Cəmiyyət 

“Media demokratiyanın inkişaf etməsində əsas göstəricilərindən biridir”: Sahibə Qafarova

“Media gender bərabərliyi istiqamətində struktur dəyişikliyinə həm təkan verə bilər, həm də ona mane ola bilər. Təəssüf ki, tədqiqatlardan da aydın göründüyü kimi media sahibkarlığında, informasiya istehsalında və jurnalistikada redaksiyalarda rəhbər vəzifələrdə qadınlar kifayət qədər təmsil olunmur”.

ARANTV.AZ-ın məlumatına görə, bunu “Gender bərabərliyi və media” mövzusunda keçirilən konfransda millət vəkili, Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi Komitəsinin üzvü Sahibə Qafarova bildirib. Onun sözlərinə görə, bu, qadınların həm kəmiyyət, həm də keyfiyyət baxımından Kütləvi İnformasiya Vasitələrinin məzmununda az görünməsinə, KİV-də nadir hallarda qadınların ekspert qismində çıxış etməsində və qadınların fikir və rəylərinin daha az ifadə olunmasında daha bariz görünür.

Sahibə Qafarova bildirib ki, media demokratiyanın inkişaf etməsində əsas göstəricilərindən biridir və cəmiyyətin formalaşmasında mühüm rola malikdir:

“Eyni zamanda ayrı-seçkiliyə qarşı mübarizə, kişi və qadınlar arasında real bərabərliyin olması üçün xüsusi məsuliyyət daşıyır. İrqçilik, ksenofobiya və digər ayrı-seçkilik kimi mediada cinsi ayrı-seçkiliyə də yer olmamalıdır. KİV geniş imkanlara malik olub ictimai fikrin, insanların fikirlərinin formalaşmasında güclü təsirə malikdir. Ona görə də media bu imkanlarından istifadə edib cinsi stereotiplərin aradan qaldırılmasına, qadınların cəmiyyətdə rolunun artırılmasının təşfiq olunmasında üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Bu məsələ bütün beynəlxalq təşkilatların fəaliyyətində də çox önəmli yer tutur.

Avropa Şurası Parlament Assambleyası tərəfindən bununla bağlı bir neçə sənəd qəbul olunub. Avropa Şurası Nazirlər Komitəsi tərəfindən 25 sentyabr 1984-cü il tarixli Nazirlər Komitəsinin üzv dövlətlərinin mediada qadınlar və kişilər arasında bərabərliyə dair 17 saylı tövsiyəsində də medianın gender məsələlərinin həllində mühüm rol oynayır. Həmçinin media rəhbərliyində və idarəetmə qurumlarında qadınların bərabər nisbətdə təmsil olunmasına stimul verilməsi, media vasitəsilə yayımlanan söhbət və müzakirələrdə qadınların daha çox iştirakı kimi tövsiyələr, mediada gender probleminin həllini nəzərdə tutur.

Bundan başqa, AŞPA-nın 2002-ci ildə qəbul edilən 1555 saylı tövsiyə mediada qadınların imici məsələsinə həsr olunub. 2017-ci ildə isə “Reklamda qadınların imici” adlı 1799 saylı tövsiyə və

reklamda qadınların imici haqqında 1557 saylı qətnamədə üzv olan ölkələrdə qadınların problemlərinin həlli səviyyəsi mediada, o cümlədən media reklamlarında qadın və kişilərin imicinin necə əks olunduğunda dair mühüm məlumatlar əksini tapıb. Bütün qəbul edilən sənədlərin hər birinin məqsədi ondan ibarətdir ki, demokratik cəmiyyətlərin ən mühüm prinsiplərindən biri olan gender bərabərliyi, kişi və qadınlar arasında bərabərliyin təmin olunmasında gender əsaslı diskriminasiya və zorakılığın qarşısının alınmasında bütün ictimai institutların, o cümlədən medianın imkanları səfərbər olunmalı, praktik addımlar atılmalıdır. Çünki gender bərabərliyi media da daxil olmaqla ictimai həyatın bütün sahələrində qadın və kişilərin bərabər nüfuza, səlahiyyət və məsuliyyətə, iştirak hüququna malik olması deməkdir. Gender bərabərliyinin, sosial ədalətsizliyin əldə edilməsi və demokratik inkişadın ardıcıllığının qəbul edilməsi, həmçinin ictimai münasibətlərin düzgün əsaslarla qurulması deməkdir.

Biz Azərbaycan təcrübəsində gender bərabərliyinin, qadınlar üçün real imkanların təmin olunmasının, cəmiyyətin inkişaf dinamikasının sürətləndirilməsində mə qədər təsirli olduğunun şahidi oluruq. Bu gün Azərbaycan qadını ictimai həyatın bütün sahələrində çox böyük fəallıq göstərir”.

METBUAT.AZ

Daha çox xəbərlər