Region Xəbərləri 

Ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyi daha da möhkəmlənir.

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısı artıq başa çatdı. Hər bir tədbir mahiyyəti, gələcəklə bağlı müəyyənləşdirdiyi hədəfləri ilə diqqətdə olur, geniş müzakirə edilir. Bu toplantı bir daha Azərbaycanın enerji diplomatiyasının uğurlarını dünyaya təqdim etdi. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayan Azərbaycan iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ilə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirir. Bu gün ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsi imzalanan sənədlərdə, qarşılıqlı səfərlərdə özünün aydın ifadəsini tapır.
Rumıniya Prezidenti Klaus Yohannisin ölkəmizə ilk səfəri, səfər çərçivəsində keçirdiyi təkbətək və geniş tərkibdə görüşlərdə, mətbuata bəyanatında, o cümlədən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısında səsləndirdiyi fikirlər Azərbaycanın yalnız Rumıniya deyil, bütün Avropa üçün önəmini təsdiqlədi. Mətbuata bəyanatında “Biz Rumıniya olaraq ölkələrimiz arasında strateji tərəfdaşlığı dərinləşdirməyə və mühüm strateji əhəmiyyətə malik regional layihələrin icrasına hazırıq. Biz enerji, ticarət, sərmayə qoyuluşu, rəqəmsallaşma və kənd təsərrüfatı sahələrində əməkdaşlığa hazırıq” söyləyən Rumıniya Prezidenti bildirdi ki, Rumıniya ilə Azərbaycan 30 il ərzində gözəl diplomatik və siyasi münasibətlərə malikdir. 2022-ci ildə bunun çox güclü bir dinamikası baş verdi və cənab Prezident Buxarestə səfər etdi. Həmin səfər zamanı dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Saziş imzaladıq.
Dövlət başçısı İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışında bu əminliyi ifadə etdi ki, bu gün komandamızda yalnız dörd iştirakçı ölkə olsa da, bu sayın artma potensialı var. Çünki düşünürük ki, yalnız hökumətlər deyil, şirkətlər də bu mühüm təşəbbüsdə iştirak etməyə maraq göstərəcəklər: “Məşvərət Şurasının ilk iclasında, sözsüz ki, konseptual məsələlər həllini tapmalıdır: öz fəaliyyətimizi necə quracağıq, hər iştirakçı ölkənin məsuliyyəti nədən ibarət olacaq, özəl şirkətlər necə cəlb olunacaq, – bu, şirkətlərdən ibarət konsorsiummu olacaq, yoxsa hər bir iştirakçı dövlət öz suveren ərazisində üzərinə düşən işi özü yerinə yetirəcək? Bütün bu məsələləri müzakirə etmək və razılaşdırmaq tələb olunur. Çünki məsələ yalnız Azərbaycandakı quru və dəniz yataqlarında bərpaolunan enerjinin istehsalı, yaxud Gürcüstanla sərhədimizə qədər yeni ötürücü elektrik xəttinin çəkilməsi ilə deyil, habelə Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi ilə bağlıdır.”
Cənab İlham Əliyev beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığımızı davam etdirəcəyimizə ümid etdiyini bildirdi və tərəfdaşlarımız olan ölkələrin hökumətlərinə minnətdarlığını ifadə etdi. Bu ölkələr Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya və yeni tərəfdaşlarımız olan Rumıniya, Moldova və Macarıstandır.
Azərbaycanın siyasətinin əməkdaşlığa hesablandığı bütün sahələrdə, xüsusilə enerji sektorunda özünü daha qabarıq şəkldə büruzə verir. Ölkəmiz bu əməkdaşlığa regional çərçivədə başladı. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri reallığa çevrildi. Artıq çoxtərəfli əməkdaşlığın başlanğıcı olan Cənub Qaz Dəhlizi tam tərkibdə istifadəyə verilib. Azərbaycanın enerji siyasəti dostluğa və əməkdaşlığa xidmət edir, millətləri, xalqları bir-birinə birləşdirir. Reallaşdırılan layihələr dünyanın enerji xəritəsini yenidən tərtib edir. Dövlət başçısı İlham Əliyevin 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş mərasimdə söylədiyi “Bu günə qədər bizim qaz və neft layihələrimizdə ancaq 3 ölkə iştirak edirdi- Azərbaycan, Gürcüstan və Türkiyə. Bu gündən sonra biz geniş beynəlxalq əməkdaşlıq prosesinə qədəm qoyuruq. Azərbaycan qaz istehsalçısı kimi öz resurslarını dünya bazarına çıxaracaq. Ondan sonra Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, gələcək mərhələdə Monteneqro, Xorvatiya və digər ölkələr bu layihəyə qoşula bilərlər. Ona görə, burada əlaqələndirmə işləri çox yüksək səviyyədə aparılmalıdır. Mən hesab edirəm ki, bu gün bu sahədə- neft-qaz sahəsində yeni beynəlxalq komanda formalaşır. Komandanın bütün üzvləri bu gün salondadırlar. Əminəm ki, bizim birgə fəaliyyətimiz uğurlu olacaq və komandamız qələbə qazanacaqdır” fikirləri bugünümüzün reallıqlarında öz əksini tapıb.
ARANTV.AZ
Nilufər Əliyeva

Daha çox xəbərlər