Cəmiyyət 

Hər il dünyada milyonlarla insan “tütün epidemiyası”nın qurbanı olur

Müasir dövrümüzdə bəşəriyyətin qarşısında duran ən ciddi problemlərdən olan tütün dünyada leqal satılan istehlak malıdır və demək olar ki, ondan istifadə edənlərin hər birinə zərər yetirir. Tütünün insan orqanizminə ziyanları haqqında nə qədər təbliğat aparılsa da yenə də bu zərərli vərdişdən asılı olanlar var. Hüquq normaları ilə müəyyən olunan qadağalara baxmayaraq, təəssüflər olsun ki, tütün məmulatlarından istifadə edənlərin sayı heç də az deyil.

Bu sosial bəla demək olar ki, dünyanın bütün ölkələrində mövcuddur və onunla mübarizə bütün dünyada aparılır. Ölkəmizdə də əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, insanların bu kimi pis vərdişlərə aludə olmaması, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə zərərli təsirlərinin azaldılması istiqamətində müəyyən işlər aparılır. Belə ki, radio və televiziyalarda tütün əleyhinə təbliğatın aparılması, o cümlədən tütün məmulatlarının qiymətlərinin və vergilərinin artırılması bu sahədəki mübarizənin əsas komponentlərindən biridir. Elə bu məqsədlə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanuna əsasən tütün məmulatına tütün yarpağından və onun komponentlərindən hazırlanmış, tərkibində nikotin, aktiv alkoloid, o cümlədən kanserogen maddələr olan və nikotinə aludəçilik yaradan məhsul (siqaretlər, papiroslar, siqarlar, siqarillalar, çubuq tütünü və s.) daxildir. Bundan başqa bütün növ qəlyanlar və elektron siqaretlər də tütün məmulatlarına bərabər tutulur.

Qeyd olunduğu kimi, son illər tütün məmulatları ilə mübarizə sahəsində bir sıra tədbirlər görülür. Demək olar ki, ictimai yerlərdə tütün çəkilməsi məhdudlaşdırılıb. Çünki tütün çəkənlərə nisbətən, çəkməyənlər tütünün yanma məhsulundakı toksiki maddələri tənəffüslə qəbul etdikdə daha çox zərər görürlər. Bu məqsədlə atılan məqsədyönlü addımlardan biri də ictimai yerlərdə tütün çəkilməsinin məhdudlaşdırılmasıdır. Belə ki, təhsil, idman, səhiyyə, mədəniyyət müəssisələrində və s. bu kimi ictimai yerlərdə tütündən istifadə və satışı qadağandır. Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilat rəhbərləri qeyd olunan yerlərdə hər kəsin yaxşı görə biləcəyi lövhələrdə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər.

Qeyd edək ki, tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi ilə bağlı qanunvericilikdə məsuliyyət də müəyyən olunub. Belə ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən qanunla qadağan edilmiş müəyyən yerlərdə tütün çəkməyə görə şəxslər cərimə edilir. Həmçinin yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi də inzibati məsuliyyət yaradır. Unudulmamalıdır ki, tütün məmulatlarından istifadə edilərkən qalığını hara gəldi atmaq ətraf mühiti çirkləndirən əsas amillərdəndir. Buna görə bu hal da qanunvericiliklə qadağan olunur. Belə ki, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə əlli manat məbləğində cərimə nəzərdə tutulur.

Tütündən istifadəni dayandırmaq heç vaxt gec deyil və bu asılılıqdan qurtulmağın yolu mümkündür. Bunun üçün insan ilk növbədə ondan asılı olduğunu qəbul etməlidir. Qeyd edək ki, hər il dünyada miliyonlarla insan “tütün epidemiyası”nın qurbanı olur. Buna görə də, həyatda ən böyük nemət olan sağlamlığımızı tütünə qurban verməyək.

İradə Quliyeva,
Naxçıvan MR Ədliyyə Nazirliyinin əməkdaşı,
II dərəcəli ədliyyə qulluqçusu

Daha çox xəbərlər