Gündəm 

Əgər İrəvan ağıllanmasa…

Rusiya Ermənistana bir düjin təhlükə vəd edir

İpə-sapa yatmayan Ermənistan Rusiya əleyhinə atdığı addımlarından geri çəkilmək niyyətində deyil. Adəti üzrə namərdliyini göstərən ermənilər Rusiyanın Ukrayna ilə müharibədə vəziyyətinin çətinliyindən istifadə edərək onun “qoltuğundan” çıxmağa çalışırlar. Görünür, baş nazir Paşinyan hesab edir ki, ölkə ərazisindəki Rusiya sərhəd qoşunlarını, 102-ci hərbi bazada cəmlənən qüvvəni və sülhməramlı adı altında gətirilmiş qoşunları dinc surətdə ərazisindən çıxarmağa müvəffəq olacaqdır. Hadisələrin gedişi isə bunun əksini göstərir. Hiss olunur ki, Rusiya etdikləri xəbərdarlıqlara əməl edilməməsindən hiddətlənir və şəkkak erməniləri cəzalandırmağa hazırlaşır.

Bu günlərdə Rusiya Avropa İttifaqının 200 müşahidəçisinin Ermənistanda yerləşdirilməsi ilə bağlı İrəvana xəbərdarlıq göndərdi və əsas diqqətçəkən məqam mesajın kifayət qədər sərt və hədələyici tonda olmasıdır.

Yaranmış şəraitdən belə anlaşılır ki, rəsmi İrəvan Ermənistandakı Rusiya qoşunlarını yaxın gələcəkdə “Avropa Birliyi şneli”nə bürünmüş yarımhərbi kontingentlə əvəzləmək ümidindədir. Əslində, Avropa Birliyinin mülki missiyası yarımhərbi kontingent standartlarına elə indidən uyğun gəlir. Belə ki, bəzi məlumatlara görə, bu missiyanın rəhbərliyinə keçmiş hərbçilər təyin olunub. Tərkibində isə xarici ölkə xüsusi xidmət servislərinin əməkdaşlarının təmsil olunacağı iddia edilir. Hətta ABŞ və NATO-ya aid kəşfiyyatçıların da bu missiyanın tərkibinə yerləşdirilmə mexanizmləri də artıq mövcuddur. Yəni, bundan sonrakı iki il ərzində Paşinyan hakimiyyətinin xəyanəti ucbatından Rusiyaya qarşı Ermənistan ərazisində geniş kəşfiyyat fəaliyyəti göstəriləcək.

Xəbərdarlıqda  bunun bölgədə geosiyasi qarşıdurma yarada biləcəyi və mövcud münaqişələri daha da gərginləşdirəcəyi qeyd olunur. İkincisi, Aİ-nin Ermənistanda mövqe tutması Rusiyanın vasitəçilik missiyasına təhdid, eləcə də Bakı-İrəvan xəttində sülh prosesinə zərbə olaraq qiymətləndirilir. Üçüncüsü, regionun təhlükəsizliyinin əsas amili kimi Qarabağdakı sülhməramlılar və Ermənistandakı rus sərhədçiləri göstərilir. Dördüncüsü, Rusiya sərhədçilərinin proseslərin inkişafına uyğun Aİ müşahidəçilərinə reaksiya verəcəyi açıq şəkildə bildirilir. Bu, o deməkdir ki, Ermənistan çox da baş aparmasın, quyruğunu qısıb yerində otursun.

Bəyanatda KTMT-nin missiyasının bölgəyə göndərilməsi üçün Ermənistandan cavab gözlənildiyi qeyd olunur.  Bu, Moskvanın hələlik praktiki mərhələdə addım atmayacağı deməkdir, lakin İrəvanın Aİ missiyasında mövqeyindən geri çəkilməməsi və xəbərdarlığın fonunda Rusiyanın Paşinyan hakimiyyətinə qarşı ata biləcəyi mümkün addımları da aktuallaşdırır. Real ehtimallara görə, Rusiya Ermənistandan elə-belə sakitcə çıxıb getməyəcək. Buna görə də orada yerini möhkəmləndirmək üçün bir neçə varianta əl ata bilər. Birincisi, rus sərhədçilərinin dayandığı İran və Türkiyə sərhədində qaçaqmalçılıq kimi insidentlərin intensiv baş verəcəyi istisna deyil və bu kimi hallarla Moskva ermənilərə mövcudluğunun nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirəcək.

Digər ehtimala görə, Aİ müşahidəçilərinin rus sərhədçilərinin işini təftiş edəcəyi haqda məlumatlar var. Təbii ki,  Moskvanın xəbərdarlığı da bu informasiyaların reallığını gücləndirir və rusların buna qarşı reaksiyası gərginliyin pik həddə çatması ilə nəticələnəcək və Moskva bu gərginliyi sərhəddə təhlükəsizliyə təhdid yarada biləcək “hadisələrlə” öz xeyrinə həll etməyə çalışacaq. Belə vəziyyətlərdə şübhəsiz ki, Rusiya əvvəlki “zəngin” təcrübələrindən istifadə edəcək.

Ermənistanda siyasi qüvvələrin hakimiyyətə təzyiq kartlarını aktivləşdirməklə yanaşı, erməni ordusu daxilində ruslara bağlı qüvvələrin hərəkətə gətirilməsi, eləcə də hərbi və ictimai təhlükəsizliyin pozulması kimi gedişlər də edilə bilər. Məlumdur ki, Ermənistan ordusunda yüksək çinli zabitlər şəbəkəsi mövcuddur ki, onlar lazımi məqamda İrəvanın deyil, Moskvanın tapşırıqlarını yerinə yetirəcəklər.

Məhz buna işarə edən Moskva xəbərdarlıq edir ki, Aİ missiyasının gətirilməsi “mövcud münaqişələri daha da gərginləşdirəcək” və istisna deyil ki, burada Azərbaycan və Ermənistan arasında baş vermiş sərhəd toqquşmaları nəzərdə tutulur.  Rusiya erməni ordusu daxilindəki qüvvələrin əli ilə sərhəddə Azərbaycana qarşı təxribatlar törədə və Bakının adekvat cavabına zəmin yarada bilər. Aydındır ki, bu planın həyata keçirilməsi Ermənistana ağır nəticələr vəd edir.

Moskvadan İrəvana verilən əsas mesajlardan biri də Ermənistanın Azərbaycan qarşısında tək buraxılmasıdır. Ermənistan üçün ən təhlükəlisi də bu variantdır. İki ildən artıqdır ki,  İrəvanın üçtərəfli razılaşmalarda götürdüyü öhdəlikləri icra etməməsi, eyni zamanda, sərhədin Azərbaycanın tələblərinə uyğun delimitasiyası problematik olaraq qalır və hadisələr Bakının praktiki addımlar mərhələsinə keçidi istiqamətində inkişaf edə bilər. Məsələn, son günlər xüsusilə gündəmə gələn Qazaxın 7 kəndi, Sədərəyin Kərki kəndi və SSRİ dövründə ermənilərə bağışlanan ərazilərin azad edilməsi mümkün ssenarilərdən biridir və belə bir perspektivdə Rusiyanın neytral mövqeyi ilə İrəvanı cəzalandırması istisna deyil.

Beləliklə, Moskva rəsmi İrəvana əgər “ağıllanmasa” onu necə ölümcül təhlükəli vəziyyətlərin gözlədiyini xatırladır. Sıra Ermənistanındır, taleyi öz əlindədir, hansı addımlar atacağı hələ məlum deyil. Mövcud vəziyyət isə, yəni Moskva-İrəvan toqquşması Bakıya prosesləri öz xeyrinə dəyişmək üçün əlverişli şərait yaradır. Bütün hallarda kimin udub-uduzacağını hələlik dəqiq bilməsək də, pərişanının Ermənistan olacağı məlumdur.

Daha çox xəbərlər