Azərbaycanın dövlət müstəqilliyi əbədidir
Dövlət üçün müstəqillikdən, vətəndaşı üçünsə azadlıqdan üstün heç nə yoxdur. Ulu və zəngin tarixi keçmişə malik Azərbaycan xalqı azad yaşayış, müstəqil dövlət uğrunda uzun və mübarizələrlə dolu bir yol keçmiş, qəhrəmanlıq salnaməsi yazmışdır.
Beş min illik dövlətçilik tarixinə malik olan Azərbaycan əsrlər boyu torpağına göz dikən, azadlığını təhdid edən, ona düşmən kəsilən yadellilərə qarşı mübarizələr aparmışdır. Azərbaycan 1918-1920-ci illərdə müsəlman Şərqində ilk parlamentli, demokratik, dünyəvi dövlət qurmuş, lakin xalqımızın böyük mübarizələr, savaşlar sayəsində nail olduğu bu müstəqillik uzun sürməmiş, cəmi 23 ay yaşamışdır. Tarix üçün bu çox qısa bir zaman olsa da, əhəmiyyəti baxımından xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur. Mövcud olduğu bu qısa müddət ərzində Azərbaycan Xalq Cümhuriyyəti bütün vətəndaşlarını konstitusion hüquqlarla təmin etmiş, daxili quruluşundan asılı olmayaraq, bütün ölkələrlə münasibətləri faydalılıq əsasında yaratmağa çalışmışdır.
Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay yaşamasına baxmayaraq, nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi qalacağını vurğulayırdı. O deyirdi ki, biz nadir bir irsin varisləyirik: “Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.
Cümhuriyyətin demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və s. sahələrdə atdığı addımlar yarımçıq qalmamış, müstəqilliyini XX əsrin sonlarında yenidən bərpa edən dövlətimiz varislik ənənələrini yaşatmış, inkişaf etdirmişdir.
Azərbaycanın müstəqil ölkə kimi mövcudluğu, dövlətçiliyin qorunub saxlanılması, möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin Moskvadan Azərbaycana qayıdışı, əvvəlcə Naxçıvan Muxtar Respublikasına, az sonra isə bütövlükdə ölkəyə rəhbərlik etməsi dövlət quruculuğunun və ictimai-siyasi proseslərin məqsədyönlü şəkildə idarə olunmasına, irəli aparılmasına, inkişaf etdirilməsinə şərait yaratmışdı.
Yeni qurulmuş Azərbaycan Respublikası müstəqil dövlət kimi demokratik hüquqi dövlət quruluşunu seçdiyini bəyan etsə də, məlum olduğu kimi XX əsrin sonlarının mürəkkəb ictimai-siyasi vəziyyətində müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Belə bir vəziyyətdə görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəlməsi ilə ölkəmiz müstəqil dövlət kimi varlığını qoruyub saxlaya bildi və inkişaf yolunu seçdi.
Bəli, Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıtdıqdan sonrakı dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edildi, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olundu, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazandı. Dahi şəxsiyyət Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına bir daha sadiq qaldığını sübut etdi ki, həqiqətən Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır və dönməzdir.
Məhz ulu öndər Heydər Əliyevin qətiyyətli xarici və daxili siyasəti nəticəsində Azərbaycan artıq dünya miqyasında tanınıb, beynəlxalq təşkilatlarda öz layiqli yerini tutub, öz sözünü cəsarətlə demək qüdrətindədir. Əsası görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil xarici siyasət xətti düşünülmüş prinsiplər əsasında hazırda da uğurla davam etdirilir. Ümummilli liderimizin məyyənləşdirdiyi düzgün siyasi xətt respublikada qısa vaxtda ordu quruculuğunu möhkəmləndirmiş, güclü, mütəşəkkil ordunun yaradılmasına gətirib çıxarmışdır. Torpaqlarımızın bir hissəsinin düşmən tapdağı altında olduğu belə çətin durumda ordu quruculuğuna böyük diqqət yetirilməsi daxili siyasətin daha bir uğuru deməkdir. Ulu öndər Heydər Əliyevin Azərbaycan üçün, xalqımız üçün gördüyü işləri sadalamaqla bitib tükənən deyil. Çünki, Azərbaycanın hər daşında, torpağında, quruculuq işlərində ulu öndərin izləri var, onun fəaliyyətinin uğurlu bəhrələrini hər yerdə görmək mümkündür. Bu gün onun möhtəşəm işləri, əməlləri, misilsiz xidmətləri xalqımıza bəllidir və gözümüz önündədir.
Müasir Azərbaycan cəmiyyəti bəşəri dəyərlərə sadiq qalmaqla milli-mənəvi dəyərlər əsasında inkişaf etdirilir. Milli dövlətçilik rəmzlərinin: dövlət himninin, dövlət bayrağının, respublikanın gerbinin, dövlət dilinin daim uca tutulması hər bir vətəndaşın şərəfli və məsuliyyətli borcuna çevrilməsinin bariz nümunəsidir. Yüksək milli-mənəvi dəyərlərə və dövlət rəmzlərinə malik olmaq Azərbaycanda dövlət müstəqilliyinin real nəticəsi və təntənəsidir. Göründüyü kimi, Azərbaycan Respublikası müstəqil dövlət kimi özünəməxsus inkişaf modeli, siyasi-iqtisadi və mədəni yüksəliş konsepsiyası əsasında irəliyə doğru tarixi yolunu davam etdirməkdədir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xətti ölkəmizdə ardıcıllıqla və uğurla davam etdirilir. Heydər Əliyev siyasi kursu və ölkəmizin Prezidenti İlham Əliyevin modernləşmə xətti yeni Azərbaycanı uğurla böyük gələcəyə doğru aparır. Müstəqil dövlətçiliyin Azərbaycan modeli müasir inkişafın əsas hədəflərini özündə əks etdirir və daha işıqlı sabahlara çatmaq üçün real təminat verir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” 12 oktyabr 2016-cı il tarixli sərəncamında deyildiyi kimi, “nüfuzu beynəlxalq miqyasda ilbəil möhkəmlənən Azərbaycan dünya ölkələri içərisində öz layiqli yerini tutmuşdur”. Formalaşmış güclü dövlətçilik sisteminə və zəngin yeraltı və yerüstü sərvətlərə, ən başlıcası isə inkişaf etmiş insan kapitalına malik olan Azərbaycan Respublikası müstəqil dövlətçiliyin müasir inkişafına əyani sübutdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın görkəmli lideri kimi ölkəmizi böyük inamla daha uğurlu sabahlara doğru aparır. Müstəqil Azərbaycanın mükəmməl dövlətçilik modeli yeni müstəqillik qazanmış ölkələr üçün də nümunədir.
Müstəqillik illərində Azərbaycanda böyük uğurla həyata keçirilmiş Konstitusiya islahatları ölkəmizdə müstəqil dövlət quruculuğunun daha da inkişaf etdirilərək möhkəmləndirilməsinə xidmət etmişdir. O cümlədən 26 sentyabr 2016-cı ildə yüksək mütəşəkkil səviyyədə keçirilən referendum xalqın Prezident İlham Əliyevin dövlətçilik kursuna tam dəstəyini ifadə edir.
Dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq aləmdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır. Bu reallığı təsdiq edən bir çox amilləri sadalamaq mümkündür. Prezident İlham Əliyevin iştirak etdiyi, o cümlədən, Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər gənc Azərbaycan dövlətinin dünyada artan nüfuzunu təsdiq edən mühüm faktlardır. Azərbaycan artıq müxtəlif xarakterli – siyasi, idman, səhiyyə, iqtisadi və sair tədbirlərin keçirildiyi məkana çevrilib. Ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən biri olmasını bütün dünya qəbul edir. Bütün bunlar ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan xəbər verir.
Müstəqillik dövründə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası hakimiyyət bölgüsü prinsiplərini özündə ehtiva etməklə, zamanın tələbilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və demokratikləşməsinə möhkəm təməl yaratmışdır. Əsas Qanunda ilk dəfə olaraq respublikamızın dövlət quruluşu sistemində prokurorluğun layiqli yeri müəyyənləşdirilmiş, məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericilik qaydasında təsbit edilmişdir.
Bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir. Çünki, dövlətimizin idarəçilik sükanı arxasında ümummilli liderimiz Heydər Əliyevin layiqli yetirməsi, yaratdığı siyasi kursun davamçısı, müstəqilliyimizin təminatçısı möhtərəm Prezidentimiz İlham Əliyev durur. Hər bir azərbaycanlının prezidenti olacağını qətiyyətlə bildirən və ötən müddət ərzində bunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə bir daha sübut edən cənab İlham Əliyevlə xalqımız yeni-yeni müvəffəqiyyətlərə, uğurlara nail olacaq, müstəqilliyimizin qorunması, dövlətçiliyimizin inkişafı və möhkəmləndirilməsi istiqamətində irəliləyəcəkdir.
Nailə Dadaşova,
YAP Xətai rayon təşkilatının “Məzahir Rüstəmov 35” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü

