Siyasət 

Azərbaycan Avropa üçün daha da yaxın olacaq

Dövlət başçısı İlham Əliyevin Macarıstana dövlət səfəri ölkəmizin enerji təhlükəsizliyinin təminatında artan roluna bir daha işıq saldı

«Əlbəttə, enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və hesab edirəm ki, dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra – təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun. Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı məhz belə də adlandırır: etibarlı tərəfdaş.» Dövlət başçısı İlham Əliyev Macarıstana dövlət səfəri bir daha Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolunun təqdimatı oldu. Dövlət başçısı İlham Əliyevin  Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə görüşlərində, həmçinin mətbuata bəyanatlarında bu mühüm məqam bir daha diqqətə çatdırıldı ki, Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri böyükdür.

Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsi yeni-yeni enerji layihələrinin gündəmə gətirilməsinə və uğurlu sonluqla başa çatdırılmasına geniş yol açır. Əvvəlcə regional çərçivədə başlanan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirdi, çoxtərəfli əlaqələrin qurulması üçün imkanlar yarandı. Bütün bu uğurların təməlində ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası dayanır. Ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi” Azərbaycanı dünyaya etibarlı tərəfdaş kimi təqdim etdi. Bu isə öz növbəsində 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanmasını şərtləndirdi. Müqavilənin vaxtının 2050-ci ilə qədər uzadılması özündə ölkəmizin bu gününə və gələcəyinə olan inamı əks etdirir. Azərbaycanın ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirdikdə də bu məqam  özünü qabarıq şəkildə büruzə verir ki, münasibətlər strateji tərəfdaşlıqdan etibarlı tərəfdaşa doğru inkişaf edir.

Azərbaycanın Avropa İttifaqı, eyni zamanda, bu beynəlxalq təşkilatın üzvü olan ölkələrlə əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi göz qabağındadır. Enerji təhlükəsizliyi məsələsi daim aktual mövzu olub və bu gün bu məsələnin prioritetliyi özünü daha aydın şəkildə büruzə verir. Əsas diqqət çəkən məqam tarixən neft ölkəsi olan Azərbaycanın bu gün qaz, həmçinin elektrik enerjisi  ixracatçısı kimi beynəlxalq aləmdə rolunu artırmasıdır. Qeyd edək ki, Azərbaycan qazının Avropaya nəqli 2020-ci ilin axırında Cənub Qaz Dəhlizinin sonuncu seqmentinin – TAP-ın işə düşməsi ilə başlayıb. Hazırda Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya Azərbaycan qazının alıcılarıdır. Bu günümüzün reallıqlarından da göründüyü kimi, yeni çağırışlar qarşısında Azərbaycan qazına tələbat artır”.

Ötən ilin iyul ayında Azərbaycanla Avropa İttifaqı arasında  “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Ölkəmizlə qurum arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq böyük nailiyyətdir. İmzalanan Memorandum gələcək üçün bir növ yol xəritəsidir. O da məlumdur ki, Azərbaycanla Avropa İttifaqına üzv olan dövlətlərin üçdəbiri arasında strateji tərəfdaşlığa dair Memorandum imzalanıb. Bu, ölkəmizin dünyanın enerji təhlükəsizliyində rolunun, həmçinin dünyanın enerji xəritəsini dəyişmək imkanlarının göstəricisidir. Çoxtərəfli əməkdaşlığın başlanğıcı olan və nəzərdə tutulduğu vaxtda icrası başa çatan Cənub Qaz Dəhlizi layihəsində hazırda yeddi ölkə iştirak edir – Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Göründüyü kimi bu nadir layihə çərçivəsində geniş beynəlxalq əməkdaşlıq yaradılıb. Növbəti mərhələdə üç Balkan ölkəsinin – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun tərəfdaşlar kimi bu layihəyə qoşulacağına əminlik ifadə edilir. Ölkə Prezidentinin vurğuladığı kimi, Azərbaycan ixrac imkanlarını genişləndirmək istəyir. Avropada Azərbaycan qazına tələbat var. Avropa bazarı ölkəmiz üçün ən əlverişli bazardır.

Hər bir səfər imzalanan sənədlərin tərkibi və əhatə etdiyi sahə baxımından diqqətçəkəndir. Dövlət başçısı İlham Əliyevin Macarıstana səfəri ikinci dəfə starteji tərəfdaşlığa dair Birgə Bəyannamənin  imzalanması ilə yadda qaldı. İki ölkə arasında iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi və yeni prioritetlər üzrə inkişaf etdirilməsi üçün imkanların mövcudluğu səfər çərçivəsində geniş müzakirə olundu. Azərbaycanla Macarıstan arasında enerji sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Hər bir layihə əlaqələrin inkişafında, Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında iştirakına işıq salır. Azərbaycanı arzuolunan,  dost və strtaeji  tərəfdaş kimi dəyərləndirən Macarıstan rəsmiləri dünyanın enerji xəritəsini dəyişən və ölkəmizin iştirakçısı olduğu enerji layihələrindən geniş bəhs etdi.

Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyinə dəstəyini gücləndirir. Ölkəmiz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Azərbaycanın qarşıdakı dövr üçün hədəflərinə qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir. Azərbaycanın enerji resurslarına ehtiyacın hazırda heç vaxt olmadığı qədər böyük olduğu diqqətdən kənarda qalmır. Ölkəmizlə Avropa İttifaqı arasında enerji dialoquna başlanması da bunun təsdiqidir. Azərbaycanın dünyanın enerji bazarında yerinin, mövqeyinin möhkəmlənməsini tərəfdaş ölkələrin rəsmiləri də böyük məmnuniyyətlə etiraf edirlər. Ölkəmizin dünya enerji bazarında hasilatçı, tranzit ölkə kimi tanınması, Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təminatındakı rolunun artması göstərir ki, Xəzər dənizindən hasil olunan enerji ehtiyatları gələcəkdə də Avropa istehlakçıları üçün yeganə mənbə olacaq. Çünki Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi sahəsində çox önəmli, əvəzolunmaz layihədir. Onu da qeyd edək ki, yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı da Azərbaycanın önəmini daha da artırır. Əlbəttə ki, yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr Azərbaycanı  Avropa üçün daha da yaxın edəcək.

Azərbaycan-Macarıstan  münasibətlərinə gəldikdə isə ötən il iki strateji tərəfdaş ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam oldu. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir.  Milli Məclisdə Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun 14 üzvü var. Macarıstan parlamentində isə səkkiz deputatın təmsil olunduğu Macarıstan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir. Bu vaxtadək iki ölkə arasında imzalanan 50 sənəd müqavilə-hüquq bazasının möhkəmlənməsində mühüm rol oynayıb. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı,  Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir. Dövlət başçısının Macarıstana səfəri Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişaf etməsinin əyani göstəricisidir. Səfər çərçivəsində imzalanan sənədlər qarşıdakı dövrün aydın mənzərəsini yaradır.  Əvvəldə də qeyd etdiimiz kimi, ikinci dəfə imzalanan Birgə  Bəyannamədə tərəflər ikitərəfli əməkdaşlığın bütün sahələri, həmçinin beynəlxalq və regional məsələlər üzrə strateji dialoqu davam etdirməyə hazırlıqlarını ifadə edirlər. Sənəddə, eyni zamanda, Türk Dövlətləri Təşkilatı  çərçivəsində əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyi qeyd olunaraq, qurumun  Macarıstandakı Nümayəndəlik Ofisinin fəaliyyəti xüsusi vurğulanır.  2018-ci ildən Türk Dövlətləri Təşkilatında müşahidəçi olan və təşkilatla əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət verən bu ölkənin Budapeşt şəhərində TDT-nin Nümayəndəlik Ofisi fəaliyyət göstərir.

Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatlarla çıxışlarında bir daha bu reallıqlara diqqəti yönəltdi. «Azərbaycan ilə Macarıstanın rəhbərləri arasında keçirilən görüşlər hər zaman müstəsna əhəmiyyətə malikdir. Cənab Prezident və mən 10 ildən artıqdır ki, bir yerdə çalışırıq, ölkələrimizi bir–birinə daha da yaxınlaşdırırıq, əməkdaşlığı dərinləşdiririk və hər iki ölkənin mövqeyinə uyğun səviyyəyə gətirməyə çalışırıq. Ancaq bu, sadəcə, bu gün dostların görüşü deyil, bu gün strateji məsələlərə dair müzakirələr aparıldı, bu günə qədər olan strateji əməkdaşlığımız növbəti səviyyəyə qaldırıldı və bu əməkdaşlıq genişləndirildi» söyləyən Macarıstanın Baş  naziri onu da əlavə etdi ki, bu gün beynəlxalq münasibətlərdə olan mühit əvvəlkindən olduqca təhlükəlidir. Bizim qonşuluğumuzda baş verən müharibə və Brüssel tərəfindən tətbiq edilmiş sanksiyalar Macarıstan üçün olduqca təhlükəli bir vəziyyət yaradıb.  Avropanın enerji təhlükəsizliyi həssas məqama qədəm qoyub. Burada yaranan bu şərait Azərbaycanın əhəmiyyətini dərhal artırdı. Bu əhəmiyyət bir növ sıçrayış etdi: «Azərbaycan hər zaman bizim dostumuz olub, indi isə o, artıq bütün Avropa üçün strateji tərəfdaş olan ölkədir. Bunu bu gün Avropada hər kəs anlayır ki, bizim bu vəziyyətə olan cavabımız şaxələndirmədir. Müxtəlif mənbələrdən maksimal dərəcədə nəql edilə biləcək həcmdən söhbət gedir.»

Cənab İlham Əliyev bildirdi ki, əməkdaşlığımızın böyük hissəsi enerji məsələlərinə həsr olunsa da, təkcə bu məsələlərlə məhdudlaşmır.  Nəqliyyat sahəsində çox böyük planlarımızı həyata keçiririk. Dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlanılıb.  Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu bütün lazımi tələblərə cavab verir. Ona görə Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da,  Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilə bilər.

Tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda əməkdaşlığımızın çoxşaxəli mahiyyəti özünü aydın şəkildə büruzə verir. Azərbaycan yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində səylərini daha da artırır. Ölkəmizin bu mövqeyinə dəstək göz önündədir. Dünya gücləri Azərbaycanın sülh gündəliyini dəstəkləməklə regionda dayanıqlı sülhün, təhlükəsizliyin və sabitliyin təminatında maraqlı olduqlarını bildirirlər. Yeni əməkdaşlıq formatları əlaqələrin yeni istiqamətlər üzrə inkişafına öz müsbət təsirini göstərəcək. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatla çıxışında bir daha qeyd etdi ki,  enerji sahəsi indi dünya və Avropa gündəliyini zəbt etdiyi üçün əsas rol oynayır. Ancaq  əməkdaşlığımızın başqa sahələri var. Əsas odur ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək.

Münasibətlərin qarşılıqlı etimad mühtinin qorunması fonunda  inkişaf etdirilməsi uğurlu gələcək barədə aydın təsəvvür yaradır. Ümumilikdə hər bir səfər münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Bu səfər zamanı Azərbaycanla Macarıstan arasında imzalanan sənədlər arasında «Azərbaycan Respublikasının Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun yer alması da özündə bütün məqamları ehtiva edir. Azərbaycan Qarabağda aparılan yenidənqurma işlərində macar şirkətlərinin iştirakına  ümidvar olduğunu bildirir. Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə bərpa-qurculuq işlərin başlayarkən bu çağırışı etmişdir ki, dost ölkələrin bu prosesdə iştirakını istərdik.

İşğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işlərində iştiraka Macarıstan şirkətləri böyük maraq göstərirlər və bununla bağlı müvafiq layihələr təqdim ediblər. Macarıstan işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə könüllü töhfə olaraq 25.000 avro ianə edib.

Azərbaycanın xarici siyasətinin çoxşaxəliliyi ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin  yeni istiqamətlər üzrə inkişafında özünü aydın şəkildə nümayiş etdirir. Baxmayaraq ki,  cari ilin birinci ayını başa vururuq istər cənab İlham Əliyevin, istərsə də digər ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri zəngindir. Yeni reallıqlar xarici siyasətdə öz sözünü deyir.

Daha çox xəbərlər