Şahdağ Milli Parkında “Açıq qapı” günü keçirilib
Martın 3-ü Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar Şahdağ Milli Parkında “Açıq qapı” günü keçirilib.
ARANTV.AZ xəbər verir ki, bu məqsədlə İsmayıllı Dövlət Humanitar və Texnologiya kollecinin tələbələri Milli park ərazisində olub, orada olan flora və fauna növləri ilə tanış olublar.
Şahdağ Milli parkının İsmayıllı bölməsi üzrə direktor müavini Cəlil Rzazadə APA-ya açıqlamasında bildirib ki, ölkəmizdə flora və fauna növlərinin mühafizəsi məqsədilə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir:
“Onların ümumi sahəsi ölkə ərazisinin 10,3 faizini təşkil edir. İki dövlət qoruğu, dörd yasaqlıq – Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqları işğaldan azad olunmuş ərazilərdədir. Hazırda faktaraşdırıcı qruplar həmin ərazilərdə yasaqlıqlara, qoruqlara, biomüxtəlifliyə dəymiş ziyanın hesablanması ilə bağlı monitorinqlər aparırlar. Növbəti dövrlərdə həmin qoruq və yasaqlıqların bərpası ilə bağlı işlər həyata keçiriləcək.
Azərbaycanda vəhşi təbiətin mühafizəsi istiqamətində bir sıra tədbirlər görülür. Nəsli kəsilmək təhlükəsi olan növlərin bərpasına dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən beynəlxalq və yerli təşkilatlarla birgə layihələr icra olunur. Nazirlik yeni layihələrlə ceyranların tarixi arealını bərpa edir. Azərbaycan ərazisində ötən əsrin ortalarına kimi ceyranların sayı çox olsa da, 1960-cı illərə qədər bu say qanunsuz ov və ekoloji mühitin təsirlərinə məruz qalaraq xeyli azalıb və 200-ə qədər enib. Ümumiyyətlə reintroduksiya layihəsi ölkəmizdə IDEA İctimai birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilir. Ölkəmizdə ceyran, bəbir, zubr layihəsinin ardı olaraq 2022-ci ildən nəcib maral layihəsi başladılıb. 2022-ci il 11 noyabr tarixində 1 erkək və 3 baş dişi nəcib maral, zubrlar üçün tikilmiş adaptasiya ərazində onlar üçün ayrılmış əraziyə aparılıb. Onlara da zubrlar kimi gündəlik olaraq yem, su, viziual monitorinq, lazım gəldikdə baytar xidmətləri görülür”.
Cəlil Rzazadə qeyd edib ki, digər layihə isə zubrlarla bağlıdır: “Cənubi Qafqazda zubrların son nəsli 1937-ci ildə kəsilib. Nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Avropanın müxtəlif ölkələrindən zubrlar gətirilərək Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə təbiətə buraxılır. Hazırda Şahdağ Milli Parkında zubrların sayı 41 başdır. Onların 20 ədədi Şahdağ Milli Parkının ərazisinə buraxılıb. Ən son olaraq noyabr ayında 9 baş zubr gətirilib. Onlar təbiətə uyğunlaşması üçün milli parkın ərazisində volyer şəraitində saxlanılır. Daha sonra həmin zubrlar da digər fərdlər kimi Şahdağ Milli Parkının ərazisinə buraxılacaq. 2019-cu ildən bu yana milli parkda beş bala dünyaya gəlib. Balalar sağlamdır və təbiətə tam uyğunlaşıb. 2028-ci ilə kimi daha 100 baş zubrun gətirilərək təbiətə buraxılması nəzərdə tutulub”.

