Siyasət 

Azərbaycan-BMT əməkdaşlığı: Ağdamda keçiriləcək məsləhətləşmələrin istiqamətləri

Martın 16-da Ağdam səhərində Azərbaycan Respublikası Hökuməti və ölkədə fəaliyyət göstərən BMT sistemi arasında İllik yüksək səviyyəli strateji məsləhətləşmələr təşkil ediləcək.

BMT nümayəndələrindən ibarət heyət artıq Füzulidədir.

Səfər zamanı qonaqların Füzuli və Ağdamda aparılan bərpa işləri ilə tanışlığı nəzərdə tutulub.

BMT-nin nümayəndə heyəti əsas diqqəti Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi, ətraf mühitin mühafizəsi və su ehtiyatlarından səmərəli istifadə, kənd təsərrüfatı, səhiyyə, şəhərsalma, gender bərabərliyi məsələləri və Azərbaycan ilə BMT arasında əməkdaşlığın digər sahələrinə yönəldəcək.

Qeyd edək ki, 2022-ci il martın 18-də Azərbaycan Hökumətinin BMT sisteminin müxtəlif agentlikləri ilə birgə Şuşa səhərində birgə tədbiri keçirilmişdi.

Tədbir çərçivəsində azad edilmiş ərazilərdə dağıntıların miqyası və həyata keçirilən bərpa və yenidənqurma işləri BMT agentliklərinin nümayəndələrinə təqdim edilmiş, onlarla həm bu ərazilərdə, həm də ümumiyyətlə ölkə daxilində iş birliyinin təkmilləşdirilməsi məsələləri nəzərdən keçirilmişdi.

Təməli Şuşada qoyulmuş bu formatın Ağdamda davam etdirilməsi Azərbaycanla BMT arasındakı münasibətlərin yeni mərhələsidir.

35-dən çox hökumət və BMT rəsmisini bir araya gətirəcək bu tədbirdə ölkənin DİM-lərə nail olmasının daha da sürətləndirilməsi, bu prosesdə uğurla həyata keçirilən azad edilmiş ərazilərin bərpa və yenidənqurma işlərinin rolu, humanitar minatəmizləmə və onun DİM-lərə təsiri, ətraf mühitin qorunması və su ehtiyatlarının səmərəli istifadəsi, kənd təsərrüfatı, səhiyyə, şəhərsalma, gender və ölkəmizin BMT ilə digər əməkdaşlıq istiqamətləri diqqət mərkəzində olacaq.

Tədbir Azərbaycanın dinamik şəkildə həyata keçirdiyi bir necə fəaliyyət və təşəbbüsünü daha da inkişaf etdirmək üçün münasib platformadır.

Azərbaycanın COVID-19 pandemiyasına qarşı Qoşulmama Hərəkatı həddi ilə əldə etdiyi uğurlar, humanitar minatəmizləmə və davamlı şəhərsalma kimi sahələrdə qazandığı nailiyyətlər bənzər problemlərlə üzləşən ölkələr üçün faydalı nümunədir.

Azad edilmiş ərazilərin bərpa və yenidənqurması, oraya insanların qayıdışı və bu prosesdə beynəlxalq təcrübənin tətbiqi də əsas müzakirə mövzularından biri olacaq.

Bu müstəvidə BMT, Dünya Bankı və Avropa İttifaqının birgə postböhran mexanizmi olan bərpa ehtiyaclarının qiymətləndirilməsi metodologiyasının ölkəmizdə tətbiq edilməsi də tədbir iştirakçılarının müzakirə edəcəyi mövzular arasındadır.

Qeyd edilməlidir ki, həmin prosesin ilkin mərhələsində həyata keçirilmiş tədbirlər çərçivəsində dünyada postböhran bərpası sahəsində aparıcı olan bu üç beynəlxalq qurum Azərbaycanın bərpa və yenidənqurma proseslərində əldə etdiyi nəticələri yüksək qiymətləndirib.

Bildirək ki, səfərlər çərçivəsində ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ağacəkmə aksiyası da keçiriləcək.

Daha çox xəbərlər