Cəmiyyət 

Həkim: “Təyinatı olmadan satılan dərmanların həddən artıq istifadəsi əks-təsirə səbəb olur” – MÜSAHİBƏ

“Valideynlər əgər baş ağrılardan əziyyət çəkirlərsə, yüksək ehtimal ilə onların övladlarında da hansısa bir başağrısı növü qeyd edilə bilər”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-nevroloq Mərziyə Məmmədova nazirliyin sosial media hesablarına baş ağrıları ilə bağlı gələn sualları cavablandırarkən deyib.

Həkim-nevroloqun Səhiyyə Nazirliyinin rəsmi saytına verdiyi müsahibəni təqdim edirik:

– Mərziyə xanım, öncə bilmək istərdik ki, müraciət edən xəstələr ən çox hansı növ baş ağrılarından şikayətlənirlər?

– Bəlkə də, dünyada elə insan yoxdur ki, həyatında, heç olmasa, bir dəfə başı ağrımasın. Əsasən, baş ağrıları başın birtərəfli, yaxud ikitərəfli nəbzvari, deşici ağrısı ilə, başın gicgah, təpə, ənsə nahiyələrində olan sıxıcı, basıcı ağrıları, başın üz nahiyəsində olan müxtəlif xarakterli ağrılar ilə, eləcə də ürəkbulanma, başgicəllənmə, halsızlıq, iylərə, işığa, səsə qarşı həssaslıq şikayətləri ola bilər. Bu şikayətlərə və ətraflı anamnezə (xəstəlik tarixçəsi) əsasən başağrısı üzrə ixtisaslaşmış nevroloqlar düzgün diaqnoz qoya bilərlər. Bəzən baş ağrılarının səbəbi olmur, burada bir çox ətraf mühit və yaxud genetik faktorlar rol oynaya bilər. Belə baş ağrıları birinci baş ağrıları adlanır. Bu diaqnozu təsdiq etmək üçün nevroloq mütləq müvafiq instrumental və laborator müayinə metodlarını seçə bilər ki, bu zaman ikincili səbəblər, yəni ikincili başağrısı inkar edilsin. Amma pasiyentlər unutmamalıdırlar ki, başağrısı müayinə və müalicə tələb edən ayrıca bir xəstəlikdir.

– Baş ağrıları hansı xəstəliklərin simptomları ola bilər?

– Birincili başağrısının ən sıx yayılmış növü gərginlik tipli baş ağrıları, miqren və müxtəlif sefalgiyalardır. Gərginlik tipli baş ağrılarının əsas simptomları kəllənin ətrafında yayılmış basıcı, sıxıcı ağrılardır, onlar, adətən, ümumi məişət aktivliyinə çox təsir etmir. Miqren baş ağrılarının isə aura ilə müşayiət olunan və olunmayan növləri var. Aura, adətən, baş ağrılarından öncə başlaya və qısa müddətdən sonra başağrısına keçə bilər. Bu zamanı pasiyentlərin gözlərində qığılcımlar, parlaq işıqlar, qoxu və səs hallüsinasiyaları, üzdə və ətraflarda qarışqa gəzintisinə bənzər və keyləşmə kimi hissiyyat pozuntuları müşahidə edilir. Miqren zamanı başağrısı yüngüldən çox şiddətli ağrılara qədər arta bilər. Davamlı, yaxud tutma şəkilli, bəzən isə günlərlə çəkə bilər. Dayanmadan olan baş ağrıları “miqreniz status” adlanır və təcili tibbi yardım tələb edir.

Sefalgiyalar zamanı deşici və həddən artıq şiddətli ağrılar ola və pasiyentə əzab verə bilər.

– Miqrenin yaranma səbəbi nədir və xəstəliyin müalicəsi varmı?

– Hazırda miqrenin tam yaranma səbəbinin araşdırılması üzərində aktiv tədqiqatlar gedir. Ən çox yayılmış nəzəriyyələrdən biri beyin damarlarının spazması ilə əlaqəli olduğuna əsaslanır. Əlbəttə ki, irsi meyillilik mövcuddur, xüsusilə qadınlar arasında daha çox rast gəlinir. Bu səbəbdən valideynlər əgər baş ağrılardan əziyyət çəkirlərsə, yüksək ehtimal ilə onların övladlarında da hansısa bir başağrısı növü qeyd edilə bilər.

Baş ağrılarının müalicəsində medikamentoz müalicə ilə yanaşı, həm də qeyri-medikamentoz müalicə üsullarından da istifadə olunur. Qeyri-medikamentoz müalicə üsulunda, əsasən, həyat tərzinin dəyişdirilməsi tövsiyə olunur. Belə ki, sağlam həyat tərzinin formalaşmasında insanın sağlamlığına müsbət təsir edən amillərin, xüsusilə gündəlik iş rejiminin, səmərəli qidalanmanın, normal yuxu rejiminin böyük təsiri var.

Medikamentoz müalicə isə kəskin baş ağrılarının idarə edilməsi və preventiv metodlardan ibarətdir. Kəskin baş ağrıları zamanı müxtəlif ağrıkəsicilərdən istifadə edilir. Bunlardan əksəriyyəti reseptsiz buraxıldığı üçün pasiyentlər asanlıqla apteklərdən əldə edə bilirlər. Pasiyentlərdə ağrılar dözülməz olduğu təqdirdə onlara preventiv müalicə təyin edilir. Burada xüsusi və yalnız reseptlə buraxılan dərmanlar qeyd olunur.

– Dəyişkən hava şəraiti başağrısına səbəb ola bilər?

– Meteohəssaslıq adlanan bu vəziyyət ümumi mərkəzi sensitivlik sindromlarına aiddir. Bu sindromlar siyahısına həmçinin miqren ağrıları da aiddir. Bu zaman sindromdan əziyyət çəkənlərdə normadan artıq həssaslıq müşahidə olunur. Eyni zamanda, müxtəlif qıcıqlar, ətraf mühitdə baş verən dəyişikliklər və stresə qarşı reaksiya çox olur.

– Bəzən insanlar başağrısı üçün aptekdə olan, adını belə bilmədikləri ağrıkəsiciləri alıb içirlər. Bu nə dərəcə də doğrudur?

– Bu, tamamilə yanlış addımdır. Çünki həkim təyinatı olmadan satılan dərmanların həddindən artıq istifadəsi, əslində, əks-təsirə səbəb ola bilər. Yəni baş ağrıları daha da güclənə bilər. Belə pasiyentləri müalicə etmək çətindir, çünki onlar hətta minimal ağrı olanda da dərhal dərman alıb içirlər. Lakin əsas diqqət yetirməli olduqları səbəbləri isə aradan qaldırmırlar.

Belə pasiyentlər mütləq maarifləndirilməli və preventiv uzunmüddətli müalicəyə alınmalıdırlar. Əlbəttə ki, həkimin tövsiyələrinə riayət edən şəxslərdə uzunmüddətli remissiya əldə etmək olur və ağrıların intensivliyi, şiddəti azalır, yaxud uzun illər özünü büruzə vermir.

Daha çox xəbərlər