Növbəti hədəfin ünvanı: Bərpaolunan enerji
Azərbaycan daha bir istiqamətdə ixraca başlamağa hazırlaşır. Bu, “yaşıl enerji”dir. Artıq bu məhsulun istehsalı ilə yanaşı, nəqli sahəsində də işlərə başlanılıb.
Yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışında bu məsələdən bəhs edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın bərpaolunan enerji ilə bağlı proqramı tamamilə fərqli gündəliyə malikdir: “Biz Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik. Enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq”.
Dövlət başçısının qeyd etdiyi məhsullar Azərbaycanın ixracının əsasını təşkil etməkdədir. Ölkə iqtisadiyyatına qoyulmuş xarici investisiyanın əsas hissəsini enerji sektoru təşkil edir. Ümumilikdə isə enerji sektoru uzun illərdən bəri Azərbaycan iqtisadiyyatının lokomotividir və bunun hələ bir müddət də davam edəcəyi şübhəsizdir.
Ancaq ölkə başçısının son illərdən apardığı siyasət onu deməyə əsas verir ki, Azərbaycan enerji sektorunda şaxələndirməni davam etdirmək niyyətindədir. Belə ki, Azərbaycanın iqtisadiyyatının əsasını təşkil edən enerji ixracı əvvəlcə xam neftə və onunla bağlı məhsullara bağlı idisə, sonradan bu siyahıya təbii qaz da əlavə edilib. Ölkəmiz təbii qazla bərabər, onun əsasında istehsal edilən elektrik enerjisi ixrac edir. Növbədə isə bərpaolunan enerjidir.
Prezident İlham Əliyev sözügedən tədbirdə qeyd edib ki, ötən il Azərbaycandan 19 milyard kubmetr təbii qaz ixrac edilib. Bərpaolunan enerjiyə gəldikdə, ölkə başçısı vurğulayıb ki, quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur: ”Yəni, 200 qiqavata yaxın potensial var. Əlbəttə ki, bizə kifayət qədər ixrac marşrutları lazımdır. Təbii ki, biz bütün bu layihələri mərhələli şəkildə icra edirik”.
Qeyd edək ki, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq.
Ölkə başçısı isə “Masdar” və SOCAR arasında imzalanan 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşmaya toxunaraq bunun qısamüddətli layihə olduğunu, ortamüddətli layihələr nəticəsində gücün 10 qiqavata qədər artırılacağını bəyan edib: “Bu, tamamilə icra olunandır, bununla bağlı yol xəritəmiz var. Yalnız həmin layihə nəticəsində “Masdar” ilə apardığımız əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir”.
Lakin bərpaolunan enerji mənbələri ilə yanaşı, onun ixrac edilməsi ilə bağlı marşrutlar və infrastruktur da gərəklidir. Artıq bu istiqamətdə də ilk addımlar atılıb. Ötən ilin dekabr ayının 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzalanıb. Saziş Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etməyi nəzərdə tutur. Bu, Azərbaycanın bərpaolunan enerji potensialı və istehsal imkanları ilə müqayisədə kiçik göstərici olsa da ixrac üçün artıq razılaşdırılmış həcmi əhatə edir. Gələcəkdə tələbata uyğun olaraq ixrac marşrutları və infrastrukturun genişlənməsi üçün əngəl görünmür.
Bir sözlə, indiyədək neft və qaz sektoruna böyük sərmayələr cəlb edən Azərbaycan üçün növbəti hədəf bərpaolunan enerjidir. Yeni investisiyalar isə istehsal, iş yerləri, ixrac və digərləri deməkdir.

