Dağıntılar altından çıxanlara vaxt və psixoloji dəstək lazımdır/FOTO
Bu yaxınlarda qardaş Türkiyədə və Suriyada baş verən dağıdıcı zəlzələlər nəticəsində ölənlərin sayı 50 mini ötüb, minlərlə yaralı var. Yüzlərlə bina dağıldığından insanlar çadırlarda qalırlar. Dəhşətli faciə insanların psixologiyasına də ciddi zərbə vurub. Bu məsələ ilə bağlı araşdırma aparan BBC dağıntılar altından sağ çıxanlar, axtarış-xilasetmə əməliyyatlarında iştirak edən xilasedicilər və ekspertlərlə görüşüb.

BBC yazır: Zəlzələ nəticəsində tamamilə xarabalığa dönmüş Antakyanın qaranlığ küçələrinə çatanda artıq gecəyarısı idi. Maşınımız xarab olmuşdu və onu təmir edən sürücü bizi şəhər mərkəzinə aparmaqdan imtina etdi. Türkiyənin cənub-şərqində baş verən zəlzələlərin üçüncü günü idi. Xilasetmə komandamız zəlzələlərin episentri olan Maraşdan gəlmişdi. Artıq minlərlə insanın öldüyü təsdiqlənmiş və o vaxtdan bu rəqəm artmaqda davam edirdi. Biz Antakyaya doğru əsas yol ilə irəliləyərkən, təcili yardım maşınlarının daimi siren səsləri dağıntılar arasında əks-səda verdi. Yardım maşınları, buldozerlər və könüllülər kilometrlərlə uzanan nəqliyyat növbələrində ilişib qalmışdılar.

Bu, şaxtalı soyuqda tamamilə xaos vəziyyəti idi. Burak Qalip Akkurt və Türkiyənin könüllü xilasedicilər dərnəyindən olan AKUT komandası dağılmış dörd mərtəbəli binada xilasetmə əməliyyatı həyata keçirirdi. Onlar dağıntılar altında 5-i uşaq olmaqla 10 nəfərin sağ olduğunu düşünürdülər. Fasiləsiz şəkildə xilasetmə işlərini davam etdirən komandalar üçün ən kiçik səs, pıçıltı belə gələcəyə ümid doğururdu.
Dağıntılar altından səs gələndə bu , sizdə necə hisslər yaradır? Bir anda Burakdan soruşdum.
Xilasetmə işləri aparılarkən biz əlimizdən gəldiyi qədər soyuqqanlı olmağa çalışırıq. Ancaq bu missiyamızı başa vurduqdan sonra şahidi olduğumuz dəhşətli anları unutmaq üçün psixoloji yardıma ehtiyacımız olacaq. Gördüklərimizi unutmaq o qədər də asan olmayacaq. Bu, həm çox dramatik haldır, həm də böyük travmadır.
Ertəsi gün Dilək Egerlə tanış oldum. O, qonşu İsgəndərun şəhərindəki binadan 8 saat dağıntılar altında sıxılmış vəziyyətdə qaldıqdan sonra xilas edilmişdi.

– Zəlzələ inanılmaz dərəcədə güclü idi. Dərhal yataqdan qalxıb valideynlərimin otağına qaçdım. Var gücümlə qışqırırdım. Lakin anam, atam və qardaşımdan heç bir səs gəlmirdi.
Diləkin valideynləri və qardaşı dağıntılar altında həyatlarını itiriblər. O, ətrafı sınıq şüşələrlə əhatə olunmuş şəkildə dağıntılar arasında ilişib qalmışdi, yalnız başının yuxarı hissəsi görünürdü. Ailə dostu onu çılpaq əlləri və bıçaqla dağıntıları qazaraq xilas edib. İlk iki gün heç ağlaya da bilmirdi, amma nənəsinin qonaq otağında divanda uzanıb mənimlə keçirdiyi həyat mübarizəsindən sakitcə danışarkən, bütün emosiyaları gözə çarpan şəkildə özünü büruzə verirdi. Anası ilə qucaqlaşdığı fotoşəkili gördükdən sonra hönkür-hönkür ağlamağa başladı.
– Anam son nəfəsini qucağımda verdi . Zəlzələ anında üstümə yıxıldığı üçün məni xilas etdi. Ancaq mən onun üçün heç nə edə bilmədim.”
Bütün bu çətin günlərin öhdəsindən gəlmək üçün nə etmək olar?

Türkiyə Psixoloqlar Dərnəyindən Çağay Duru bildirib ki, bu miqyasda faciənin yaratdığı travmanın öhdəsindən gəlmək heç də asan deyil. Amma bu barədə danışmaq, yaşananlar haqqında hiss və düşüncələri ifadə etmək vəziyyətdən çıxmaq yolunda ilk addım ola bilər. Zəlzələ travması yaşayanlara psixo-sosyal dəstək verilməsə, bir çox insan travma sonrası stress pozğunluğu, depresiyya və ya maddə asılılığı kimi ciddi problemlərlə üzləşə bilərlər .
“Həmin şəxslərdən tez-tez soruşmalıyıq: Necəsən? Sizin üçün edə biləcəyim bir şey varmı? Sizin üçün burdayıq. Ehtiyacı olanlarla həmrəy olduğumuzu və onların yaşadığı sarısıdıcı faciəni anlamağa çalışdığımız mesajını verməliyik, onları dinləməli, kömək etmək və bütün bu ağrıları bölüşmək üçün yanlarında olduğumuzu hiss etdirməliyik”– deyə, Çağay Duru bildirib.
Nazənin Xalıqverdiyeva

