Azərbaycan-Misir: Böyük potensiala malik əməkdaşlıq
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin ölkəmizə son səfəri, yüksək səviyyəli müzakirələr iki dost ölkə arasında siyasi və iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək
Bu gün dünyada sülh və sağlam əməkdaşlıq örnəyinə və tərəfdaş ölkəyə çevrilən Azərbaycan həm Avropa, həm də İslam ölkələri və təşkilatları ilə sıx əlaqədədir. Ötən il diplomatik əlaqələrimizin qurulmasının 30 illiyini qeyd etdiyimiz Misir də bu ölkələr sırasında mühüm yer tutur. Bu baxımdan, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin ölkəmizə son səfəri əlamətdar hadisə olmaqla yanaşı, həm də qarşılıqlı əlaqələrin inkişafında yeni səhifənin açılmasına səbəb olub.
İki ölkə arasında diplomatik münasibətlərin əsası 1992-ci il martın 27-də qoyulub. Misirin Bakıdakı səfirliyi 1993-cü ilin aprel ayından, Azərbaycanın Qahirədəki səfirliyi isə 1994-cü ilin yanvar ayından fəaliyyət göstərir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirəyə işgüzar səfəri Misirlə Azərbaycan arasında diplomatik əlaqələrin və yüksək səviyyəli səfərlərin faktiki başlanğıcı hesab olunur.
O vaxtdan bəri iki ölkə energetika, əczaçılıq, mədənçıxarma sənayesi və bir çox digər sahələrdə qarşıqlı səmərəli münasibətlərə malikdir. Bu günədək Misir və Azərbaycan əməkdaşlığa dair 60-a yaxın razılaşma imzalayıb. İki ölkə, həmçinin beynəlxalq təşkilatlar, o cümlədən, İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq edir. Azərbaycanla Misir arasında iqtisadi əlaqələr möhkəmlənib. Belə ki, hazırda ölkəmizdə Misir investisiyalı 51 şirkət fəaliyyət göstərir.
Hələ 2002-ci ilin oktyabrında Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiya yaradılıb ki, bunun da fəaliyyəti nəticəsində əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atılıb. Komissiyanın fəaliyyətinin nəticəsi olaraq indiyədək ölkələrimiz arasında 50-yə yaxın sənəd imzalanıb, 21 sənəd layihəsi isə müzakirə mərhələsindədir.
Ulu öndər Heydər Əliyevin əlaqələri inkişaf etdirmək istiqamətində həyata keçirdiyi siyasətin nəticəsi olaraq 2005-ci il noyabrın 6-13-də Misirdə Azərbaycan və 2006-cı il noyabrın 20-28-də Azərbaycanda Misir mədəniyyət günləri keçirilib.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il mayın 6-8 tarixində Misir Ərəb Respublikasına rəsmi səfəri Azərbaycanın Misirlə əlaqələrinə nə dərəcədə önəm verdiyinin göstəricisidir. Bu səfər iki ölkə arasında müxtəlif sahələrdə 12 sazişin imzalanması ilə nəticələnmişdir. Dövlətimizin başçısı səfər çərçivəsində Qahirədə Azərbaycan səfirliyinin yeni binasının açılış mərasimində iştirak edib.
Azərbaycanla Misir arasındakı güclü diplomatik əlaqələr çərçivəsində Misirin Qəlyubiyyə vilayətində bu ölkənin tarixində ilk dəfə olaraq Misir-Azərbaycan dostluğu parkı salınmış, bu parkda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılmış, həmin vilayətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva adına məktəb açılmışdır. Bunun müqabilində Abşeron rayonunda Azərbaycan-Misir dostluğu parkı salınmış, Firon dövründə olan bir yazarın heykəli ucaldılmış, bundan əlavə, burada bir məktəb istifadəyə verilmişdir.
Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 14 şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Enerji sahəsində əməkdaşlığımız çoxşaxəlidir və bu əlaqələrin genişləndirilməsi üçün tədbirlər həyata keçirilir. Eyni zamanda, SOCAR Misirin Dövlət Neft Şirkəti ilə əməkdaşlıq edir. Əlaqələrimiz turizm sahəsində də inkişaf edir və son illər Misirdən Azərbaycana gələn turistlərin sayı 50 faiz artıb. Eyni zamanda, Azərbaycanla Misir arasında bir sıra mühüm sosial layihələr həyata keçirilir. Dövlətlərarası ticarət dövriyyəsi 2020-ci ildə 7792.48 ABŞ dolları həcminə yüksəlib.
Son statistik məlumatlara əsasən, Azərbaycanla Misir arasında 2022-ci ilin yanvar-noyabr ayları ərzində əmtəə dövriyyəsi 16,1 milyon dollar təşkil edib ki, bunun da 2,5 milyon dolları Azərbaycandan Misirə ixracın, 13,6 milyon dolları isə ölkədən idxalın payına düşüb.
Misirlə Azərbaycan arasındakı siyasi əlaqələrdən danışdıqda bir vacib məqamı da qeyd etmək lazımdır ki, Misir beynəlxalq arenada Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın haqlı mövqeyinə dəstəyini ifadə etməklə yanaşı, münaqişənin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib. Misir Ərəb Respublikası Zəfər savaşı günlərində və ondan sonra da Azərbaycanın haqlı mövqeyinə dəstək verib. İslam Konfransı Təşkilatı və digər beynəlxalq qurumlarda da Azərbaycan həmişə rəsmi Qahirənin dəstəyini qazanıb. Bundan başqa, Misir dəfələrlə Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki yenidənqurma işlərində maraqlı olduğunu ifadə edib.
Xatırladaq ki, Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana son səfəri, aparılan danışıqlar, keçirilən müzakirələr və qarşılıqlı faydalı əməkdaşlıq haqqında sənədlərin imzalanması münasibətlərdə yeni inkişaf səhifəsinin açıldığını deməyə əsas verir. Prezident Əbdülfəttah Əs-Sisinin səfəri çərçivəsində Bakıda həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlərdə bir çox məsələlər müzakirə edilib və gələcək əməkdaşlıq haqqında vahid mövqeyə gəlinib ki, bu əməkdaşlıq dərinləşdirilməlidir və genişləndirilməlidir. Azərbaycanla Misir təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirmək, beynəlxalq terrorçuluğa qarşı mübarizəni gücləndirmək üçün də birgə addımlar atmağı planlaşdırır.
Səfər çərçivəsində keçirilmiş görüşlərdə tərəflər ticarət əlaqələrini inkişaf etdirərək iqtisadi tərəfdaşlığı gücləndirmək niyyətlərini bildiriblər. İki ölkə arasında xüsusilə neft və qaz sahələrində əməkdaşlıq üçün geniş fürsətlər var. Səfər çərçivəsində dövlət başçılarının iştirakı ilə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Misir Ərəb Respublikasının Su Ehtiyatları və Suvarma Nazirliyi arasında su ehtiyatlarının idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Misir Ərəb Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Ticarət və Sənaye Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.
Misir Prezidentinin Azərbaycana səfərinin bundan sonrakı əlaqələrin inkişafına böyük töhfə verəcəyini bildirən dövlətimizin başçısı İlham Əliyev keçirilən səmərəli görüşlərdə bir çox məsələlərin müzakirə edildiyini və gələcək əməkdaşlıq haqqında vahid mövqeyə gəlindiyini, bunun üçün bütün imkanların olduğunu söylədi. Gələcək əməkdaşlığa toxunan Prezident İlham Əliyev BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar çərçivəsindəki tədbirlərdə ənənəvi olaraq tərəflərin gələcəkdə də bir-birinə qarşılıqlı dəstək göstərəcəyini vurğuladı.
Göründüyü kimi, Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında ikitərəfli əlaqələrinin uğurlu inkişafı xalqlarımız və dövlətlərimiz üçün çox faydalı olacaq.

