Yol üstə qanlı davalar, həbslər… – sürücülük mədəniyyətini necə formalaşdıraq
Azərbaycanda indiyədək formalaşdırılması mümkün olmayan mədəniyyətlərdən biri də sürücülük mədəniyyətidir. Gündəlik həyatda da görürük, xəbərlərdən də oxuyuruq, sosial şəbəkələrdə yayılan videolardan da şahidi oluruq ki, ölkə ərazisində bir-birinə yol verməyən, yolun ortasında dalaşan, bıçaqlaşan, söyüşən vətəndaşlarımız az deyil.
Hətta artıq bu dava-dalaşlarda qadın sürücülər də yer alır.
Bir neçə gün öncə Bakı şəhər Nəsimi rayonu ərazisində müğənni Nigar Camalla mübahisə edən, onun maşınının qarşısını kəsib, avtomobilinə ziyan vuran sürücünün görüntüləri yayılmışdı.
Həmin şəxs – Göygöl rayon sakini, 1999-cu il təvəllüdlü Orxan Əliyev (şərti) Nəsimi RPİ-nin 22-ci Polis Bölməsi tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.
Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən iclasda Orxan Əliyev barəsindəki protokola baxılıb. Ona İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi üzrə 15 sutka inzibati həbs cəzası verilib.
Sürücülük mədəniyyəti bütün dünyada xüsusi önəm verilən məsələdir. Ölkəyə gələn xarici qonaqların da ölkə insanı haqda ilkin fikirlər formalaşdırılmasında bu amil mühüm rol oynayır. Turizm ölkəsi üçün bu daha vacib məsələdir.
Eyni zamanda bu, avtoqəzaların azalmasına, tıxacların, sıxlıqların seyrəlməsinə təsir edən məsələdir.
Əhməd Qəşəmoğlu: “İnzibati metodlar elə tətbiq edilməlidir ki, vətəndaşlar çox əziyyət çəkməsinlər”
Sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a mövzunu şərh edərkən bildirdi ki, Azərbaycanda elə bir vəziyyət yaranıb ki, yalnız maarifləndirmə ilə problemləri həll edə bilmirik. Onun sözlərinə görə, maarifləndirmə ilə paralel inzibati tədbirlər də görülməlidir: “Ölkəmizdə inzibati metodlardan istifadədə müəyyən çatışmazlıqlar mövcuddur. Sürücülər də, piyadalar da bəzən inzibati metodlarla bağlı narazılıqlar bildirirlər. İnzibati metodlar elə tətbiq edilməlidir ki, vətəndaşlar çox əziyyət çəkməsinlər. Ölkəyə gələn turistlərdə hava limanında, vağzallardakı mənzərəyə görə fikir formalaşır. Taksi sürücülərinin müştərini dəvət etmək üçün üstünə getməsi halları geniş yayılıb. Bu mənzərə ilə şəhərin müxtəlif yerlərində də rastlaşırıq. Bu cür sosial problemləri həll etmək üçün xüsusi elmi metodlar var. Hər bir insanın davranışına təsir edən 4 amil var: şəxsi keyfiyyətlər, mühit, alınan informasiyanın məzmunu və üstünlük verdiyi dəyərlərdir. Bu amilləri tənzimləməklə geniş miqyasda sürücülük mədəniyyəti formalaşdıra bilərik. Sosial işlərin görülməsinə, layihələrin həyata keçirilməsinə xeyli ehtiyac var. Məsələn, xidmət sahəsində çalışan avtobus sürücülərini, taksi sürücülərini ayrı-ayrı söhbətlərə cəlb etmək olar, hətta onlara xüsusi sənəd vermək olar. Bunu Qeyri-Hökumət Təşkilatları (QHT), Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, nəqliyyat sahəsində məsul qurumlar tənzimləyə bilər. Nəzərə almaq lazımdır ki, bununla həm gündəlik həyatımızda gərginlik yaranır, həm də ölkəyə gələn qonaqlar arasında nüfuzumuz azalır. Şikayətlərə, arzuolunmaz davranışlara qarşı cəza tədbirləri yüksəldilməlidir. Bir sözlə, kompleks işlər görülməlidir”.
Elməddin Muradlı: “İctimai qınaq və inzibati nəzarət olmalıdır”
Nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Müsavat”a bildirdi ki, təkcə sürücülər arasında deyil, ümumiyyətlə, cəmiyyətdə aqressiya var. Ekspert qeyd etdi ki, əksər hallarda yollarda müşahidə olunan mübahisələrin əsas səbəbi məhz aqressivlik olur: “Bəzi sürücülər özlərindən zəif sürücüyə qarşı kobud davranır. Etiraf edək ki, pandemiya da az rol oynamadı. Bundan əvvəlki dövrdə də yollarda mübahisələr olurdu, amma pandemiyadan sonra mübahisələrin sayı daha da artıb. Bunun qarşısını almaq üçün ictimai qınaq, nəzarət olmalıdır. Kobud sürücülər anlamalıdırlar ki, yolda kiminsə qarşısını kəsib üstünə gedirlərsə, cəzalandırılacaqlar. İnsanın mədəniyyəti, səbri, təmkini olmayandan sonra neçə dəfə cərimə olunmasının heç bir əhəmiyyəti yoxdur. Sürət həddinin aşılmaması ilə əlaqədar dəfələrlə xəbərdarlıqlar edilsə də, gördüyümüz kimi, nəticə ürəkaçan deyil. O ki qaldı aqressiv münasibətə, bu, psixoloji gərginliklə bağlı olan məsələdir. Hesab edirəm ki, sürücülərin tibbi müayinəsi ilə bağlı tənzimləmə aparılmalıdır. Əgər sürücülük vəsiqəsi 10 ildən bir dəyişilirsə, sürücü mütləq tibbi müayinədən keçməlidir. Bununla yanaşı, psixoloji müayinədən də keçməlidir. Rüşvət olmasa, müayinədən keçə bilməyəcək, vəsiqə almayacaq”.
Ekspert hesab edir ki, maarifləndirmə sahəsində medianın xüsusi rolu var. E.Muradlı qeyd etdi ki, televiziya kanallarında sürücülük mədəniyyəti, yol hərəkəti qaydaları haqqında nə qədər çox müzakirə olsa, bir o qədər faydalı olar.