlükəsizlik və inkişafın təmin olunmasında öz əksini tapır.
Dövlət başçımız cənab İlham əliyev çıxışında qeyd etdi ki, “Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq” sözləri ilə bu birliyin təkcə müstəqil türk dövlətlərindən ibarət olmadığını vurğulayıb, həmrəyliyi daha da gücləndirəcək Zəngəzur dəhlizinin əhəmiyyətindən də söz açıb. Vətən müharibəsini Zəfərlə başa vuraraq Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işlərində türk dövlətlərinin iştirakını qardaşlıq köməyi kimi yüksək qiymətləndirib.
Xatırladaq ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq. Türkiyənin və Türkmənistanın şirkətləri yüklərinin daşınması üçün potensialı artan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Ələt Azad İqtisadi Zonasının imkanlarından istifadə etməklə dünya iqtisadiyyatına inteqrasiya edə bilərlər. 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət, 18 yük təyyarəsi olan mülki hava yük donanmalarına, Bakı gəmiqayırma zavoduna malik Azərbaycan türk dövlətləri arasında əlaqələri birləşdirmək üçün geniş imkanlara malikdir. Füzulidə və Zəngilanda istifadəyə verilən Beynəlxalq Hava limanlarının sayının artması türk birliyinin möhkəmlənməsinə xidmət edəcək. Zəngəzur dəhlizinin bərpası ilə isə , işğaldan azad olunmuş Laçında inşa edilən beynəlxalq hava limanı ilə əlaqələr daha da intensivləşəcək.
Üç qardaş ölkənin rəhbərləri tərəfində imzalanan 5 mühim sənəd çox böyük əhəmiyyətə malikdir və xüsusilə enerji ehtiyatları tədarükünün genişləndirilməsinə, şaxələndirilməsinə, tranzit – nəqliyyat əlaqələrinin möhkəmləndirilməsinə gələcəkdə öz töhfələrini verəcəkdir.
Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı


