Əsas səhifə 

Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq

Bir vaxtlar Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olan, əvvəllər Abdallar adlandırılan, 1924-cü ildən isə şəhər statusu alan, “məğrurluq” mənası bildirən Laçın şəhəri 1930-cu ildən rayon mərkəzi olub. Laçın inzibati rayonu 1 şəhər, 1 qəsəbə, 125 kəndidən ibarət olmaqla ümumi sahəsi 1835 kvadrat kilometrdir. Rayon ərazisi narzan, istisu, turşsu kimi mineral bulaqlar, həmçinin qızıl, civə, kükürd, qrafit, əhəng daşı, kəhrəba, vulkanik tuf daşları, mərmər, ipək daşı və s. kimi faydalı qazıntılarla zəngindir. Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəd olan rayon Azərbaycanın ən qədim insan məskənlərindən biri hesab olunur. Burada Mirik kəndi ərazisindəki “Qaranlıq kaha”, “Bayqara” mağaraları, Hoçaz kəndindəki mağara məbədi yerləşir. Ərazidə IX- XVII əsrlərə aid Ağoğlan qəsri, Dəmrovlu Pir Məbədi, Məlik-Əjdər türbəsi, Uşaq qalası, Kar kümbəz və X-XIX əsrlərə aid birtağlı və ikitağlı körpülər, eləcə də çoxsaylı su dəyirmanları var. Bu tarixi abidələr öz memarlıq üslubu ilə qədim dövrlərdən ərazidə türk tayfalarının məskən saldığını təsdiqləyir. Əhali, əsasən, heyvandarlıq, bitkiçilik, arıçılıq və qisməndə bağçılıq və bostançılıqla məşğul olub.

Laçın rayonu 1992-ci il 18 maydan etibarən işğalçı Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra 13745 yaşayış evi qarət edilərək yandırılıb. Laçın rayonu işğal altında olduğu dövrdə bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmişdir, ətraf mühitə böyük ziyan vurulmuşdur. İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparmışlar. Xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə gətirilmiş və orada yerləşdirilmişlər. Bu, bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılsa da, əfsuslar olsun ki, Ermənistan dövləti bu hərbi cinayətə görə hələ də məsuliyyətə cəlb edilməmişdir.

Ali Baş Komandanın rəhbərliyi ilə Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq. İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad olunması və rayonunun təhlükəsizliyi ilə bağlı başqa addımların da atılması, imkan verir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitində yaşasınlar. Bu səbəbdən də Laçın şəhərinin yenidən qurulması prosesinə start verərək, rayonunun yenidən bərpası ilə bağlı bir çox işlər görülməsinə başlanmışdır. Beləki, Laçında həyata keçiriləcək layihələrdə ən əsas məqamlardan biri kimi rayonlararası yol infrastrukturunun əsaslı şəkildə yenidən qurulması, respublikanın digər bölgələri ilə əlaqəsini təmin etmək üçün bir neçə iri yol layihəsi nəzərdə tutulur. Bu məqsədlə Kəlbəcər və Laçın rayonuna Murov dağının altından çəkilən uzunluğu təxminən 12 kilometr olan ən uzun tunel daxil olmaqla 10-dan çox tunelin inşasına başlanmışdır. Bərpa proqramı çərçivəsində, iki rayonu bir-birinə bağlayan və respublikanın digər bölgələri ilə əlaqəsini təmin edəcək yolların tikintisi ilə yanaşı  4 su elektrik stansiyasından əlavə 5 su elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcəkdir ki, buda öz növbəsində bərpa işlərinin daha sürətli aparılması, infrastrukturun qurulmasında öz tövhəsini vermiş olacaqdır. Laçın və Kəlbəcər rayonlarının gələcək inkişafında mühüm rol oynayacaq layıhələrdən biridə beynəlxalq hava limanın tikilməsidir ki, buda dərin dərələrə, yüksək dağlara malik mürəkkəb relyefin olmasına baxmayaraq, dağların yarılaraq və kəsilərək, hava limanın uçuş zolağı üçün uyğun şərait yaradılaraq inşa olunmasıdır. Bütün bu sadalanan işlərin tam sürətlə aparılması nəticəsində 2024-cü ildə Laçın rayonunda beynəlxalq hava limanı açılacaq və buda Laçınla yanaşı yaxın qonşu rayonların həm gediş gəlişlərinin həmdə gələcək turizminin inkişafında öz tövhəsini vermiş olacaqdır.

Vilayət Mirzəyev,
YAP Xətai rayon təşkilatınln “R.Əliyev küçəsi 19” ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini

Daha çox xəbərlər