Siyasət 

Makronun siyasi ifşası və iflası

Yerli televiziya kanallarına müsahibəsində Fransanın ölkəmizə qarşı qərəzli münasibətlərini separatizmə dəstək adlandıran Prezident İlham Əliyev qərəzsiz diplomatiya tərəfdarı olduğunu bildirib

Dünyanın sanki cazibə qüvvəsinə çevrilən Cənubi Qafqazın geosiyasi əhəmiyyətinin birbaşa Azərbaycanla bağlı olması barədə söylənilən həqiqətin izahına ehtiyac yoxdur. Bütün istiqamətlərdə söz və güc sahibi olduğunu İkinci Qarabağ müharibəsinin məntiqi nəticəsi kimi Ermənistan üzərindəki Zəfəri, Avropa ölkələri üçün enerji dəhlizi rolunu oynaması ilə təsdiqləyən Azərbaycanla əməkdaşlığa artan maraq da təsadüfi deyil.

Artıq zərb-məsələ çevrilmiş «Azərbaycan Avropa ölkələrinin alternativsiz enerji mənbəyidir» sözlərinin intensiv təkrarlanması, Azərbaycan ilə Avropa İttifaqı arasında «Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu»nun imzalanması, Yunanıstan- Bolqarıstan Qaz İnterkonnektorunun istifadəyə verilməsi, İtaliyada 48-ci Beynəlxalq Çernobbio Forumu çərçivəsində «Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu”» mövzusunda keçirilən tədbir Azərbaycanın bu sahədə liderliyini təsdiqlədi. Bunlardan əlavə Bakıda, ADA Universitetində «Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat» mövzusunda beynəlxalq konfransda qədim İpək Yolunun üzərində yerləşən ölkəmizin geostrateji əhəmiyyəti barədə xoş sözlərin səslənməsi, Buxarestdə «Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş»in imzalanması, Azərbaycanla Səudiyyə Ərəbistanının dünyada məşhur «ACWA Power» və «Masdar» şirkətləri arasında təməlqoyma mərasimlərinin keçirilməsi, günəş, külək elektrik stansiyalarının inşası ilə bağlı danışıqların aparılması neft strategiyamızın, enerji siyasətimizin dəstəklənməsidir.

Çox təəssüf ki, Azərbaycanın qazandığı bu uğurlar illərdən bəri separatizmi, işğalçılıq siyasətini davam etdirən təcavüzkar qonşumuzu dəstəkləyən Fransanın məcazına uyğun gəlmir. Praqada keçirilən «Avropa siyasi birliyi» Zirvə Toplantısından sonra iç üzünü Fransa Senatının 15 noyabr 2022-ci ildə qəbul etdiyi «Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi» adlı qərəzli qətnamə ilə ortaya qoyan Prezident Emmanuel Makron bunlarla da kifayətlənmədi. Bu ölkənin ermənipərəst Senatının ölkəmizi «təcavüzkarlıqda» ittiham etməsi, «Azərbaycana qarşı sanksiyaların tətbiqi» kimi əsassız, qərəzli təkliflər səsləndirilməsi, Azərbaycanın Qarabağ bölgəsində ermənilərin yaşadıqları ərazilərdə bu ölkənin «humanitar bürosu»nun yaranması tələbləri, Frankofoniya təşkilatının 18-ci Zirvə Görüşü çərçivəsindəki sərsəmləmələr növbəti təxribatı idi. ATƏT-in artıq çoxdan dəfn edilmiş ölü Minsk qrupunu diriltmək üçün hər cür saxtakarlığa, hiyləyə əl atan Makronun cılızlığını «Azərbaycan xoş məram göstərərək, Fransa Prezidentinə bu görüşdə iştirak etməyə icazə verdi. Lakin Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Fransa Prezidenti bəyanatlarında Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik» sözləri ilə ifşa edən Prezident İlham Əliyev bu günlərdə yerli televiziya kanallarına müsahibəsində də özü kimi separatçı, qaniçənliyi genlərində daşıyan erməniləri dəstəkləyən makronizm siyasətinin sağlam düşüncəyə əsaslanmadığını bildirib.

Qeyd edək ki, Fransanın ermənipərəst siyasəti başqalarının işinə qarışmaq baxımından qəbuledilməzdir. «Artsax» adlanan nə bir dövlət, nə də bir ərazi var. «Artsax» erməni separatizminin quraşdırdığı gülünc bir addır Təsdiq olunmuş həqiqət budur ki, Qarabağ tarixən türk yurdu olub və bundan sonra da elə qalacaq. Belə ki, dünyada dəstəklənən Azərbaycanın sülh diplomatiyası ilə müqayisədə Makronun uydurduğu yalanlar fərziyyədir.

Türkün qatı düşməni olduğunu qondarma «erməni soyqırımı»nı tanıması ilə bildirən, 2011-2012-ci illərdə bu qondarma soyqırımının inkarına görə cəzanın tətbiqini ehtiva edən qanunun qəbulu ilə erməni sevgisini bildirən Fransanın illərdən bəri artıq tarixdən silinmiş «Dağlıq Qarabağ respublikası»nın tanınması ilə bağlı mənfur niyyətləri Azərbaycanın beynəlxalq hüquqa əsaslanan uğurlu diplomatiyası qarşısında məğlub oldu. Fransa Senatının separatçı rejimin iddialarının legitimləşdirilməsi istiqamətində göstərdiyi cəhdlərin qarşısı alındı. Makronçuların Klermont-Ferrand şəhərində Ermənistanın ərazi iddialarını dünyanın siyasi gündəminə gətirmək niyyətləri də baş tutmadı. Həmin şəhərdəki meydanlardan birinə qondarma «erməni soyqırımı» iddiası ilə «Ermənistan» adının verilməsi, bu münasibətlə keçirilən tədbirdə «artsax»ın əski parçasına bənzəyən “bayrağının”  dalğalandırılması Fransaya xas separatizmin dəstəklənməsinin formulu idi. Qarabağın ermənilər yaşayan ərazilərində guya Azərbaycanın «humanitar fəlakət» yaratdığını bəhanə edərək məsələnin BMT-nin Təhlükəsizlik Şurasında müzakirəsinə çalışsa da növbəti dəfə diplomatik uğursuzluğa məruz qalan Makron cici-bacıları olan ermənilərin könlünü başqa cür alır. Bu günlərdə Fransa parlamentinin vitse-spikeri Valeri Rabo, Xarici əlaqələr komissiyasının sədri Jan-Lui Burlanj, deputat Anne Jenet və İqtisadi məsələlər komissiyasının sədr müavini, Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Patelin daxil olduğu nümayəndə heyətinin Ermənistana səfəri «üzürü günahından betər» təsəvvürü yaradır. Azərbaycanın Ermənistan üzərindəki Qələbəsi ilə hələ də barışmaq istəməyən Makronun əsas məqsədi Cənubi Qafqazda yerləşməkdir.

Makrona qədər Fransa- Azərbaycan münasibətlərinin qarşılıqlı anlaşma şəraitində davam etdiyini bildirən Prezident İlham Əliyev müsahibəsində bu məsələyə də toxunub: «Ona görə mən hesab edirəm ki, mövcud vəziyyət indiki Fransa hökumətinin əməlidir. Mən ümid edirəm, Fransada gələcəkdə elə bir hökumət formalaşacaq ki, Azərbaycanla olan əlaqələri qiymətləndirəcək. Çünki biz həmişə öz siyasətimizdə ancaq dostluq niyyəti ilə onlarla əməkdaşlıq etmişik. Əvvəlki dövrdə, mən deyə bilərəm ki, 10-dan çox şəhərlərimiz qardaşlaşmışdır, gediş-gəliş var idi, bir çox nümayəndələr gəlmişdi, Prezident Sarkozi, Prezident Olland Azərbaycana səfərlərə gəlmişlər. İndi isə vəziyyət tam fərqlidir. Mən bu yaxınlarda qapalı bir görüşdə demişəm ki, Fransa bizsiz yaşaya bilər, biz də Fransasız yaşaya bilərik, heç onlar da hiss etməzlər, biz də hiss etmərik. Amma budur yol, bu, onların seçimidir və biz yenə də onlara qarşı heç nə etməmişik. Sadəcə olaraq, müharibə dövründə cavab vermişik» söyləyən Prezident İlham Əliyev Vətən müharibəsi dövründə Fransanın Azərbaycana qarşı təxribatlarını böhtan adlandırır. «İndi mən onlardan üzrxahlıq tələb edirəm. Onlar bizi şərləmişdilər, demişdilər ki, guya biz cihadçılar gətirmişik. Bir dənə də sübut yoxdur. Üzr istəyiblərmi bizdən? Yox.» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Makronun Azərbaycana qarşı hazırladığı qətnamənin BMT Təhlükəsizlk Şurasında dörd ölkə tərəfindən rədd edilməsi makronizmin qərəzli manipulyasiyalarının ifşası və iflası deməkdir.

Daha çox xəbərlər