Cəmiyyət 

Hava şəraiti ilə əlaqədar Xəzər dənizindəki gəmilərə xəbərdarlıq edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün günün ikinci yarısından başlayaraq fevralın 10-u gündüzədək Xəzər dənizi akvatoriyasında şimal-qərb-şimal küləyinin sürətinin 18-23 ms, arabir 25-28 ms-dək güclənəcəyi gözlənilir. Proqnoza əsasən, külək fevralın 8-i gündüzdən 9-u gündüzədək açıq dənizdə arabir 30-35 ms qədər güclənəcək. Dalğanın hündürlüyünün 3-5 metr, sonrakı inkişafda 6-8 metr olacağı bildirilir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) “İki sahil”ə verilən məlumata görə, ASCO gözlənilən küləkli hava şəraiti ilə əlaqədar Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq göndərib.

Xəbərdarlıqda bildirilib ki, gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun. Həmçinin qeyd edilib ki, səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar.

Bundan başqa, gəmi kapitanlarına külək gözlənilən tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin təhlükəsiz dayanmalarını təmin etməkləri tapşırılıb.

Daha çox xəbərlər