Gündəm 

Qlobal geosiyasi gündəlik Bakıda müzakirə olunur

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü Azərbaycanın beynəlxalq nüfuzunun təqdimatında öz sözünü deyəcək

Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər həm mahiyyət, həm də müzakirə olunan mövzuların aktuallığı baxımından diqqətdə olur. Bugünümüzün əsas çağırışının regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi olduğunu nəzərə alsaq keçirilən hər bir tədbirdə bu məsələyə xüsusi diqqət göstərilməsi qaçılmazdır.

Bu gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilir. Azərbaycan qlobal geosiyasi gündəliyi müəyyənləşdirən növbəti beynəlxalq tədbirə ev sahibliyi ilə bir daha artan nüfuzunu nümayiş etdirir. Qoşulmama Hərəkatının Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisat olduğunu, sırlarında 120 ölkənin təmsil edildiyini nəzərə alsaq qurumun haqq səsimizin dünyaya çatdırılmasında əhəmiyyətini daha aydın şəkildə dərk etmək olar. O da məlumdur ki, ötən il Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransı, həmçinin Gənclər Sammiti keçirildi.

Hazırda tarixi Zəfərimizin yaratdığı reallıqları yaşayırıq. Bu reallıqlar bütün istiqamətlərdə əlaqələrin inkişafına yenidən diqqət yetirməyi bir tələb kimi qarşıya qoyur. Bu məqamı qeyd edək ki, ötən il dövlət başçısı İlham Əliyev Bakı konfransındakı nitqində səylərimizi səfərbər edərək potensialı və həmrəyliyi gücləndirməyə, vahid mövqedən çıxış etməyə çağırış etdi. Bildirdi ki, Qoşulmama Hərəkatı ölkələrimizin maraqlarının müdafiəsi üçün platforma rolunu oynaya bilər. Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına və bəlkə də müəyyən mərhələdə onun təşkilata çevrilməsinə yönəlib. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Qoşulmama Hərəkatı təkcə üzv ölkələrin maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər.

Azərbaycanın quruma sədrliyi dövründə həmrəyliyin gücləndirilməsi istiqamətində atdığı addımların xronologiyasına diqqət yetirsək bu prosesin aydın ifadəsini görə bilərik. 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə görüşü keçirildi və Azərbaycan 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdü. Diqqət yetirsək görərik ki, bu illər dünyada koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, həmçinin Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsini yaşadığı və tarixi Zəfərə imza ataraq onun yaratdığı reallıqları qəbul etdirmək istiqamətində addımların atıldığı dövr kimi xarakterizə olunur. Dövlət başçısı İlham Əliyev koronavirus infeksiyası ilə mübarizənin qlobal problem olduğunu önə çəkərək ona qarşı birgə mübarizənin vacibliyini bəyan etdi. Türk Şurasının ardınca “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış etdi və bunun reallığa çevrilməsinə nail oldu. Həmin tədbirdə «Sədrliyi öz üzərimizə götürərkən mən bəyan etdim ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaqdır» söyləyən dövlət başçısı İlham Əliyevin quruma sədrliyimiz dövründə qeyd olunan məsələlərin həlli istiqamətində atdığı addımların sistemli olması ilə diqqətdə oldu. Azərbaycan bütün məslələrdə haqqın, ədalətin, beynəlxalq hüququn yanında olduğunu nümayiş etdirir. Bugünkü tədbir Azərbaycanın koronavirus infeksiyasına qarşı həm daxildə, həm də beynəlxalq aləmdə həyata keçirdiyi tədbirlərə nəzər salmağı bir zərurətə çevirir. Ölkəmiz ilk gündən bu çağırışı etdi ki, qlobal problemlərə qarşı səylərin birləşdirilməsi vacibdir. İlk vaxtlarda, hətta, inkişaf etmiş ölkələrin belə özünəqapanması diqqətdən kənarda qalmadı. Cənab İlham Əliyev özünəqapanmaq deyil, səyləri birləşdirmək, mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı hər bir ölkənin öz təcrübəsini ortaya qoymasının vacibliyini bəyan etdi. Azərbaycanın təşəbbüsü ilə keçirilən tədbirlər bunun təsdiqi oldu. Həmçinin bü məqamı da qeyd etməliyik ki, Qoşulmama Hərəkatına üzv dövlətlərin dəstəyi əsasında qəbul edilən qərara əsasən BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirildi. Bunları qeyd etməyimiz səbəbsiz deyil. Azərbaycan daim regionda və dünyada hədəflərə nail olmaq üçün səylərin birləşdirilməsi təşəbbüsü ilə çıxış edib. Hətta bir-birinə əks qütblərin bir araya gəlməsinə nail olub. Bu, ölkəmizin beynəlxalq aləmdə sabitləşdirici faktor kimi tanınmasından irəli gəlir. O da məlumdur ki, Azərbaycan 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı edib. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində ianə etmişdir ki, bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılmışdır.

Azərbaycanın ona göstərilən etimadı doğrultması Qoşulmama Hərəkatına sədrliyinin 120 üzv ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi uzadılması ilə nəticələndi. Təbii ki, bu, ölkəmizin, dövlət başçısı İlham Əliyevin nüfuzunun göstəricisidir. Hər zaman ədalətə, beynəlxalq hüquqa önəm verən Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə bu prinsiplərin tətbiqi istiqamətində biri-birindən mühüm addımlar atdı. Cənab İlham Əliyev nitqində bu mühüm reallığı da diqqətə çatdırmışdır ki, ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə, bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı.

Bakı konfransı Qoşulmama Hərəkatına üzv dövlətlərin 44 günlük Vətən müharibəsi və postmünaqişə dövründə də Azərbaycana dəstəyinə işıq saldı. Ölkəmizə qarşı əks-təbliğat kampaniyalarının cavablandırılmasında qurum öz fəallığını nümayiş etdirdi. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, şahidi olduğumuz digər vacib bir həmrəylik əlaməti Ermənistan tərəfindən təqribən 30 illik işğaldan sonra torpaqlarımızın azad edilməsi zamanı ölkəmizin yaşadığı ən çətin dövrə təsadüf etdi. Azərbaycan öz torpağında savaşırdı, ədaləti, beynəlxalq hüququ bərpa edirdi. Lakin əfsuslar olsun ki, bəzi ölkələr Azərbaycana qarşı kampaniyaya – qarayaxma, böhtan və şantaj kampaniyasına başladılar: «Təəssüflər olsun ki, bu, sadəcə, şifahi kampaniya və ya ictimai ittihamlar deyildi. Bəzi ölkələr bizim bu haqq işimizi BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular.»

Qısa təhlil onu deməyə əsas verir ki, əgər hər bir beynəlxalq qurum, eyni zamanda, onların bir araya gətirdiyi dövlətlər maraqları bir kənara qoyub ümumi mövqe nümayiş etdirsələr hədəflərə zamanında və yüksək səviyyədə nail olmaq mümkündür. Həmçinin beynəlxalq qurumların fəaliyyətlərində öndə saxladıqları prinsiplər sadəcə kağız üzərində qalmaq üçün qəbul olunduqda problemlər baş qaldırır. Qoşulmama Hərəkatı yarandığı vaxtdan ədalətin, beynəlxalq hüququn yanındadır.

Məlum olduğu kimi, Azərbaycan Qoşulmama Hərəkatı ailəsinə 2011-ci ildə qoşulub və fəaliyyətinin ilk günlərindən həmrəylik, qarşılıqlı prinsiplərinin təşviqinə töhfə verməyə çalışır. Azərbaycan Qoşulmama Hərəkatının bütün təşəbbüslərinə çox fəal cəlb olunub. Quruma sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsinin də əsas səbəbi bu idi. Qoşulmama Hərəkatının bir çox üzvü oxşar tarix və problemlərə malikdir. Bir çox hallarda ədalətsizliklə üzləşib və öz milli maraqlarını müdafiə etməyə çalışır. Biz bunu birlikdə edə bilərik. Çünki bu gün dünyada qlobal qütbləşmənin, müharibənin, münaqişənin, proqnozlaşdırıla bilinməyən vəziyyətin, ərzaq, enerji və humanitar böhranların şahidi oluruq. Bu baxımdan bu əminlik hər zaman səsləndirilir ki, Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər.

Azərbaycanın bu gün beynəlxalq münasibətlər sistemində yeri və rolu göz qabağındadır. Müstəqil siyasəti ilə xarici siyasətdə davamlı uğurlara imza atan Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə çevrilmiş, dünya birliyində etibarlı tərəfdaş kimi nüfuz qazanmışdır. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarının mahiyyətində bu məqam da yer alır ki, Azərbaycanın sözü imzası qədər əhəmiyyətlidir. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən hər bir beynəlxalq tədbir dövlətlər, xalqlar arasında əlaqələri daha da möhkəmləndirir, birliyə, həmrəyliyə böyük töhfədir. 44 günlük müharibədə Azərbaycanın siyasi qələbəsi xarici siyasətində önəm verdiyi prinsiplərə bir daha işıq saldı: Beynəlxalq hüququn norma və prinsipləri əsasdır, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında əlaqələr qurulur, Azərbaycan heç bir dövlətin diktəsi ilə oturub durmur, siyasətində müstəqildir və atdığı bütün addımlarında dövlət maraqları öndə dayanır.

İstər ölkə, istərsə də beynəlxalq ekspertlər bu reallığı da qeyd edirlər ki, irəli sürülən təşəbbüslərin dəstəklənməsində Azərbaycan Prezidentinin şəxsi nüfuzu da əsas rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin natiqlik məharəti, diplomatik təcrübəsi, dünya miqyaslı siyasi lider obrazı, nitqinin məntiqi ardıcıllığı, hər bir fikrini dəlillərlə əsaslandırmaq bacarığı 44 günlük Vətən müharibəsi dövründə 30-a yaxın xarici mətbuata verdiyi müsahibələrində bir daha özünü təsdiqləməklə yanaşı, ona olan etimadı, inamı artırdı. Mövqeyindən bir addım belə geri çəkilməmək istəyini real addımları ilə nümayiş etdirən Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan yeni reallıqlar, bölgədə yeni əməkdaşlıq formatı yaratdı. İki ildən artıqdır ki, postmünaqişə dövrünün reallıqlarını yaşayırıq. Bu gün azad Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, bərpa edilir.

Sözügedən Zirvə görüşündə postpandemiya dövrünün reallıqları və çağırışları müzakirə ediləcək. İnkişaf etmiş ölkələr belə iqtisadi durğunluğu ilə diqqətdə oldu. Azərbaycan bu mübarizədə də özünün təkmil təcrübəsini nümayiş etdirdi ki, bu da öz növbəsində ölkəmizin iqtisadi və maliyyə böhranı yaşamamasına, əksinə iqtisadi artımı ilə diqqətdə olmasını şərtləndirdi. Sammit iştirakçı dövlətlərin, o cümlədən quruma sədrlik edən Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq.

Daha çox xəbərlər