Hayların harayı
Ermənistanın və Qarabağdakı separatçıların ətrafındakı çəmbər getdikcə daralır
Xəbər verildiyi kimi, ötən ay Azərbaycan Ordusu Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliyi, əsas və yardımçı yolları, eləcə də sərhədboyu geniş sahələri nəzarətə götürdü. Bundan əlavə, Azərbaycan Ordusu Laçında nəzarətə götürdüyü Ermənistanla sərhədboyu ərazilərdə 10 yeni post qurdu. Bu isə Ermənistanın və Qarabağdakı separatçıların nəzarətsiz olan həmin ərazilərdən istifadəsinin də qarşısını alıb. Beləliklə, çıxış yolları bağlanan separatçıların ətrafında çəmbər getdikcə daha da daralır.
Bu hadisə erməni cəmiyyətində ciddi narahatlığa səbəb olub. “Hraparak” nəşri yazır ki, Dağ-Gorunzur ərazisində Azərbaycan və Ermənistan nümayəndələri arasında baş tutmuş görüşdə Rusiya sülhməramlılarının da iştirakı ilə aparılan danışıqlar nəticəsiz başa çatıb. Görüşün Gorusun Dağ kəndində keçirildiyi bildirilib: “Erməni tərəfi azərbaycanlıları bir gün əvvəl nəzarətə aldıqları mövqelərdən nisbətən geri çəkilməyə razı salmağa çalışsa da, bu, heç bir nəticə verməyib. Azərbaycan hərbçiləri Dağ icmasının olduğu ərazidən bir neçə metr aralıda yerləşən mövqelərində möhkəmlənməyə davam edir”. Qəzetin yazdığına görə, 2020-ci il martın 31-dən sonra Dağ icmasının ərazisinə heç bir erməni sərhədçisi yerləşdirilməyib. Orada yalnız rus sülhməramlıları olub. Sərhəddəki danışıqlarda Azərbaycan və Ermənistan nümayəndələri ilə yanaşı, Rusiya sülhməramlılarının təmsilçiləri də iştirak edib. Baş verənlər fonunda regional məsələlər üzrə erməni ekspert Armen Petrosyan qeyd edir ki, erməni tərəfi üçün narahatedici vəziyyət yaranıb: “Azərbaycanın davranışı çox proqnozlaşdırıla biləndir”. Onun sözlərinə görə, Qarabağın Ermənistanla əlaqəsi bütün mümkün istiqamətlərdə kəsilib: “Bizim ümumi yanaşmamız eskalasiyaya yol verməmək olub. Ümumi yanaşmamız eskalasiyanın qarşısını almaq olub, lakin paralel əks tədbirlər, əsəblərin mübarizəsi var. Biz hər dəfə güzəştlərlə eskalasiyanı təxirə salanda Azərbaycan üçün fərqli taktikalar təqdim edirik. Yeni sərhədlər olmayacaq. Heç kim sərhədlərimizi qorumağa gəlməyəcək. Bakıya qarşı heç bir beynəlxalq mexanizm işləməyəcək, biz öz sərhədlərimizi qorumalıyıq”.
Ermənistan parlamentinin “Şərəf duyuram” fraksiyasının katibi Tiqran Abrahamyan isə vurğulayır ki, son günlər bir tərəfdən Zəngəzurla bağlı kifayət qədər ziddiyyətli məlumatlar var, digər tərəfdən də hakimiyyət reallığı təhrif etməyə çalışıb. Azərbaycan tərəfinin sərhəd xəttində 100-300 metr irəlilədiyinə toxunan Abrahamyan bildirib: “Hesab edirəm ki, Azərbaycan 100 və ya 200 metrlik səngərin mühafizəsi vəzifəsini qarşısına qoymayıb, özü üçün əlverişli olan ərazilərdə mövqe tutmağa başlayıb, bu ona həm hazırkı döyüş növbətçiliyini yerinə yetirmək, həm də digər döyüş tapşırıqlarını həyata keçirmək imkanı verəcək. Yəni, Azərbaycan gələcəkdə planlaşdırılacaq əməliyyatlar üçün platsdarm formalaşdırıb”.
Ermənistan parlamentinin “Hayastan” fraksiyasının rəhbəri, ölkənin sabiq müdafiə naziri Seyran Ohanyan da narahat olanlar sırasındadır: “Əgər Milli Təhlükəsizlik Xidməti azərbaycanlıların irəli gəldiyini təsdiqləyirsə, əslində onlar bunu yerindəcə görüblərsə və ictimaiyyətimizə təqdim ediblərsə, bu, hadisənin baş verdiyi anlamına gəlir”. Onun sözlərinə görə, Ermənistan Azərbaycanla müharibə vəziyyətindədir: “Biz Azərbaycanla müharibə vəziyyətindəyik. Azərbaycan Ermənistan ətrafında halqanı ardıcıl olaraq daraldır”. Ermənistanın sabiq müdafiə naziri vurğulayıb ki, ölkə səlahiyyətliləri vəziyyəti anlamır və yaranmış vəziyyətdə prioritetləri müəyyən edə bilmirlər. O, əlavə edib ki, heç bir şey alınmayacaq, azərbaycanlılar öz qoşunlarını danışıqlar yolu ilə çıxarmayacaqlar. Çünki Ermənistanla sərhəd müəyyən edilməyib və Azərbaycan öz ərazisi hesab etdiyi yerlərdə postlar qurur. Ermənistan vaxtında Azərbaycanın təkliflərinə qulaq asıb sülh müqaviləsi imzalasaydı, sərhədləri müəyyən etsəydi, belə problemlər də olmazdı.
Azərbaycan Ermənistana sülh üçün yenə şans verdiyini dəfələrlə nümayiş etdirib. Bunu sonuncu şans da adlandırmaq mümkündür. Azərbaycan uzun müddət gözləmək və daha bir neçə il Ermənistanın nazı ilə oynamaq niyyətində deyil. Əslində, ölkəmizin mövqeyini beynəlxalq miqyasda qəbul edib alqışlayanların da sayı kifayət qədərdir. Bakının İrəvanla vasitəçilər olmadan danışıqlar aparıb sülh mətnini razılaşdırmaq təklifləri də getdikcə daha geniş dəstək qazanır. ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono da bu xüsusda maraqlı açıqlamalar verib. O, məsələ ilə bağlı qeyd edib: “Azərbaycanla Ermənistanın sülh müqaviləsinin mətnini özlərinin hazırlamasını istəyirik”. Onun sözlərinə görə, rəsmi İrəvan və Bakı arasında sülhün yeganə yolu dialoqdur: “Biz uzunmüddətli və balanslı olacaq sülhün bərqərar olması üçün tərəflərlə, həm Ermənistan, həm də Azərbaycan liderləri ilə yaxından işləməkdən başqa yol görmürük. Bizim etməyə çalışdığımız şey sülhə gedən yolu asanlaşdırmaqdır”. Bunların fonunda Qarabağ müharibəsinin birinci mərhələsi zamanı Ermənistan prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri olmuş Davit Şahnazaryan da maraqlı bir açıqlama verib. O qeyd edib ki, Qarabağda qalan ermənilər tezliklə Azərbaycanın bir hissəsi olmağa razı olduqlarını bəyan edəcəklər: “Qarabağ məsələsi tam həll olunmadan bu regionda sabitliyin olması mümkün deyil”. Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasından sonra Ermənistanın ölkəmizlə sülh müqaviləsi imzalaması daha tez baş tuta bilər, lakin həmin vaxta qədər Ermənistan zamanı hədər yerə itirməməlidir.
Əlbəttə ki, sülh müqaviləsinin imzalanması xüsusi sənədin hazırlanması ilə yanaşı həm də sərhədlər müəyyənləşməli, diplomatik əlaqələr qurulmalı, kommunikasiya və nəqliyyat xətləri açılmalı, qarşılıqlı humanitar etimad həyata keçirilməli və xüsusi sülh müqaviləsi sənədinin hazırlanması ilə bağlı müəyyən işlər aparılmalıdır. Azərbaycan bu istiqamətdə müvafiq addımlar atmağa hazır olduğunu dəfələrlə bəyan edib. Lakin proses hələ ki, Ermənistan tərəfindən gecikdirilir. Əslində, sülh müqaviləsinin imzalanması bölgədə sülhün, əminamanlığın uzunmüddətli təmin olunması ilə yanaşı, bu gün Ermənistanın acınacaqlı durumdan çıxmasına da böyük töhfə verə bilər. Azərbaycanın isə mövqeyi dəyişməzdir və beynəlxalq hüququn prinsiplərini rəhbər tutmaqla sülhə aparan bütün prosesləri dəstəkləyir. Bu səbəbdən İrəvan nəzərə almalıdır ki, istənilən halda Avropa İttifaqı, yaxud Moskvanın sülh prosesində fəaliyyətinin səmərəsindən asılı olmayaraq, Azərbaycan özünün istədiyi konfiqurasiyaya nail olacaq. Bura gücdən istifadə də daxildir.

