Gündəm 

“Yaşıl enerji” ixracında yeni era

“Yaşıl enerji”yə keçid ölkəmizdə iqtisadi inkişafa və sabitliyə yeni impuls verməklə yanaşı, innovativ texnologiyaların inkişafına və əlaqəli sahələrin formalaşmasına təkan verəcək

Hesablamalara görə, 2027-ci ilədək dünyada bərpaolunan enerji mənbələri üzrə qoyuluş gücünün 2400 qiqavat artaraq, 5650 qiqavata çatacağı proqnozlaşdırılır. Beynəlxalq Enerji Agentliyinin “Bərpa olunan enerji 2022” hesabatına əsasən, bu göstərici son 20 ildəki artıma bərabərdir. Qlobal elektrik enerjisinin qoyuluş gücündəki artımın 90 faizi “yaşıl enerji” mənbələri hesabına reallaşacaq. 2025-ci ildə “yaşıl enerji”nin kömürü geridə qoyaraq ən böyük elektrik enerjisi mənbəyi olacağı bildirilir. 2027-ci ilə qədər proqnozlaşdırılan artımın 60 faizi günəş enerjisi hesabına həyata keçiriləcək. Quruda külək enerjisi gücü 570 qiqavat artarkən, dənizdə külək enerjisi gücü bərpaolunan enerji mənbələrinin qoyuluş gücündəki ümumi artımın 20 faizini təşkil edəcək. Günəş və külək enerjisindəki artım nəticəsində hidroenerjinin ən böyük üçüncü bərpaolunan enerji mənbəyi olaraq geriləyəcəyi gözlənilir. Beləliklə, yuxarıda qeyd edilənlər göstərir ki, dünya bərpaolunan enerji mənbələrinə sürətli keçid edir. Bu prosesdə əsas aparıcı mərkəzlərdən biri Avropadır. Avropanın bərpaolunan enerji mərkəzi kimi inkişafında əsas rol oynayan ölkələrdən biri qismində isə Azərbaycan çıxış edəcək.

Avropanın enerji təminatında Azərbaycanın artan rolu ölkəmizin Qərb dünyasında təkcə iqtisadi yox, həm də siyasi mövqelərinin əhəmiyyətli dərəcədə güclənməsi ilə müşayiət edilir. Bu fonda ötən ilin dekabr ayında Prezident İlham Əliyevin iştirakı ilə Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması xüsusi əhəmiyyət kəsb edir. Sözügedən sazişə əsasən, Azərbaycanın yaşıl enerjisi Qara dənizin dibi ilə sualtı elektrik kabeli vasitəsilə Avropaya nəql olunacaq. Rumıniya, Gürcüstan, Azərbaycan və Macarıstanın iştirakı ilə Qara dənizdə sualtı enerji kabelinin yaradılması layihəsi bütün regionun enerji təhlükəsizliyini gücləndirəcək.

“Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı Azərbaycanın önəmini daha da artırır. Yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək”. Bu fikri Prezident İlham Əliyev Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuata bəyanatında səsləndirib. Dövlət başçısı əlavə edib: “Hörmətli dostum (Viktor Orban-red.) qeyd etdiyi kimi, keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq və bu gün bu məsələlər bir daha müzakirə edildi. Bir neçə gündən sonra Bakıda keçiriləcək birinci rəhbər komitədə bu layihədə cəmləşən ölkələr – Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya bir araya gələrək gələcək fəaliyyətin konsepsiyası üzərində işləməyə başlayacaqlar”. Ölkə başçısının sözlərinə görə, çox böyük sərmayə və çox ciddi koordinasiya tələb edən layihədir. Ona görə də Bakıda fevralın 3-də keçiriləcək toplantıda ilkin addım atılacaq və beləliklə, Avropa qitəsinin enerji təhlükəsizliyi daha dolğun və əhatəli şəkildə təmin edilmiş olacaq.

Rumıniyanın enerji sahəsində eksperti Mihai Nikuts qeyd edir ki, Aİ-nin Rusiyadan qaz və neft məhsullarının idxalını dayandırmasını nəzərə alsaq, Azərbaycan Rumıniya və Avropa üçün zamanla daha çox əhəmiyyət kəsb edir: “Azərbaycan boru kəmərləri vasitəsilə artıq Avropaya qaz ixrac edən ölkədir və ümid edirik ki, TAP boru kəmərinin gücü iki dəfə artdıqdan sonra daha çox qaz ötürüləcək”. Rumıniyalı siyasi analitik Vasile Simileanu isə hesab edir ki, “yaşıl enerji” layihəsinin yaradılması Ukraynadakı müharibə səbəbindən yaranmış enerji böhranını nəzərə alsaq bu layihə çox aktualdır. Analitik bildirib ki, bu layihənin gerçəkləşdirilməsi Avropa İttifaqı üçün faydalı təsirləri olan, imzalayan dövlətlərin nüfuzunu artıracaq cəsarətli bir addımdır: “Dörd dövlət bu layihə nəticəsində enerji müstəqilliyi qazanacaq, yeni iş yerlərinin yaradılmasına nail olacaq. Xüsusilə, enerji sahəsində ehtiyatları olmayan Macarıstan üçün layihənin əhəmiyyəti böyükdür. Azərbaycan öhdəliklərini yerinə yetirərək etibarlı tərəfdaş kimi çıxış edir. Eyni zamanda, Azərbaycan enerji resursları, xüsusilə də təbii qaz və neft bazarında aparıcı rol oynayır. Buxarestin təşəbbüsü təhlükəsizliyimizi digər dövlətlərlə müqayisədə artıracaq. Azərbaycan öz enerji resursları ilə mühüm müqavilələr bağlayıb ki, bu da dünyada danılmaz faktdır. Azərbaycan Şərqi Avropanın enerji sahəsində geosiyasi və geostrateji əhəmiyyət kəsb edən dövlət olmaqla yanaşı, həm də Mərkəzi Asiya dövlətləri, xüsusilə Qazaxıstan və Özbəkistan üçün körpüdür, Türkiyə ilə birgə əksəriyyəti tamamlanan mühüm layihələrin təşəbbüskarı olan türkdilli dövlətdir. Azərbaycan bundan sonra da geostrateji və geosiyasi münasibətlərdə yüksəliş əldə edəcək”.

Hesab edilir ki, bərpaolunan və “yaşıl enerji” əsasında istehsal olunan elektrik ixracı Azərbaycanın enerji strategiyasında yeni era sayıla bilər. Özü də nəzərə alınmalıdır ki, Azərbaycan bu sahədə böyük potensiala sahibdir. Elə məsələnin bu tərəfinə nəzər salan Prezident İlham Əliyev qeyd edir: “Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, “yaşıl enerji” təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Ölkəmizin strateji investorlarının biri ilə biz 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onların 80 faizi ixrac olunacaq. Biz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq”.

Onu da xatırladaq ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə “yaşıl enerji” istehsalının genişləndirilməsi məsələsi əhəmiyyətli yer alıb. Hədəf ümumi enerji istehsalı gücündə bərpaolunan enerjinin payını indiki 17,3 faizdən 2025-ci ildə 24, 2030-cu ildə isə 30 faizə çatdırmaqdır. Artıq bu istiqamətdə inamlı addımlar atılır. Belə ki, Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri, yəni 10 min kvadratkilometr ərazini “yaşıl enerji” zonası elan edib. Burada artıq bir neçə su-elektrik stansiyası inşa edilib və fəaliyyətə başlayıb. Günəş və külək-elektrik stansiyalarının yaradılması ilə bağlı isə konkret planlar var. BP şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş-elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir və onların uğurla nəticələnəcəyinə şübhə yoxdur. Bu bölgəyə digər böyük şirkətlər də maraq göstərirlər. Göründüyü kimi, “Yaşıl enerji”yə keçid ölkəmizdə iqtisadi inkişafa və iqtisadi sabitliyə yeni impuls verə bilər. Çünki bu keçid tam yeni texnologiyaların inkişafını nəzərdə tutmaqla yanaşı, həm də əlaqəli sahələrin formalaşması deməkdir.

Daha çox xəbərlər