ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN POLİSİ
Ənvər Həsənov: “Ölkənin müqəddəratının həll olunduğu bir vaxtda belə Heydər Əliyev daxili işlər orqanları əməkdaşlarının qayğısına qalır və onların himayədarı olduğunu konkret qərarları ilə sübut edirdi”
Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik respublikamızın müstəqillik tarixinin ən mühüm nailiyyətlərindən biridir. Təbii ki, sabitliyin əldə olunması o qədər də asan başa gəlməmişdir. Ölkəmiz öz dövlət müstəqilliyini əldə etdikdən sonra çox böyük çətinliklərlə üzləşmişdi. Həmin dövrün çətinliklərinin əsas hissəsi, məhz Azərbaycan polisinin üzərinə düşürdü. Qarabağ müharibəsinin ilk illərində Azərbaycanın nizami ordusu yox idi, ona görə də ön cəbhədə torpaq uğrunda polis vuruşurdu, şəhidlər verirdi. Qanunsuz silahlı dəstələrlə polis mübarizə aparırdı. Ölkə daxilində hakimiyyət uğrunda gedən mübarizənin yaratdığı vətəndaş qarşıdurması, xarici qüvvələrin dəstəklədiyi Ermənistanın Azərbaycana qarşı təcavüzü yeni yaranmış respublikanı uçuruma doğru sürükləyirdi. Belə bir zamanda, dövlətçilik, müstəqillik təhlükə altında qalanda ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından, yəni 1993-cü ilin iyun ayının 15-dən sonra xaosdan qurtuluşa keçidin əsası qoyuldu, ölkənin ictimai-siyasi həyatında və kriminogen durumda köklü müsbət dəyişikliklər baş verdi. İntensiv surətdə həyata keçirilən tədbirlərdən biri də hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının sıralarının saflaşdırılması, dövlətə, xalqa sədaqətli şəxsi heyətin formalaşdırılması, peşə borcunu, qanunun aliliyini hər şeydən üstün tutan əməkdaşların xidmətə cəlb edilməsi idi…
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi mövzusunda danışmağı Bərdə Rayon Polis Şöbəsinin rəisi cənab Ənvər Həsənovdan xahiş etdik. Məmnuniyyətlə cavablandırdı:
– Ulu öndər 1994-cü il aprelin 29-da nazirliyin rəhbər heyətinin iştirakı ilə keçirilən müşavirədə müəyyənləşdirilmiş vəzifələr məhz Heydər Əliyevin şəxsi nəzarəti altında icra olunaraq reallığa çevrildi. Ümummilli liderin 1994-cü ilin avqust ayında imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” fərman isə bu sahədə fəaliyyətin təşkilati-hüquqi bazasının və gələcək uğurların möhkəm təməlini qoydu. Eyni zamanda, mötəbər beynəlxalq təşkilatların, Avropa ekspertlərinin rəyləri nəzərə alınmaqla 28.10.1999-cu il tarixdə “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlar, 30.06.2001-ci il tarixdə “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında” və 18.07.2001-ci il tarixdə “Daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamələr qəbul edildi. Ümummilli lider Heydər Əliyev tərəfindən daxili işlər orqanlarının fəaliyyəti ilə bilavasitə bağlı olan, o cümlədən insan hüquq və azadlıqlarının həyata keçirilməsi mexanizmlərini tənzimləyən 34 qanun, 100-dən çox fərman və sərəncam imzalandı. Nazirlik sistemində islahatlar aparılaraq yeni qurumlar yaradıldı. Məhz Heydər Əliyevin rəhbərliyi altında hüquq-mühafizə orqanları respublikada tüğyan edən mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə qarşı uğurlu mübarizəyə, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsinə başladılar. Vətəndaşlarımızın dinc, rahat yaşamaları üçün lazım olan şərait yarandı, onların dövlətə, hüquq-mühafizə orqanlarına inamı daha da artdı, ictimai-siyasi, həmçinin kriminogen durum nəzarətə götürüldü. Ölkənin müqəddəratının həll olunduğu bir vaxtda belə Heydər Əliyev daxili işlər orqanları əməkdaşlarının qayğısına qalır və onların himayədarı olduğunu konkret qərarları ilə sübut edirdi. Onun xüsusi qayğısı sayəsində, 1993-cü illə müqayisədə 2003-cü ildə nazirliyin büdcəsi 6 dəfə artmış, bu dəyişikliyin əsas qayəsini əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, xidmət şəraitinin yaxşılaşdırılması, yeni informasiya texnologiyalarının tətbiqi və sair təşkil edirdi. Bundan başqa, Daxili İşlər Nazirliyinin 300-dən çox əməkdaşı və hərbi qulluqçusu ölkənin yüksək dövlət mükafatları ilə təltif edilmiş, o cümlədən “Milli Qəhrəman” adına, orden və medallara layiq görülmüşdü. Bütün bunlar yalnız Heydər Əliyevin polad iradəsi, fenomenal peşəkarlığı, qətiyyəti və yüksək idarəçilik bacarığı sayəsində mümkün olmuşdur. Daxili işlər orqanlarının fəaliyyətini düzgün istiqamətə yönəldən, onu xalqa və dövlətə xidmət üçün səfərbər edən ulu öndərimiz nəticədə istəyinə çatdı: daxildən saflaşan, təmizlənən daxili işlər orqanları və Daxili Qoşunlar Prezidentin inamını doğrultdu və ölkədə həyata keçirilən uğurlu islahatların təhlükəsizliyinin təminatçılarından biri oldu. Respublika daxili işlər orqanlarının əməyini daim yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev 2002-ci ildə polisin peşə bayramında şəxsən iştirak edərək xidməti fəaliyyətlə bağlı dəyərli fikirlər söylədi. Eyni zamanda, nöqsanları göstərib tövsiyələrini verdi, vəzifələri müəyyənləşdirdi və nitqini bu sözlərlə bitirdi: “Daxili İşlər Nazirliyi, polis Azərbaycan dövlətçiliyinin keşiyində durub, bundan sonra da duracaqdır. Bir daha deyirəm, mən Azərbaycan Prezidenti kimi, Ali Baş Komandan kimi sizə etibar edirəm, sizə inanıram, sizə arxalanıram”.
Qeyd etməyi vacib bilirik ki, vətəndaş və polis arasındakı səmimi münasibətin qurulmasına əhəmiyyətli dərəcədə diqqət yetirən cənab Ənvər Həsənov rayonda işlədiyi qısa müddət dönəmində cinayətkarlıqla mübarizədə qətiyyətli addımlar atıb. Şərəfli xidmət yolu keçən RPŞ-nin şəxsi heyəti Ənvər Həsənovun rəhbərliyi altında rayonda ictimai-siyasi sabitliyin qorunması və hüquqpozmalara qarşı profilaktiki tədbirlərin həyata keçirilməsi üçün mühüm işlər görüb, polis xidmətinin və ictimai təhlükəsizliyin səmərəsini artırmaq üçün asayiş keşikçiləri ilə ictimaiyyət arasında etimada və əməkdaşlığa əsaslanan münasibətləri inkişaf etdirib. Rayonda ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, xüsusi tapşırıqların vaxtında yerinə yetirilməsi və insanlar arasında profilaktiki maarifləndirmə işinin aparılması nəticəsində cinayət hadisələrinin törədilmə səbəbləri isti izlərlə açılıb, təqsirli bilinən şəxslər qısa zamanda saxlanılaraq məsuliyyətə cəlb edilib, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir sıra hadisələrə görə axtarışda olan şəxslər tez müddətdə saxlanılaraq istintaqa təhvil verilib. Eləcə də rayonda kriminal hadisələrin sayı azalıb, əxlaqsızlıq yuvaları və qumarxanaların fəaliyyətinə son qoyulub.
Bərdə rayonunda dələduzluğun qarşısının alınması və gənclərin narkotik maddələrdən çəkindirilməsi, həmçinin rayon gənclərin yüksək təlim tərbiyyədə formalaşmasında polis böyük səylə əmək sərf edib. Rayon polis şöbəsində zabitlərdən tutmuş, polis nəfərlərinə kimi nizam – intizamın qorunmasında, vətəndaş və polis arasındakı səmimi münasibətin qurulmasına əhəmiyyətli dərəcədə diqqət yetirilib. Polisin bu kimi fəaliyyəti sakinlər tərəfindən razılıqla qarşılanıb. Vətəndaşlar polisə daha çox arxalanıb, öz hüquqlarının və təhlükəsizliklərinin layiqincə mühafizə olunduğunu düşünüblər. Polis əməkdaşlarının uğurla fəaliyyət göstərməsi, dövlətçiliyə şərəflə xidmət etməsi və daxili sabitliyin təmin edilməsi rayonda iqtisadi inkişaf və əhalinin sosial rifah halının yaxşılaşmasına şərait yaradıb.
Cənab Ə.Həsənov daxili işlər orqanlarında bütün xidmət dövründə icraatındakı işlər üzrə təqsirsizlik prezumpsiyası və digər prinsiplərə daim riayət olunmasını təmin edib, ədalətli məhkəmə baxışına mənfi təsir göstərən, əvvəlcədən ictimai rəyin formalaşdırılmasına yönəlmiş hərəkətlərə yol verməyib. O, ümumi və hüquqi biliklərini, nəzəri və peşəkarlıq səviyyəsini artırmaq üçün daim öz üzərində işləyir, milli qanunvericilikdəki və beynəlxalq hüquqdakı yenilikləri yaxından izləyir. Həmçinin kütləvi informasiya vasitələrinin onun işlədiyi polis orqanının fəaliyyətini işıqlandırmaq istəyinə rəğbətlə yanaşır, jurnalistlərin dürüst və obyektiv məlumat almaq hüququna qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada kömək göstərir. İndiyədək qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməmiş, xidməti fəaliyyətindən kənar davranışı onun peşə nüfuzuna kölgə salmamışdır.
Şöbənin təhqiqat qrupunun, istintaq bölməsinin fəaliyyətlərində də uğurlu göstəricilər yetərincədir. Şöbənin sahə inspektorlarının, ictimai təhlükəsizlik bölməsinin, dövlət yol polisi bölməsinin, qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun fəaliyyətinin də tələblər səviyyəsində olması üçün tədbirlər həyata keçirilmiş, uğurlu nəticələrin sayı xeyli artırılmışdır. Sahə inspektorları yerlərlə əlaqənin möhkəmləndirilməsində mühüm rol oynayırlar. Şəhər, kənd və qəsəbələrimizdə hüquq qaydalarına necə nəzarət olunması, profilaktik tədbirlərin aparılması, narahat adamların nəzarətdə saxlanılması, onlarla işin gücləndirilməsi birbaşa onların gündəlik fəaliyyətinin ayrılmaz hissəsidir. Onlar vəzifələrinin öhdəsindən gəlmək üçün əllərindən gələni əsirgəmirlər. Sahə inspektorları tərəfindən ayrı–ayrı hüquqa zidd əməllər törətmiş şəxslər barəsində inzibati protokol tərtib edilmiş və onların hər biri barəsində tədbir görülmüşdür. Münaqişəli ailələr qeydiyyata götürülmüş və onların ətrafında zəruri profilaktik tədbirlər həyata keçirilir.
Şübhə yoxdur ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlətçilik və müstəqillik kursunun sadiq icraçısı olan Azərbaycan polisi, o cümlədən, Bərdə RPŞ-nin şəxsi heyəti, ötən illərdə olduğu kimi, bundan sonra da asayişin, daxili təhlükəsizliyin keşiyində əzm və qətiyyətlə dayanacaq, respublikamızın daha da çiçəklənməsi və qüdrətlənməsi naminə üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcəkdir.
Vüsal Rafiqoğlu