Cəmiyyət 

Siyasi sistemin təkmilləşdirilməsi istiqamətində növbəti addım

«Siyasi partiyalar haqqında» yeni Qanunun qəbulu bir daha bu reallığı təsdiqlədi ki, demokratik təsisatların inkişafı, təkmilləşdirilməsi dövlət siyasətinin əsasını təşkil edir

Dövlət başçısı İlham Əliyevin 2018-ci ildə keçirilən prezident seçkisindən sonra andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha xatırlatmaq istərdik: «Bu 15 il ərzində Azərbaycanda demokratik inkişaf çox sürətlə getmişdir, Azərbaycanda bütün azadlıqlar təmin edilmişdir. Hesab edirəm ki, bu 15 il demokratik inkişaf baxımından çox uğurlu illər olmuşdur. Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları – söz azadlığını, mətbuat azadlığını, sərbəst toplaşma azadlığını, siyasi fəaliyyət azadlığını təmin etmişik. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. Yəni, demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir və seçkilər, onun nəticələri bunu bir daha təsdiqləyir.»

Cənab İlham Əliyevin dünənimizə baxış əsasında gələcəyə hədəflənən bu fikirlərindən ötən 4 ildən artıq bir zamanda dövlətimizin demokratik təsisatların inkişafı istiqamətində atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Andiçmə mərasimində islahatlar prosesinin anonsunu verən dövlət başçısı daim bu fikri də xüsusi qeyd edir ki, iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması prioritetdir. Demokratikləşmə sadəcə bir şüar, niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün əsasdır.

Azərbaycan beynəlxalq qurumların hesabatlarında da ən islahatçı ölkələr sırasında qərarlaşıb. Ən əsası ölkəmizin demokratiya təcrübəsi digər dövlətlərə nümunə kimi göstərilir. Azərbaycan ənənələri olan, insan amilinə yüksək dəyər verən ölkə kimi nüfuz qazanır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bütün fundamental hüquqlar, o cümlədən mətbuat, sərbəst toplaşma azadlığı, dini etiqad azadlığı, vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir. Siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsi də demokratik ənənələrin inkişafına xidmət edən addımlar sırasındadır. Azərbaycan hakimiyyəti müxtəlif təşəbbüslər vasitəsilə dialoq məfhumunun aktuallığının qorunmasını təmin edir. Sistemli islahatlar öz növbəsində siyasi münasibətlər sistemini də əhatə edir. Siyasi sistemin təkmilləşdirilməsi, siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində önəmli addımlar atılır və bu prosesin davamlı olacağı bildirilir. Bütün bunların nəticəsidir ki, ölkəmizin artıq gündəlik siyasi təcrübəsinə daxil olmuş iqtidar-müxalifət dialoqu davamlı şəkildə inkişaf edir. Ümummilli lider Heydər Əliyev bu çağırışı edirdi ki, nə qədər partiya olur-olsun, onların hamısı bir məqsədə-Azərbaycanın müstəqilliyini qorumaq, torpaqlarımızı düşməndən azad etmək işinə xidmət etməlidir. Bu fikirlərin davamı olaraq o da bildirilirdi ki, ayrı-ayrı partiyalar, qruplar ancaq Azərbaycanın Konstitusiyası, qanunları, sırf demokratiya prinsipləri çərçivəsində fəaliyyət göstərə bilər.

Ölkəmizdə siyasi partiyaların yaradılması, fəaliyyəti üçün bütün zəruri addımlar atılır. Hər sahədə təcrübəsi nümunə olan Azərbaycanın siyasi dialoq mühitinin formalaşdırılması istiqamətində də təqdim etdiyi model beynəlxalq səviyyədə təqdir olunur. Bu model belə bir ümumi mənzərəni ortaya qoyur ki, ölkəmizdə dayanıqlı inkişafın, siyasi sabitliyin, həmrəylik mühitinin və demokratik ənənələrin təminatçısı olan siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev mütəmadi olaraq siyasi partiyaların rəhbərləri ilə görüşlər keçirir. Bu görüşlərdə aktual məsələlər ətrafında fikir mübadiləsi aparılır. Bu tədbirlər siyasi dialoq mühitinin daha sağlam zəmində formalaşmasına öz müsbət təsirini göstərir. Reallıq budur ki, dövlət başçısının siyasi iradəsi və demokratik dəyərlərə sadiqliyi nəticəsində ölkəmizdə dialoq mühiti inkişaf edir.

Ölkəmizin bu gün bütün sahələrdə yeniləşməsinə, təkmilləşməsinə yol açan 44 günlük İkinci Qarabağ müharibəsi birliyimizin, həmrəyliyimizin təqdimatı oldu. 50-dan artıq siyasi partiya dövlət başçısı İlham Əliyevin siyasətinə dəstəklərini, onun ətrafında sıx birləşərək gələcəyə böyük inamla baxdıqlarını qəbul etdikləri Bəyanatda ifadə etdilər. O da məlumdur ki, ötən il tarixi Zəfərimizin reallıqları fonunda Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulması da bu kimi məqamların təqdimatında əhəmiyyətli rol oynadı. Dövlət başçısı İlham Əliyev qurultaydakı çıxışında bu məqama diqqəti yönəldərək bildirmişdi: «Bu da çox önəmli, əlamətdar hadisədir. Bu da siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda, göstərir ki, partiyamızın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir… Bu partiyaların üzvlərini biz qəbul edirik, onlara bizim ailəyə “Xoş gəlmisiniz!” deyirik və birgə fəaliyyətlə bağlı əlbəttə ki, əlavə addımlar da atılacaqdır.»

Ümumilikdə son zamanlar siyasi partiyalar arasında birliyin, həmrəyliyin yaradılması fonunda onların fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində atılan addımlar diqqətçəkəndir. Əksər siyasi partiyaların ofislərinin yenidən bərpası, qurultaylarının keçirilməsi üçün zəruri yerlərin müəyyənləşdirilməsi, bir neçə partiyanın qeydiyyatının təmin olunması bu diqqət və qayğının tərkib hissələridir. Bu addımlar sırasında Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələrinin “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciəti xüsusi vurğulanır. Həmin müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına və dövrün tələblərinə cavab verən yeni qanunun hazırlanmasının vacibliyi öz əksini tapmışdı. Reallıqlarımız fonunda qəbul olunan “Siyasi partiyalar haqqında” yeni Qanun siyasi dialoq mühitinin təkmilləşdirilməsinə öz müsbət təsirini göstərəcək.

Demokratik islahatların davamlılığının təmin edilməsi dövlətimizin siyasətində mühüm rol oynayır. Dövlət başçısı İlham Əliyev hər zaman bu reallığı diqqətə çatdırır ki, dünyada elə ölkələr var ki, iqtisadi inkişafı yüksəkdir, amma demokratik inkişafdan danışmaq qeyri-mümkündür. Elə ölkələr də var ki, əksinə, demokratik inkişafı ilə seçilir, iqtisadi inkişafı aşağı səviyyədədir. Lakin Azərbaycanda iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması hərtərəfli inkişafı təmin etməklə yanaşı, Azərbaycanın inkişaf modelinin digər ölkələrə nümunə göstərilməsində stimulverici amilə çevrilib. Azərbaycanın demokratiya təcrübəsindən, ölkəmizin bu istiqamətdə atdığı addımlardan bəhs edərkən Prezident İlham Əliyev bildirir ki, bu məsələ daim fəaliyyətimizin gündəliyindədir. Siyasi sistemdə islahatlar aparılmadan iqtisadi sahədə davamlı inkişafa nail olmaq mümkün deyil. Son dövrlərdə bu istiqamətdə çox işlər görülüb. Azərbaycan dünya üçün açıq ölkədir. Ölkəmizdə bütün demokratik təsisatlar mövcuddur, mətbuat azadlığı tam təmin edilir. Azərbaycan internetin azad olduğu ölkədir. İnternet istifadəçilərinin sayı artır və əhalinin təxminən 85 faizinə yaxınlaşır. Toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı da tam təmin edilir. Azərbaycan Avropa Şurasının artıq təcrübəli üzvü kimi cəmiyyətimizin daha da demokratikləşməsinə dair öz üzərinə öhdəliklər götürüb və bunları uğurla yerinə yetirir.

Ölkəmiz demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə sübut etdiyini atdığı addımları ilə təsdiqləyir. Sabitliyin, qanunun aliliyinin təmin olunduğu ölkədə demokratik inkişafın qaçılmaz olduğunu önə çəkən cənab İlham Əliyev insan hüquq və azadlıqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımlar atır. 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və referendum yolu ilə qəbul olunan Konstitusiyamıza bu günə qədər üç dəfə əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsi insan amilinə verilən dəyərlə yanaşı, dövrün, zamanın tələblərinə uyğun təkmilləşmənin hər zaman prioritet olduğunu təsdiqləyir. 2002, 2009 və 2016-cı illərdə keçirilən ümumxalq səsverməsində müzakirəyə çıxarılan əlavə və dəyişikliklərin böyük əksəriyyəti insan hüquqlarının qorunmasına, idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edir. 2009-cu il referendumunda “Dövlətin ali məqsədi” maddəsinə belə bir əlavə olundu ki, dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunması və yüksək rifah halının təmin edilməsidir. 2016-cı il referendumunda təqdir olunan əlavə və dəyişikliklərdən biri vitse-prezidentlik institutunun yaradılması, eyni zamanda, prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması oldu. Bu da ölkəmizin idarəetmə sistemində təkmilləşməyə xüsusi diqqət yetirdiyini təsdiqlədi.

Bu il tarixi Zəfərimizin reallıqları fonunda yeni «Media haqqında» Qanun qəbul edildi. Yeni Qanun 9 fəsildən, 78 maddədən ibarətdir. Bu sənədin qəbulunu zəruri edən səbəblərin geniş təhlilinə ehtiyac yoxdur. Nəzərə alsaq ki, media hər bir ölkənin inkişaf səviyyəsini, yeniliyə, təkmilləşməyə nə qədər açıq olduğunu göstərir, bu halda 1999-cu ildə həmin dövrün reallıqları fonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” Qanunda hər dövrün yeniliklərinin öz əksini tapması üçün əlavə və dəyişikliklərdən çox, yeni sənədin qəbuluna böyük ehtiyacın olduğu özünü aydın şəkildə təsdiqlədi. Bu baxımdan ki, “Kütləvi informasiya vasitələri haqqında” Qanunun qəbulundan ötən 23 ildə sənədə 79 dəfə dəyişiklik edilmişdir. Artıq yeni dövr yeni qanunun qəbulunu zərurətə çevirdi. Qalib Azərbaycanın reallıqlarının təbliğatçısı olan mətbuatımızın yeniləşməsi, təkmilləşməsi bir tələb kimi qarşıya qoyuldu.

Eyni fikirləri «Siyasi partiyalar haqqında» yeni Qanunun qəbulu ilə bağlı da qeyd edə bilərik. Belə ki, sənədin qəbul olunduğu 1992-ci ildən bu günədək 27 dəfə əlavə və dəyişiklik edilib. İllər keçdikcə ölkənin həyatında yeniliklər baş verir, yeni tələblər qarşıya qoyulur. Hazırkı dövrdə tarixi Zəfərimizin reallıqlarını nəzərə alsaq siyasi islahatların dərinləşdirilməsi inkaredilməzdir. Məlum olduğu kimi, bir neçə ay əvvəl parlamentdə təmsil olunan 11 siyasi partiya Milli Məclisin rəhbərliyinə müraciət edərək yeni qanun layihəsinin hazırlanmasını təklif etdilər. Yeni qanun layihəsi hazırlandı və iyul ayında dövlət qeydiyyatına alınmış siyasi partiyalara yeni qanun layihəsi ilə bağlı təkliflərin təqdim olunması üçün müraciət edildi. 50-yə yaxın siyasi partiya 250-dən çox təkliflərini rəsmi qaydada təqdim etdilər.

Göründüyü kimi, ölkə həyatında baş verən yeniliklər cəmiyyətin idarə olunmasında əhəmiyyətli rol oynayan qanunlarımızın da təkmilləşdirilməsini, yaxud yeni sənədlərin qəbulunu bir zərurət kimi ortaya qoyur. «Siyasi partiyalar haqqında» yeni Qanunun qəbulu ilə bağlı təhlillərdə bu fikir xüsusi qeyd edilir ki, bu sənəd partiyaların fəaliyyətində nəzərəçarpacaq dəyişikliklərə yol açacaq. Onu da qeyd edək ki, sənədin hazırlanmasında Avropanın qabaqcıl ölkələrinin təcrübəsi, milli-mənəvi dəyərlərin qorunub saxlanması, ölkədə mövcud olan siyasi sistem nəzərə alınıb, Avropa Şurasının Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tövsiyələri nəzərdən keçirilib. Hər bir ölkənin inkişafında, beynəlxalq mövqeyinin möhkəmləndirilməsində, dünyaya təqdimatında siyasi partiyaların rolu inkaredilməzdir. Dövlətimiz daim siyasi partiyaların fəaliyyəti üçün bütün imkanların yaradılmasına səy göstərir. Partiyaların dövlət tərəfindən maliyyələşməsinin daim prioritet məsələ kimi öndə saxlanılması da bu diqqət və qayğının bariz nümunəsidir. Baxmayaraq ki, antimilli ünsürlər dövlətin bu addımını özlərinin maraqlarına uyğun təhlil edərək ictimai fikri çaşdırmaq üçün bunu dövlətin partiyaların fəaliyyətinə nəzarəti gücləndirməsi kimi qəbul etdirməyə çalışdılar. Qəbul edilən qanun təbii ki, siyasi partiyaların cəmiyyətdə nüfuzunun artmasına, siyasi proseslərə təsir imkanlarının genişlənməsinə öz müsbət təsirini göstərəcək. Ölkəmizdə sağlam siyasi mühit mövcuddur. Atılan bu kimi addımlar demokratik mühiti daha da təkmilləşdirir, Azərbaycanın bu dəyərlərə bağlılığını nümayiş etdirir, beynəlxalq aləmdə nüfuzunu daha da artırır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, atılan addımlar Azərbaycanın uğurlu gələcəyi üçündür.

Daha çox xəbərlər