Siyasət 

Qərbi azərbaycanlılar ata ocaqlarına qayıdacaqlar!

Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevin bu fikri qətiyyətlə vurğuladı

Azərbaycanlıların ata-baba yurdu Qərbi Azərbaycandan zorla köçürülməsini mərhələlər üzrə həyata keçirən erməni daşnaklarının vandalizminin qurbanları olan soydaşlarımız ötən əsrdə daha çox təzyiqlərə məruz qalmışlar. İrandan, Türkiyədən və digər ölkələrdən köçürülən ermənilərin Qərbi Azərbaycanda məskunlaşması üçün aborigen azərbaycanlıları sıxışdıran daşnaklar imperiyanın dəstəyi ilə etnik təmizləmə siyasətlərinə nail oldular. 1905-1907, 1918-1920, 1947-1953-cü illərdə azərbaycanlılara qarşı törədilən qırğınlar, dağıntılar nəticəsində yüz minlərlə soydaşımız evlərini tərk etməyə məcbur qaldılar. Keçmiş SSRİ-nin rəhbərliyində yüksək vəzifələrdə təmsil olunan ermənilərin hazırladıqları planlar əsasında həyata keçirilən deportasiyalar zamanı Azərbaycanın Mil-Muğan bölgəsinə yerləşdirilən soydaşlarımızın əksəriyyəti iqlim dəyişikliyinə, yurd həsrətinə tab gətirməyərək dünyalarını dəyişdilər. Sovet hökumətinin «Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında»kı 10 mart 1948- ci il tarixli qərarına müvafiq olaraq bu ərazilərə köçürülənlərin dərhal işdən azad edilməsi aidiyyəti orqanların rəhbərlərinə bir vəzifə olaraq tapşırılırdı. Çox maraqlıdır ki, Ermənistanın hakim dairələri deportasiya etdikləri azərbaycanlıların Naxçıvana getmələrini istəmirdilər. Naxçıvana torpaq iddiaları olan ermənilər bununla oradakı etnik nisbəti öz əleyhlərinə dəyişməkdən çəkinirdilər. Məsələn, Azərbaycan hakimiyyəti Vedi rayonundan olan azərbaycanlıları Naxçıvana yerləşdirmək istəsə də Ermənistanın Nazirlər Şurası guya Naxçıvanda iş imkanlarının məhdud olmasını səbəb göstərərək buna qarşı çıxmışdı. Əsl səbəb isə daşnak ideologiyasının təbliğatçılarından olan Zori Balayanın «Mən bu işi başladığıma görə yox, öz xalqımı gec ayağa qaldırdığıma görə günahkaram. Görünür , məsələni Naxçıvandan başlamağa cəsarətim çatmadı!» sözlərində əks olunub. Göründüyü kimi, Naxçıvanı əvvəlcədən «özününküləşdirən» ermənilərdə muxtar respublikaya sahib çıxmaq əminliyi həmişə olub. Kremldə yüksək vəzifələrdə çalışan ermənilərin dəstəyi ilə yaradılan keçmiş «Dağlıq Qarabağ münaqişəsi»ndən sonrakı mərhələ Naxçıvanın Ermənistana birləşdirilməsi planı idi. SSRİ Ali Sovetinin 1989-cu ilin noyabrında qəbul etdiyi «Məcburi köçürülməyə məruz qalmış xalqlara qarşı repressiya aktlarının qeyri qanuniliyi və cinayətkarlığının etiraf olunması və onların hüquqlarının təmin edilməsi haqqında» Bəyannamədə belə soydaşlarımızın Qərbi Azərbaycandan deportasiyası ilə bağlı məsələyə toxunulmamışdı. Ulu öndər Heydər Əliyev 18 dekabr 1997-ci ildə «1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında» Fərmanı imzalamaqla soydaşlarımıza qarşı həyata keçirilən deportasiyaların hərtərəfli tədqiq edilməsini, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində təşkil olunan bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsini və onun beynəlxalq ictimaiyyətə çatdırılmasını əsas vəzifə kimi qarşıya qoyub. «Azərbaycanlıların soyqırımı haqqında» 1998-ci il 26 mart tarixli Fərmanı imzalamaqla erməni-bolşevik birliyi tərəfindən soyqırıma məruz qalan azərbaycanlıların qətlinə siyasi-hüquqi qiymət verən ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycan xalqına qarşı törədilmiş qətliamlar, deportasiyalar zamanı həyatlarını itirən soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsi məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününü təsis etməsi idi.
1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirdilər. On minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi.

«Azərbaycan Qaçqınlar Cəmiyyəti”» İctimai Birliyinin hüquqi varisi olan Qərbi Azərbaycan İcmasının yaradılması erməni vəhşiliyinin qurbanları olan soydaşlarımızın xatirələrinin əbədiləşdirilməsi siyasətinin məqsədyönlü davamıdır.

Dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir. Azərbaycan Qaçqınlar Cəmiyyətinin Qərbi Azərbaycan İcmasına çevrilməsinin rəmzi mənasını «Əsas səbəb o idi ki, burada vaxtilə yerləşmiş Qarabağın məcburi köçkünlər icması artıq öz torpaqlarına qayıdır. Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar» sözləri ilə ifadə edən Prezident İlham Əliyev bildirdi ki, Zəngilan rayonunun Ağalı kəndinin nümunəsi bunu deməyə əsas verir.

Qarabağda olduğu kimi, Qərbi Azərbaycanda da xalqımıza məxsus tarixi, dini abidələrimizi dağıdan ermənilərin yalanlarını ifşa edən sənədlər, xəritələr bu torpaqların əsl sahiblərinin azərbaycanlılar olduğunu təsdiqləyir. Həmin xəritələrdəki Azərbaycan mənşəli adlar da göstərir ki, xalqımız əsrlər boyu bu torpaqlarda yaşamış, dəfələrlə erməni xəyanətlərinin qurbanı olsalar da el-obalarına sahib çıxmışlar. Həmişə başqalarının oyuncağına çevrilən, alət kimi istifadə olunan daşnakların tarixi cinayətləri olan Zəngəzur kimi digər ərazilərimizə zorla sahiblənən ermənilərin əsas məqsədi Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq olub. Erməni separatçılarını dəstəkləyən qüvvələrin Zəngəzurun Ermənistana verilməsinin əzablarını çəkən də Qərbi azərbaycanlılar olub. 1948-1953-cü illərdə başlanan deportasiyanın çətinliklərini yaşayan soydaşlarımız üçün ən ağrılı günlər 1988-cu ildən başlanan «miatsum» hərəkatı nəticəsində yaranan faciələr oldu. Erməni ideoloqların ən çox çəkindikləri ulu öndər Heydər Əliyevin 1987-ci ilin noyabrında bütün vəzifələrindən uzaqlaşdırılmasından iki həftə sonra erməni separatçıları artıq tarixə çevrilmiş «Dağlıq Qarabağ münaqişəsi»ni yaratmaqla soydaşlarımızın Qərbi Azərbaycandan son deportasiyasını da həyata keçirdilər. Ermənistanda azərbaycanlılar yaşayan şəhər və kəndlər boşaldıldı. Son olaraq Nüvədi kəndi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı. Qarabağda da xalqımıza qarşı cinayətlər törədildi.

«Qarabağın və Şərqi Zəngəzurun işğalı növbəti faciəmiz idi. Yəni, görün, təkcə XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşmişdir. Ancaq sınmadı, əyilmədi, inamını itirmədi, güc topladı və nəticədə istədiyinə nail oldu. İki il bundan əvvəl biz öz tarixi missiyamızı şərəflə yerinə yetirərək ədaləti bərpa etdik, düşmənləri torpaqlarımızdan qovduq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, erməni vandalları Qərbi Azərbaycanda yeritdikləri etnik təmizləmə siyasətlərini, cinayətlərini işğal altında qalan torpaqlarımızda törətdikləri vəhşilikləri ilə davam etdirdilər. Amma Vətən müharibəsini Qələbə ilə başa vuran Azərbaycan xalqının Ermənistana verdiyi tarixi dərs daha ağır oldu. Ağalı kəndinin timsalında tarixinə, sərvətlərinə sahib çıxan Azərbaycan xalqının eyni cəsarəti Qərbi Azərbaycanda da təsdiqləyəcəyini daşnaklara bildirdi. «Bu gün biz artıq Bala Göyçənin sahilindəyik. Bu gün biz Göyçə gölünü binoklsuz görürük…Bu gün yerləşdiyimiz yüksəkliklərdən hətta Naxçıvan dağları da görsənir. Yəni, bu, doğrudan da tarixi nailiyyətdir. Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq» söyləyən Prezident İlham Əliyev əminliklə bildirir ki, 30 il Ermənistanın işğalı altında qalan torpaqlarımız kimi, Qərbi Azərbaycandakı ərazilərimizi də hərbi gücümüz, siyasi, iqtisadi qüdrətimizlə azad edəcək, əsl sahiblərinə qaytaracağıq.

Azərbaycana qarşı qarayaxma kampaniyaların davam etdirmələrinə baxmayaraq bütün dünya ictimaiyyəti Azərbaycanın həqiqətlərinə inanır. Havadarlarının ölkəmiz əleyhinə apardıqları təxribat kampaniyaları da əbəsdir. Azərbaycan xalqı tarixi torpaqlarından əl çəkmək niyyətində deyil.

Son günlərin mühüm hadisələrindən olan Şuşa-Laçın yolunda davam edən ekofəalların aksiyası göstərdi ki, dünya birliyi tərəfindən təsdiqlənmiş ərazilərimizə, təbii sərvətlərimizə sahib çıxıb , qorumaq legitim hüququmuzdur. Qərbi Azərbaycan İcması da bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərəcək, 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvürü tamamilə dəyişdirəcək. Zorla deportasiyaya məruz qalmış Qərbi azərbaycanlıların hüquqları bərpa ediləcək. Bunun üçün beynəlxalq müstəvidə fəallıq göstərilməli, rəqəmsal platforma vasitəsi ilə tarixi həqiqətlər, ermənilər tərəfindən dağıdılan abidələrimiz, saraylar, məscidlər, şəhərlər haqqında ətraflı məlumatlar toplanılıb beynəlxalq tədbirlərdə dünya ictimaiyyətinə çatdırılmalıdır. Şəhərsalma adı altında İrəvan qalası, Sərdar sarayı kimi abidələrimizi dağıdan erməni vandalları cavab verməlidirlər. «İndi Avrasiya məkanında, yerləşdiyimiz regionda hansı ölkə monodövlətdir? Bəs, sual olunur nə üçün məhz Ermənistan monodövlətdir? Cavab aydındır, ona görə ki, imkan verməyiblər orada başqa xalqlar yaşasın. O xalqları oradan müxtəlif yollarla çıxardıblar, kimi öldürüblər, kimi hədələyiblər, kimin evini yandırıblar. Beləliklə, bütün başqa millətləri oradan qovub, başqasının torpağında özləri üçün dövlət qurublar. Bu ərazidə heç vaxt Ermənistan olmayıb. İndiki Ermənistan bizim torpağımızdır. Mən bunu dəfələrlə deyəndə, mənə irad tuturlar, çalışırlar irad tutmağa ki, mənim ərazi iddiam var. Mən bunu tarixi həqiqət kimi deyirəm. Əgər kimsə başqa versiyanı təsdiq edə bilsə, gəlsin təsdiq etsin» söyləyən Prezident İlham Əliyev bildirir ki, ermənilərin Qarabağa, Zəngəzura nə vaxt, kimlər tərəfindən köçürülməsini təsdiqləyən faktlar əsasında Qərbi Azərbaycana Qayıdış Konsepsiyası hazırlanmalıdır. Artıq gündəlikdə dayanan aktual məsələ də budur: «Əminəm ki, biz buna nail olacağıq. Bir daha onu da bildirməliyəm ki, bu yer İcma üçün təsadüfən seçilmədi, rəmzi mənası var. Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar, İnşallah.»

Buna görə də Fransa, İran kimi havadarlarına arxayınlaşan ermənilər və dəstəkçiləri İkinci Qarabağ müharibəsindəki məğlubiyyətlərini unutmamalıdır. Vardanyanlar, paşinyanlar, sarkisyanlar… bir sözlə bütün yanlar başa düşməlidirlər ki, Fransa Prezidenti Emmanuel Makronun beynəlxalq humanitar təşkilatların Qarabağ ərazisinə göndərilməsi çağırışı hayların başının altına qoyulan yastıq, ilk addımdan iflasa məhkum məkrli plandır. Makron səsləndirdiyi fikirlərlə sadəcə yenidən vasitəçiliyə can atır. Amma Fransa məsələ ilə bağlı birtərəfli mövqe tutduğuna görə belə bir vasitəçiliyin ölüm fərmanı yazılıb. Qərbi azərbaycanlılar ata yurdlarına Prezident İlham Əliyevin daim sadiq qaldığı sülh yolu ilə qayıdacaqlar. Mütləq qayıdacaqlar! Prezident İlham Əliyev «Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Mən buna inanıram, buna əminəm. Buna nail olmaq üçün hər birimiz öz səylərimizi qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs günü yaxınlaşdırmalıyıq» sözləri reallaşır.

Daha çox xəbərlər