Cəmiyyət 

Baharın müjdəçiləri: “Müğənnilərə 1000 manat verirlər, bizə çatanda pul qurtarır” – MÜSAHİBƏ + FOTO/VİDEO

“Novruz bayramının tarixi Zərdüştlük dövrünə gedib çıxır. Özbək yazıçılar öz kitablarında, romanlarında Novruz adət-ənənələri haqqında yazıblar. Hətta 1705-ci ildə Səlcuqlar dövründə Məlik şahın təqvimdə martın 20-ni “il təhvil” kimi qeyd edirdilər. Bu qədər qədim bayramı, mənəvi dəyəri unudurlar. Mən bu gün insanlarımızın üzündə bayram ab-havası görmürəm”.

Novruz qədim və böyük bayram kimi yazın gəlişi ilə əlaqədar olaraq qeyd edilir və sevincli hadisələrə – qışın bitməsi və yazın başlamasına həsr olunur. Oxu.Az daimi oxucuları başda olmaqla hər kəsin Novruzun bayramını təbrik edir.

Oxu.Az Novruz bayramının, Baharın gəlişinin carçıları olan kosa və keçəl ilə, daha dəqiq desək, Qafar Novruzlu (kosa) və Vaqif İbrahimov (keçəl) ilə həmsöhbət olub.

– Elimizin gözəl bayramlarından biri Novruz bayramıdır. Hər kəsin bayramını təbrik edirsiniz, elə söhbətimizi sizi təbrik etməklə başlamaq istəyirəm. Bayramınız mübarək olsun.

– Çox sağ olun, biz də sizin vasitənizlə bütün xalqımızı Baharın gəlişi, torpağın oyanması münasibəti ilə təbrik edirik. Sizə də təşəkkür edirik ki, keçəl və kosa dedikdə ilk bizi yada salırsınız.

– Novruz bayramı sanki ildən-ilə daha sakit, daha solğun keçir, siz necə fikirləşirsiniz?

– Kosa: Mən insanları çox müşahidə edən adamam. Az müddət deyil, 33 ildir mən “kosa” obrazı ilə bayramlarda insanların üzündə gülüş yaratmağa çalışıram. Amma təəssüf ki, bu gün mən onların üzündə illər əvvəlki xoş təbəssümü görmürəm. Bizim vaxtımızda fevral ayı girən kimi Novruza hazırlıq başlayırdı. Evlərdə şirniyyatlar bişərdi, qonşular bir-birinə pay verərdi. İndi insanların çoxu gedir mağazadan ailə üzvlərinin sayına görə şəkərbura, paxlava, qoğal alır gəlir. İki qab qoyur, bir səməni qoyur ortaya, olur bayram süfrəsi.

“Azdrama”nın yanından faytonla gəlirdik, xalq kosa-keçəl görəndə çoşqu ilə qarşılayırdı. Hamımız bayram ab-havasında idik. Yaxınlaşırdılar, şəkil çəkdirirdilər, insanlar bir-birinə evdə bişən şirniyyatlardan pay verirdilər. Hətta 1997-ci ildə Novruz bayramının meydan adətinin əsasını biz qoyduq. Meydanda xurcun çiynimdə bayram əyləncəsi zamanı ulu öndər Heydər Əliyev də bayram şənliyini ziyarət etdi. Mən orada ona yaxınlaşdım və “bayram adətinə görə yumurta döyüşdürərlər” dedim. O da gülümsədi və bayram adətini yerinə yetirdi. Yumurta döyüşdürdük və mən uduzdum. Kim qalib gəlirsə, yumurtanı da ona verirdik. 2002-ci ildə də bayram ərəfəsində yumurta döyüşdürmək adətini ölkə başçısı ilə etdik. Ölkə başçısına dedim ki, udsam, mən prezident olmaq istəyirəm. O da xeyli güldü, dedi ki, yaxşı. Mən yumurta döyüşündə yenə uduzdum. Ulu öndər dedi ki, “keçən dəfə də uduzdun, indi də, bu necə olur?” O il yumurtanı verdi mənə ki, bu yumurta uğurludur, azuqə toplayarsan. Ulu öndərin vaxtında belə dəyər verdiyi, böyük çoşqu ilə təşkil edilən bu bayram, folklor artıq unudulur.

– Keçəl: Çərşənbələrimiz var, onun öz gözəl adətləri var. İnsanlar hər il o çərşənbələrə uyğun adətləri yerinə yetirərdilər. Od çərşənbəsində həyətdə tonqal qalayardılar. Uşaqların marağı olardı. İndi uşaqlar heç Novruz bayramı barədə məlumatlı da deyillər. Məktəblərdə, bağçalarda, universitetlərdə belə Novruz şənlikləri təşkil edilərdi. İstirahət, bayramlaşmaq məqsədilə qonaq gedərdilər. İndi belə bir çoşqu, maraq, bayram əhvali-ruhiyyəsi görmürük.

– Necə düşünürsünüz, folklorumuz, bayram adət-ənənələrimiz niyə unudulur və ya unudulmağa vadar edilir?

– Kosa: Vallah, televiziyalar, ictimaiyyət adamları folklorumuzu, milli bayramımızı, adət-ənənəni cəmiyyətə təbliğ etmək yerinə yaddaşlardan silirlər. Hansı kanalı açırsan, eyni müğənniləri görürsən. Bir mahnını kanal-kanal gəzib oxuyurlar, maariflənmə yox, faydalılıq yox. Hər birinin də yarım saat verilişdə qonaq olmağına nə qədər pul ayrılır. Olar, bu da lazımdır, amma ildə bir dəfə olan bayramdır, bizi də yada salın da. Özbəklər, taciklər, türkmənlər öz adət-ənənələrini, milli-mənəvi dəyərlərini necə qoruyurlar, insanlara necə tanıdırlar. Biz nə edirik? Unuduruq, unutdururuq. Niyə? 2010-cu ildə İlham Əliyevin də iştirak etdiyi rəsmi bayram şənliyində başqa keçəl-kosa dəvət etmişdilər. Ölkə başçımız özü canlı efirdə dedi ki, hanı bizim öz kosa-keçəlimiz? Biz kloun deyilik, aktyoruq və obraz canlandırırıq. Bizi dəyərsizləşdirməyə çalışanlar var, amma Allaha şükür, nail ola bilmirlər.

– Keçəl: Təəssüf ki, elədi. Hələ 2 il öncə bizi bayramlara dəvət etmirdilər. Hər kəs bir geyim tikdirib düşürdü ortaya ki, keçəl-kosayıq. Şəkil çəkdirmək üçün pul alırdılar camaatdan. Bizə təsir edən bayram simvolu olan obrazları uyğun olmayan formada ucuzlaşdırmaqdır. Onlara görə bəziləri deyirlər ki, keçəl-kosa ancaq pul dilənir, pay dilənir. Bu, belə deyil. Bu sözü deyən adamların folklordan, Novruz bayramının adət-ənənəsindən xəbəri yoxdur, bayramın məqsədindən anlayışları yoxdur.

– Elə özünüz bu məsələyə toxunmuşkən bir məqama da aydınlıq gətirək. Niyə hamı deyir ki, yeni ilin simvolu olan şaxta baba gəlişi ilə hədiyələr gətirir, kosa-keçəl isə xalqdan hədiyə istəyir?

– Kosa: Əvvəla yeni il bizim bayramımız deyil. Onun adət-ənənəsinə bir söz deyə bilmərəm. Amma bizim pay verib-almağımızı dilənçi kimi görüb, elə təsvir edənlər bu bayram barədə məlumatsız olanlardır. Bu kosa obrazını o vaxt bizdən öncə Ziyadxan müəllim canlandırırdı. Öz kompazisiyası var idi. Allah ona rəhmət eləsin. Hər yerdə kosa-keçəl var, amma bayram, adətlər barədə nə bilirlər? Uşaqların suallarına cavab verə bilirlər? Heç nə bilmirlər axı, cavab da versinlər. Süfrəni yeyib-talamaqla bayram simvolu olmur. Süfrəyə “s” hərfi ilə başlayan 7 növ nemət qoyulmalıdır. Süfrəyə qoyulan nemətlərin hər birinin öz mənası var. Şəkərbura ayın, qoğal günəşin, paxlava ulduzun, səməni torpağın nəfəs almasının, oyanışın rəmzidir. Kosa qışın rəmzidir, keçəl də yazın rəmzidir. Bizim meydan oyunlarımız var ki, özümüz ssenariləşdirmişik. Bu bayram bizim xalqımızın əliaçıqlığını, mərhəmətini, yardımlaşmasını tərənnüm edir. Heç kim heç kimdən heç nə dilənmir.

– Keçəl: Qafar müəllim, doğru vurğulayır. Bunların hamısının rəmzi mənaları var. Amma heç kim bu adətləri olduğu kimi aşılamaq istəmir, təhrif edir, alçaltmağa çalışırlar. Bu, tarixi ən qədim dövrlərə gedib çıxan bayramlardan biridir. Hər xalqın özünəməxsus bayramları var. İndi Novruz bayramı da bizim payımıza düşüb. Bəzən bu bayramı dini bayramlarla əlaqələndirmək istəyirlər. Amma heç bir əlaqəsi yoxdur. Gəl-gör ki, kosa-keçəl bu bayramın adətlərini illərdir yaşatmaq üçün əlindən gələni edir. Sadəcə bizim əziyyətimizi görmək, dəyər vermək lazımdır. Bizi mənəvi dəyərlərimizdən uzaqlaşdırmaq lazım deyil.

– Bəs siz bütün tədbirlərə təmənnasız gedirsiniz?

– Kosa: Dövlət tədbirlərinə bəli, təmənnasız gedirik. Televiziyalardan asılıdır, kim necə bayramlaşırsa, bayramlaşır(gülürlər). Amma zarafat bir kənara, sənətə, sənətçiyə qiymət vermirlər. Bayramla əlaqədar hər yerə müğənnilər dəvət olunur, bir mahnı diskini götürüb kanal-kanal gəzirlər. Ən az bəyənilən müğənninin verilişə gəlməsinə də olsun-olmasın 500-1000 manat pul verirlər. Bizi dəvət edəndə deyirlər ki, pul yoxdur, baxın da, gəlirsiniz, gəlin. Bir iki dəfə demişəm ki, əziyyət çəkmişəm, bu qədər hazırlıq, geyimlər, maşın sürüb gəlmişəm. Heç olmasa yanacaq pulunu verə bilərsiniz, ya maşın göndərə bilərsiniz. Onu deyəndə də pul istəyirik kimi çıxır. Ay qardaş, bəs bu da bizim işimizdir də. Siz işinizi havayı görürsünüz? Gəlməyəndə də öz işçilərindən birini keçəl, birini kosa edirlər, bayağı bir səhnə hazırlayıb bayram efiri çəkirlər. İmkan vermirlər ki, xalqa Novruzun tarixindən danışaq, gəncləri bir az maarifləndirək. Ancaq müğənni, müğənni, müğənni… Hamını müğənni edəcəksiniz? Reklam üçün oradan çıxıb o tərəfə gedirlər. Oxuduqları mahnıların sözlərində də, məzmununda da maariflənmə yox, mədəniyyət yox. Çoxlarının da səhnə qabiliyyəti, danışıq qabiliyyəti yoxdur. Xalq baxır, uşaq, gənclər, yeniyetmələr, yaşlılar baxır axı. Ayıb deyil?

Mənə reklam lazım deyil, adımla, sənətimlə 33 ildir mən öz reklamımı da etmişəm, möhürümü də qoymuşam. İldə bir dəfə olan bayramdır, müğənnilərə ayırdığınız pulu ildə bir dəfə də kosa-keçələ ayırın da, olmaz? Verilişlər bir işə, reklama görə 10 000-15 000 manat pul götürürlər. Heç kim uşaq deyil axı.

– Keçəl: Hamı beynində tutub ki, müğənni olum, toya gedim pul qazanım. Belə şey olar? Məni tanıyan 2-3 nəfər zəng edib ki, kömək elə müğənni olum. Mən başa düşmürəm ki, ölkənin yarısı müğənni olmaq üçün niyə əlindən gələni edir? Heç kim özünü cəmiyyətdə başqa sektorda sınamaq, orada öz yerini tutmaq istəmir. Bizə kloun kimi baxırlar, televiziyada aksesuar kimi istifadə etməyə çalışırlar. Təsəvvür edin efirə qonaq çağırırlar, müğənnilər durub mahnı oxuyur. Aparıcılar göz-qaş eləyirlər ki, durub oynayın. Ay qardaş, ay bacı, nə oynayaq? Biz təlxək deyilik, ona qalsa, bayramqabağı tədbirlərin məzmunu, əsası elə bizik. Azərbaycan Televiziyası, “Xəzər TV” hər il adət-ənənələrə sayğı ilə yanaşır, o çoşqunu itirməməyə çalışır.

– Siz illərdir bir-birinizdən ayrı partnyorlarla çıxış etmirsiniz. Him-cim ilə belə bir-birinizi başa düşürsünüz. Amma niyə Novruzun simvollarından olan Bahar qızınız yoxdur?

– Keçəl: Var, niyə yoxdur. Bizim əslində Aygün adlı Bahar qızımız var idi. Sadəcə olaraq ailə qurdu deyə daha çalışmadı. Bildiyimiz qədər, hazırda Türkiyədədir.

– Kosa: Çox istedadlı qızdır. Şənliklərə bizimlə gedirdi. İmprovizasiyası çox güclü idi, səhnəciklərə yaradıcı yanaşırdı. İndi də bir-iki xanımlar var, şənliklər zamanı dəvət edirik. Amma Aygün kimi istedadlı aktrisalar, bahar qızları çox azdır. İndi o xanım burada yoxdur, amma haqqında deyiləcək sözlər yalnız xoş xatirələrdir. Ona görə də insan özünə, oturuşuna, duruşuna, danışığına fikir verməlidir, etibar, hörmət qazanmalıdır.

– Ömürdən gedən 33 il zarafat deyil, Qafar müəllim. Vaqif müəllim sizin də bir neçə gün öncə 44 yaşınız tamam oldu. Kosa-keçəl obrazından savayı, gəlir yeriniz varmı?

– Keçəl: Təbii ki, biz aktyoruq. Öz sənətimizlə tamaşalarda çalışırıq, qazancımız var. Çox şükür bu ölkədə heç kim ac qalmır, hamı çörəyini tapır. Mən sirkdə işləyirəm. Bundan əlavə aktyor kimi dəvət aldığım rollar olur. Amma bu keçəl obrazı ilə tarixə adımızı yazdırdıq. 1997-ci ildə mən hərbi xidmətdən gələndən elə Qafar müəllimlə çiyin-çiyinə çalışıram. Kosa-keçəl deyəndə ağıla ilk gələn sima bizlərik. Bunun üçün illərin əziyyəti var, sevgisi var. Mədəniyyət Nazirliyi qiymət versə, dəyər görsək, biz də həvəslə çalışarıq.

– Kosa: İnanın ki, mənim artıq sənətimi davam etdirməyə həvəsim qalmayıb. Çünki, çox dəyərsizləşdirirlər, hər şeyi ucuzlaşdırırlar. Mən dəfələrlə fəxri ad verilməsi ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət yazmışam. Baxılacağını deyiblər. Hələ də nəticə yoxdur. Niyə? Xalq artisti alan cavanlardan əskik sənətimiz var?

– Bəlkə insanları yoran hər il eyni səhnələr, eyni oyunlardır? Novruz ancaq yumurta döyüşdürməkdən ibarətdir?

– Kosa: Biz heç vaxt eyni səhnəciklərlə çıxış etməmişik. Bizə hazır şablon çıxışlar verirdilər. Tapşırırdılar ki, filankəsə bunu de, bu zarafatı et. Biz o bayağılığı etmirdik. Özümüzün fərqli-fərqli ssenarilərimiz var idi. Onları oynayırdıq. Bayram günlərində televiziyalar ard-arda dəvət edirdilər deyə elə olurdu ki, ssenarimizi, bayatımızı, deyimləri yolda qafiyələndirirdik ki, fərqli olsun. Biz bu işin əziyyətini çəkirdik, ona görə ki, insanlar yorulmasın, qulaqları fərqli deyimlər eşitsin. Əlbəttə ki, bu bayram tək yumurta döyüşdürmək ilə bitmir. Nə qədər meydan oyunları var: “Qodu-qodu”, qaravəlli, günəşin çağırılması, kəndirbazlar, pəhlivanlar və s. oyunlar var.

– Keçəl: Bilirsiniz izləyiciləri yoran nədir? Dəvət olunduğumuz efirlərdə bizim səhnələrimiz bitsə də, bizi efirdə saxlayırlar. Bizim missiyamız nədir? Bayram ab-havası yaratdıq, öz üzərimizə düşəni etdik, səhnəmizi oynadıq, bitdi. Amma deyirlər ki, bir-iki saat bizim yanımızda olmalısan. İnsanlar da çox görəndə istər-istəməz adiləşir. Bayrama qədər çərşənbələr var, bayramın özü var, səhnəcikləri oynadıq getməliyik. Biri deyir üç saat qal, müğənnilər oxuyanda dur oyna və s. Əslində biz yox, budur yorucu gələn və gərəksiz olan.

– Bu sualım keçələdir. Ölkə başçısı bayram şənliklərindən birində yumurtanı sizin başınıza vuraraq yoxladı. Bu da səhnəciyin bir parçası idi, yoxsa necə?

– Keçəl: Uzun müddət hamı o səhnəcikdən danışdı. Sadəcə olaraq o da improvizasiya idi. Gözlənilməz oldu. Hər dəfə ölkə başçısı yumurta döyüşündə qalib gəlirdi. Bu dəfə yoxlamaq istədi ki, görəsən bu işdə bir hiylə var, yoxsa yox. Kosa da “keçəlin başı bərkdir, yumurtanı belə yoxlayın” deyə təklif etdi. Çox yadda qalan bir an oldu. Gözləmədiyimiz qədər də maraq yaratdı.

Bilirsiniz, bu şənliklərdə dediyimiz sözlərə diqqət etsələr, görərlər ki, biz havaya danışmırıq. Bu səhnəciklər satiradır, bəzən yerinə görə sarkazmdır. İnsanların nəyi necə görmək istədiklərindən asılı olaraq bizim sözlərimizə qiymət verirlər. Əslində isə elə deyil.

Bağçaların birində tədbir keçirmişdik. O vaxt 3 yaşlı uşaq bizimlə şəkil çəkdirib. İllər sonra yenidən bizi görəndə 24 yaşı var idi. Cavan, yaraşıqlı oğlan olub. Qız qalası yanında şənlikdə bizi görüb yaxınlaşdı və dedi ki, 3 yaşı olanda bizimlə şəkil çəkdirib. Şəkili də bizə göstərdi. Bu, bizim üçün çox xoş xatirə oldu. Neçə illər keçməsinə baxmayaraq, insanların yadında qala bilirik.

– 2014-cü ildə Türkiyədə Azərbaycanın milli bayramı olan Novruz bayramını, adət-ənənələrini təbliğ etmisiniz. Belə festivallardan daha sonra da dəvət gəldimi sizə?

– Kosa: Bu dəvətə gedəndə bilirdik ki, bir çox türkdilli ölkələr öz adət-ənənələrini, milli-mənəvi dəyərlərini təbliğ edirdilər. Biz də öz adətlərimizi, atributlarımızı təqdim etdik. 2014-cü ildə İstanbulda baş tutan festivalda bütün diqqət bizim üzərimizdə idi. Novruz bayramını çox ölkələr bizim kimi keçirmir. Bizim obrazlarımız onlara qəribə, maraqlı gəlirdi. Bütün türk mediası bizdən müsahibə aldı, atributların mənasını soruşdu. Süfrədəki nemətlərin adlarını, nişanələrini, Novruz bayramının tarixini danışdıq. Hazırlıqsız birbaşa festivalda azərbaycanlıların bayram stendindən canlı yayıma çıxdı Türkiyə kanalları. Azərbaycanla yanaşı Türkmənistan, Qırğızıstan, Qazaxıstan və s. ölkələrdə Novruz adətlərini nümayiş edirdilər.

– Gileyinizi, küskünlüyünüzü anlayıram. Mədəniyyət Nazirliyindən bu illər ərzində sizinlə heç vaxt əlaqə saxlanılmayıb?

– Kosa: Bizə dəyər verilən son tarix 2011-ci il oldu. Ondan sonra nə Novruz bayramı coşqu ilə qeyd edildi, nə də biz yada düşdük. Sonuncu dəfə də 2010-cu ildə Novruz şənliyinə biz yox, başqa kosa-keçəl dəvət olunanda ölkə başçısı bizi soruşmuşdu. Heç kim deyə bilməyib niyə biz şənlikdə yoxuq. Növbəti il məcbur olub bizi çağırdılar. Prezidentlə yenə bayram münasibətilə görüşəndə özü soruşdu ki, harada idiniz? Onda keçmiş nazir Əbülfəz Qarayevin rəngi sapsarı oldu. Elə bildilər ki, bizimlə maraqlanmadıqlarını deyəcəyəm. Mən isə şikayət etmədim, zarafat qatıb bir-iki sətir bayram şeiri ilə məsələnin üstündən keçdim. Dəfələrlə Milli Məclisə, deputatlara yazmışam. Niyə mənim fəxri adımı vermirlər? Madam ki, Azərbaycanda şou-biznes faktoru sənətdən daha önəmlidir, deyin, bilək. Mədəniyyət Nazirliyi şou-biznesə ayrılan diqqətdən bizə ayıra bilmirsə, televiziyalarda normal layihə quracaq savadlı kadrlar yoxdursa, daha deyəcək söz tapmıram.

Mənim yerimdə kim olsa deyərdi ki, onu nazirdən soruşun. Prezidentlə sağollaşdıqdan sonra Əbülfəz Qarayev gəldi, məni qucaqladı, öpdü ki, gözəl səhnə idi. Əhsən sizə, məni vəziyyətdən çıxartdınız. Kim olsa ondan sonra abır-həya edər, bir tədbir görərdi, amma bu günə qədər də nazirlikdən bir diqqət görmədik.

2012-ci ildə bayram vaxtı bulvara çıxmışıq. İnsanlar bayrama görə şəhərdədir, bizi görüb gəlib şəkil çəkdirirdilər. Fotoqraflar da kadr tutmaq üçün şəhərdə idilər. Bir qədər getmişdik ki, bulvar mühafizəsi bizi qolumuzdan tutub kənara çəkdi. Bizə deyir ki, çıxın bulvar ərazisindən. Soruşduq ki, niyə, bayramdır, Novruzun simvolu kimi kosa-keçəl xalqın arasında olmalı deyil? Deyirlər ki, burada olmaq üçün Dənizkənarı Bulvar İdarəsindən icazə almalısınız, filankəslərə pul verməlisiniz və s. O tarixdən bu günə qədər bizə imkan vermədilər ki, bayram vaxtı bulvarda xalqın arasına qarışaq.

– Cəmiyyəti bayramlardan soyudan, sanballı səhnələrdən, verilişlərdən uzaqlaşdırıb bayağılaşdıran nədir bəs?

– Keçəl: Maariflənmək istəmirlər. Mən kitab oxuyanda axtarırdım ki, görəsən ssenari əsasında kino varsa, baxım. Amma indi uşaqlar bəzi bayağı komediyalara meyil edirlər. Nə satira var, nə mizah var. Baxdıqlarını, gördüklərini də öz gündəlik həyatlarında təbliğ edirlər. Dəyərlərimizi itiririk. Yəni hər şey get gedə ucuzlaşdırırıq.

– Kosa: O televiziyalar niyə uşaqlar üçün verilişlər hazırlamır? Mən “Parabüzən uşaq satirik kinojurnalı” adlı bir layihə hazırlamışdım. Tam təmənnasız çəkilişlərinə qədər edirdim. Təqdim etdim və dedim ki, layihəni verirəm sizə, efirinizi doldururam. Həmin veriliş müddətində gələn reklamların pulunu mənə verəcəksiniz. Bir televiziyadan başqa heç biri razılaşmadı. Bu günə qədər uşaqları elmə, qəhrəmanlığa, vətəni, torpağı sevməyə, vicdanlı fərd olmağa sövq edən hansı veriliş görmüsünüz mü? Bir layihə edin, istedadlı uşaqlar üzə çıxsın, onlara dövlət dəstək olsun. Kimi yaxşı maket hazırlaya bilir, kimi yaxşı rəsm çəkir, kimi yaxşı şeir yaza bilir və s. Niyə bu tip layihələr yoxdur?

Hansı kanalı axtarırsan, evləndirmə verilişləridir. Camaatın ahıl nənə-babasını yığıblar efirə evləndirirlər. Adam baxanda utanır. Hansı kanala baxırsan yardım toplayır. Bu layihəni bir nəfər etdi, bəsdir də, siz də başqa maraqlı layihə hazırlayın. Bu plagiatlıq, bu kopyalamaq həvəsi haradan yaranır? Bütün kanallarda musiqi yarışmaları edirlər.

Daha çox xəbərlər