Talana son qoyulmayınca…
Beynəlxalq konvensiyaları kobudcasına pozaraq üçüncü bir ölkənin ərazisində – işğal edilmiş ərazilərdə faydalı qazıntıların qanunsuz istismarı ilə məşğul olmuş 30-a yaxın ölkənin şirkətləri vurduqları ziyanın təzminatını mütləq ödəyəcəklər
Erməni separatçılarının 30 illik işğal dövründə Qarabağda faydalı qazıntı yataqlarını qanunuz istismar etməsi nəticəsində Azərbaycan dövlətinə vurulan maddi, ekoloji, mənəvi ziyanı hesablamaqla bitməz. Çünki bu zərərin həcmi, miqyası çox böyükdür. Bu müddət ərzində işğal altındakı Azərbaycan ərazisində hasil olunan qiymətli metal resursları Ermənistana daşınmış, burada müəyyən saflaşdırma mərhələsindən keçdikdən sonra üçüncü ölkələrin bazarlarında satışı həyata keçirilmişdir. Şübhəsiz, separatçıların bu cinayəti cəzasız qalmamalıdır. Bu səbəbdən də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə yataqların qanunsuz istismarına etiraz olaraq vətəndaşlarımız 1 aydan çoxdur ki, aksiyaya başlayıblar. Azərbaycan bu sərvətinin ermənilər tərəfindən qanunsuz istismarının davam etdirilməsinə icazə vermək niyyətində deyil. Bu mənada Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının məqsədə çatana qədər davam etməsi istisna edilmir. Ermənistan tərəfi Azərbaycan dövlətini bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və “humanitar böhran” yaratmaqda ittiham edir. Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər. Ərazi humanitar məqsədlər üçün açıqdır, sərbəst hərəkətə heç bir maneə yoxdur. Yanvarın 17-də Rusiya sülhməramlılarına aid 39 maşın hər iki tərəfə maneəsiz hərəkət edib. Bu da bir daha onu göstərir ki, siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir. Göründüyü kimi, Bakı Qarabağ separatçılarının və Ermənistanın Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməsinə son qoyulmasında israrlıdır.
Qeyd edək ki, vaxtilə işğal altında olan ərazilərimizdə təsdiq edilmiş ehtiyatlara malik filiz, qeyri-filiz, tikinti materialları, yeraltı içməli və termal-mineral su olmaqla, 167 yataq mövcud olub. Bu yataqlardan 40-ı Laçın, 34-ü Kəlbəcər, 8-i Şuşa, 4-ü Xocalı, 2-si Xocəvənd, 15-i Ağdam, 6-sı Füzuli, 11-i Tərtər, 11-i Zəngilan, 26-sı isə Cəbrayıl rayonları ərazisində yerləşib. Kəlbəcər rayonunda yerləşən Söyüdlü (ehtiyatı, qızıl -112.5 ton, gümüş-190.3 ton, selen-249 ton, tellur-45.8 ton), Qızılbulaq (ehtiyatı, qızıl-17,5 ton, gümüş-18.9 ton, mis-47.9 min ton, kükürd-274.4 min ton), Ağduzdağ (ehtiyatı, qızıl-13,5 ton) və Zəngilan rayonunda yerləşən Vejnəli yatağı (ehtiyatı, qızıl- 6.52 ton, gümüş-10.74 ton, mis -2942 min ton) xüsusilə qeyd edilə bilər. Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev yanvarın 17-də keçirilən mətbuat konfransında bildirib ki, ölkəmizin ərazisində mineral xammal ehtiyatlarının istismarı ilə 30-a yaxın ölkənin şirkətləri məşğul olub. Bunlar Kanada, Avstraliya, ABŞ, İngiltərə, Almaniya, İsveçrə, Rusiya, Hindistan kimi ölkələrin şirkətləridir. Mineral xammal ehtiyatları qanunsuz istismar edilərək Ermənistana və oradan xarici ölkələrə daşınıb: “Əsasən iri qızıl və mis yataqlarında ciddi istismar işləri aparılıb. Həmin yataqlar Kəlbəcər rayonu ərazisindəki “Söyüdlü” və “Qızılbulaq” qızıl yataqları, Tərtər rayonu ərazisindəki “Dəmirli” mis yatağı, eyni zamanda, Zəngilan rayonu ərazisindəki “Vejnəli” qızıl yatağıdır. Burada əsasən “Sterlite Gold” LTD, “Base Metals” LTD, “First Dynasty Mines” LTD, “GeoproMining Gold” Company, “Armenian Copper Program”, “Vallex Group”, “Global Gold”, “Vedanta Resources” şirkətləri fəaliyyət göstərib”.
Həmin şirkətlər üçüncü bir ölkənin ərazisində – işğal edilmiş ərazilərdə qanunsuz olaraq fəaliyyət göstəriblər. Əslində bunların hamısı beynəlxalq qanunların, konvensiyaların pozulmasıdır. Həmin dövlətlərin hər biri fəaliyyətlərinin cavabdehi olmalı, qanunsuz istismarda iştirak etmiş şirkətlərə qarşı hüquqi tədbirlər icra edilməlidir. Qanunsuz şəkildə Azərbaycanın on minlərlə ton mineral xammal ehtiyatlarını talan edən rejim əldə edilən pulları regionda separatizmi dəstəkləyən qüvvələrin saxlanılmasına sərf edib. Prezident İlham Əliyev bu məsələlərlə bağlı deyib: “Vejnəli qızıl yatağının xarici vətəndaşlar tərəfindən, o cümlədən erməni əsilli xarici vətəndaşlar tərəfindən qanunsuz istismar edilməsi onlara baha başa gələcək. Biz o adamların adlarını bilirik. Biz onları dünya qarşısında ifşa edəcəyik və bizə təzminat ödəyəcəklər. Vurulmuş ziyanın təzminatını mütləq ödəyəcəklər”.
Qeyd edək ki, “Base Metals” şirkətinin “Dəmirli” mis-molibden yatağında qanunsuz istismarını dayandırması artıq bu müstəvidə əldə edilən ilk nəticədir. 2002-ci ilin avqust ayında yaradılmış “Base Metals” MMC uzun müddət Ağdərə rayonunda qızıl ehtiyatı 13,5 ton olan Qızılbulaq kəndindəki mis-qızıl mədənlərini talayaraq mədəndən hər ay 12 min ton filiz emal edib və tərkibində qızıl olan misi Avropa bazarına çıxarıb. Kəlbəcərdə “Söyüdlü”də, Zəngilanda “Vejnəli”də, başqa yerlərdəki qızıl yataqlarımız da xarici şirkətlər tərəfindən ermənilərin vasitəçiliyi ilə istismar edilib. Ümumiyyətlə, işğal dönəmində Kəlbəcər, Laçın, Tərtər və Ağdamda qızıl, gümüş, mis, molibden, civə yataqları, Cəbrayıl, Kəlbəcər, Laçında dəmir, xrom, Tərtər və Kəlbəcərdə kükürd, Ağdam, Füzuli, Cəbrayıl ərazilərindəki qum, çınqıl, gil və digər faydalı qazıntı yataqlarında işğalçı Ermənistan tərəfindən qanunsuz və intensiv şəkildə hasilat işləri aparılıb, faydalı qazıntılar, əlvan və qara metallar, mineral sular, həmçinin digər şirin su resursları, meşə fonduna daxil olan torpaqlar amansız istismar olunub, flora və faunası məhv edilib. Bütün bunlara görə, dəymiş zərərin ödənilməsi üçün ölkəmiz beynəlxalq instansiya məhkəmələrində müvafiq işlər aparır. Bununla bağlı beynəlxalq təşkilatlara müraciət də hazırlanıb.

