Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır
Bəşər tarixində baş verən bütün təbii fəlakətlər təbiət və insan arasındakı ölüm-dirim mübarizəsidir. Bu mübarizənin zamanı, məkanı, qalibi və məğlubu qeyri-müəyyən olur. Uca Tanrı istədiyi vaxt, istədyi qədər öz yaratdıqlarını sınağa çəkəcəkdir. Təbiət də canlıdır, insan da. Canlı canlının canına qəsd edəndə bütün canlı aləm əzab-əziyyət çəkir. Necə ki, 2023-cü ilin soyuq bir qış gecəsində – fevralın 6-da Türkiyə Respublikasının cənub-şərqində baş vermiş güclü zəlzələ bütün dünyanı lərzəyə gətirdi. Kahramanmaraşdan başlayan təlatümlər Türkiyənin tarixinə və taleyinə qara hərflərlə yazıldı desək, bəlkə də yanılmarıq. Bu dəhşətli fəlakətin ağır nəticələri təkcə Türkiyə Respublikasını, Türk xalqını deyil, başda Azərbaycan olmaqla, bütün dünyanı kədərə, qəmə qərq etdi.
Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının böyük bir həqiqət olduğu bu ağır faciənin nəticəsində də özünü bir daha isbat etdi. Dostun, qardaşın, müttəfiqin, can və qan sirdaşımızın dar günündə bir millət, bir dövlət olaraq, dəmir yumruq kimi birləşməyimiz, birlik, həmrəylik nümayiş etdirməyimiz bir millət və iki dövlətin bütün bəşəriyyətə verdiyi müdrik bir ibrət dərsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin humanizm siyasəti, yüksək mənəvi – əxlaqi keyfiyyətləri, mükəmməl idarəetmə qabiliyyəti, baş vermiş bu dəhşətli təbiət hadisəsinə vaxtında və səmərəli şəkildə reaksiya verməsi və digər müvafiq tədbirlərin həyata keçirilməsi Azərbaycan – Türkiyə dostluq və qardaşlığının əbədi olacağına tam əsas verir.
Başda cənab Ali Baş Komandan olmaqla, bütün ictimaiyyət nümayəndələrinin, adi vətəndaşdan ali vətəndaşa qədər hər kəsin Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinə gələrək dərin kədər hissi ilə dost və qardaş ölkəyə başsağlığı verməsi bir daha onu göstərir ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.
Türkiyədə baş vermiş dəhşətli fəlakətin ağır nəticələrini tezliklə aradan qaldırmaq üçün bütün ölkələr qardaş ölkəyə öz maddi və mənəvi dəstəyini göstərir. Bu baxımdan Azərbaycan Respublikasının Birinci vitse – prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə qardaş Türkiyəmizə göstərilən dəstəyin, diqqət və qayğının əhəmiyyəti olduqca böyükdür.
Azərbaycan güclü zəlzələnin baş verdiyi ilk anlardan başlayaraq, Türkiyənin yanında olmuşdur, necə ki, qardaş ölkə hər zaman bizimlə olub. Bu əbədi birlik və həmrəyliyin, dostluq və qardaşlığın əsasında iki ölkənin ortaq dəyərləri, tarixi, mədəniyyəti, coğrafi mövqeyi, Mustafa Kamal Atatürk, Heydər Əliyev, İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan kimi görkəmli dövlət xadimlərinin müdrik siyasəti və digər müqəddəs dəyərlər dayanır.
Qədim şərqdə belə bir deyim var: “Allah sevdiyi bəndələrini dərdə mübtəla edir ki, onun dualarını eşitsin”. Allah Türk xalqını ağır bir imtahanla qarşı-qarşıya qoyub. Qoyub ki, onun dualarını eşitsin. Bəli, dua edək, dua edək ki, Uca Tanrı ulu Türkiyəni qorusun. Allahın mübarək adlarından biri də səbrdir. Tanrı Türkün səbrini bitməz – tükənməz etsin!
Xalq şairi Bəxtiyar Vahabzadə demişkən, hər bəladan türkün beli qırılmaz. İnşallah, bu sınaqdan da üzüağ, alnıaçıq çıxacaq qədim, müasir və müdrik Türkiyə Cümhuriyyəti.
Şükran Mustafayev,
YAP Xətai rayon təşkilatının “Aşıq Ələsgər 54” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü

