“Azərbaycanda hələ də məcburi nikaha cəlb edilmə halları mövcuddur”: Elgün Səfərov
“Seksizm ailədə, özəl, ictimai sahədə hüquqların pozulmasıdır. Azərbaycanda da iş yerlərində, təhsil və tibb müəssisələrində seksizm halları baş verir.”
ARANTV.AZ-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elgün Səfərov “Gender bərabərliyi və media” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bir çox hallarda seksizmə məruz qalanların intiharına gətirib çıxarır. Ailənin özünəməxsus stereotipləri var. Buna görə bu istiqamətdə çalışmaq çətin olur və bu məsələlər intihara gətirib çıxarır. Əhalinin bütün səviyyələrində problem keçərli ola bilər. Biz bununla hər yerdə rastlaşa bilərik”.
Komitə rəsmisi bildirib ki, XXI əsrdə yaşasaq da hələ də məcburi nikaha cəlb edilmə halları mövcuddur:
“Dünya üzrə hər 30 saniyədə bir nəfər insan alverinin qurbanına çevrilir. 700 milyon qadın isə məcburi nikaha daxil edilir. Azərbaycan əhalisinin 25-34 yaşlı hissəsinin 85 faizi sosial şəbəkələrdə ən azı bir saat vaxt keçirir. Sosial şəbəkələrdə gedən reklamlarda da seksizm var və bu, davamlı şəkildədir”.
Elgün Səfərov bildirib ki, seksizmlə bağlı xüsusi proqramlar aparılmalıdır, tədbirlər keçirilməlidir:
“Qanunların həssas qruplara aid olması nəzərə alınmalıdır. Ayrı-seçkiliyə qarşı mübarizə aparmalıyıq, qadın hüquqları ilə bağlı işləmək üçün bu sahəyə pul ayırmalıyıq. Sərmayə yatırmasaq, görülən işlərin faydası olmayacaq. Ümumiyyətlə seksizmlə mübarizə sistemində ya ayrıca institut yaradılmalıdır, ya da komitənin nəzdində transformasiya etmək lazımdır və bunun üçün də maliyyə ayrılmalıdır. Gender bərabərliyi, qadın və qızlara qarşı edilən seksizm hərəkətləri ilə bağlı xüsusi tədqiqatlar aparılmalıdır”.
METBUAT.AZ

