Makron baxar güzgüyə, adın qoyar özgəyə
Milli Məclisdə Fransa Senatının 2023-cü il martın 16-da keçirilən üzdəniraq «konfrans»ı ilə bağlı qəbul edilən Bəyanat makronizmə ünvanlanan siyasi əxlaq dərsidir
Praqada keçirilən «Avropa siyasi birliyi» Zirvə Toplatısından sonra Ermənistana dəstəyini daha da artıran, Azərbaycana qarşı düşmən münasibətini açıq müstəviyə keçirən Fransanın prezidenti Emmanuel Makron məkrli niyyətlərini həyata keçirmək üçün ən iyrənc vasitələrdən istifadə edir. Fransa Senatının 15 noyabr 2022-ci ildə qəbul etdiyi «Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi» adlı qərəzli qətnamə bu düşmənçiliyi təsdiqləyən ilk «təşəbbüs» olsa da təkrarını çox gözləməyə ehtiyac qalmadı. Ölkəmizlə bağlı «qara piar» kampaniyasını geniş sferada davam etdirən Makron bu qərəzli kağız parçası ilə də kifayətlənmədi. Onun göstərişi ilə Senatın ermənipərəst deputatlarının başlarından böyük qələt edərək Azərbaycanı «təcavüzkarlıqda» ittiham etmələri, «Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsi» kimi səlahiyyətlərini aşan təkliflər səsləndirmələri siyasətin iyrənc forması kimi xalqımız tərəfindən hiddətlə qarşılandı. Makronun növbəti sərsəm addımı erməni əsilli Azərbaycan vətəndaşlarının yaşadıqları Qarabağ bölgəsində «humanitar yardım bürosu»nun yaranması ilə bağlı sərsəm xəyala düşməsi, Frankofoniya təşkilatının 18-ci Zirvə Görüşü çərçivəsində ölkəmizə qarşı təxribatlarını davam etdirməsi oldu. Müsyö Emmanuel cılız, siyasətdən bixəbər başabəla dövlət başçısı olmasını rəzilliyi ilə sübut etdi. Fransa ilə Hayastanın iş birliyinin əsasında qaniçənlik, qəddarlıq, vəhşilik kimi qeyri-insani xislətlərin dayandığını qətiyyətlə pisləyən Prezident İlham Əliyevin «Azərbaycan xoş məram göstərərək, Fransa prezidentinə bu görüşdə iştirak etməyə icazə verdi. Lakin Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Fransa prezidenti bəyanatlarında Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik» sözləri sağlam düşüncədən kənar, «dövlət başçısı» adını savadsızlığı ilə ləkələyən Makron haqqında deyilən sərrast qiymətləndirmə idi. Ermənistana bağlılığını «artsax» ifadəsini tez-tez işlətməklə bildirən Makronun erməni təlaşı dünyada dəstəklənən Azərbaycanın sülh diplomatiyası ilə müqayisədə uydurulan yalan, cəfəngiyyat, başqalarının daxili işlərinə burun soxmaq təsəvvürü yaradan siyasi təlxəklik, əxlaqsızlıqdır.
Bu ilin mart ayının 16-da Makronun tapşırığı ilə keçirilən Senatın üzdəniraq «konfrans»ı Fransada illərdən bəri arxa planda saxlanılan demokratiyaya, insan hüquqlarının qorunmasına verilən qeyri-kafi qiyməti təsdiqlədi. «Konfrans»da qəbul olunan, adanın yerli parlamentində Korsika dilinin qadağan edilməsi ilə bağlı ədalətsiz qərar insan hüquqlarının pozulmasının ən ciddi göstəricisi idi. Ada sakinləri onlara göstərilən ədalətsiz münasibətdən hiddətlənərək muxtariyyət, hətta tam müstəqillik tələb etməklə Korsika dilinə fransız dili ilə yanaşı rəsmi status verilməsini israr edirlər.
Xalqların birlik və həmrəyliyə çağırışına qoşulanların sayının artdığı müasir dövrümüzdə Senatda Korsika xalqının dilinin qadağan edilməsi ilə bağlı qərarın qəbulu insanlara dəyər verməyən makronizm siyasətinin separatçılıq, müstəmləkəçilik ruhundan qidalandığını təsdiqlədi. Bu siyasətin ölkə daxilində gərginlik yaradan digər amili pensiya islahatı ilə bağlı qanun layihəsinin qəbulu oldu.
Demokratiyanın tələblərinin pozulduğu Fransa Senatının 2023-cü il martın 16-da keçirilən üzdəniraq «konfrans»ı ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi Bəyanatda qeyd edildiyi kimi, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı düşmənçilik və qarayaxma kampaniyasını gücləndirən qüvvələrin əlində alətə çevrilən deputatlar onlara etimad göstərən ölkə vətəndaşlarının hüquqlarını pozurlar. Separatçılığı dəstəkləyən, dövlətin qanunvericilik orqanının səlahiyyətlərindən kənar qərarlar verməklə ölkə prezidentinin girovuna çevrilən deputatların tutuquşu kimi Makronun tələblərini yerinə yetirmələri Senatın demokratik yolla formalaşmasına, legitimliyinə də şübhə yaradır.
Bəyanatda qeyd edildiyi kimi, Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağ bölgəsinin etnik erməni sakinləri arasında dialoq qurulması üçün danışıqların aparıldığı vaxtda Fransanın sülh prosesinə zərbə vuran, respublikamızın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönələn revanşizmə rəvac verən bu addımlar məkrli niyyətlərdən qaynaqlanan separatçılığa dəstəkdir.
Konstitusiyasında hər hansı «etnik və milli azlıq» anlayışı ümumiyyətlə nəzərdə tutulmayan, dini mənsubiyyəti fransızlardan fərqli vətəndaşların hüquqlarına açıq dözümsüzlük nümayiş etdirən, onların müvafiq beynəlxalq mexanizmlər ilə nəzərdə tutulmuş dil, din və yaxud hər hansı digər hüquq və azadlıqlarını təmin etməkdən boyun qaçıran Fransanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində məskunlaşan erməni azlığının «hüquqları və təhlükəsizliyi» məsələsində canfəşanlıq göstərməsi özünə umac ovmağı bacarmayanın başqasına əriştə kəsməsinə bənzəyir.
Xatırladaq ki, Fransa parlamenti Azərbaycandakı etnik erməni azlığının «hüquqları və təhlükəsizliyi»” naminə məkrli təşəbbüslərlə ictimai fikri yayındırdığı zaman bu ölkədə məhkəmə vasitəsilə Korsika adasının yerli parlamentinin debatlar üçün fransız dilindən başqa bir dildən istifadə edilməsinin qadağan olunmasına dair qərarın qəbulu özünütəkzibin nümunəsidir. Öz ərazisində yaşayan aborigen azlıq barəsində «xalq»” ifadəsinin işlədilməsini Konstitusiyaya zidd addım kimi qadağan edən xəstə təfəkkürlü Makronun Azərbaycan vətəndaşlarının bir hissəsini qondarma «Dağlıq Qarabağ xalqı»” və ya «Artsax xalqı» adlandırması, özünü onların guya pozulmuş hüquqlarının müdafiəçisi kimi qələmə verməsi şizofreniyanın əlamətlərindəndir.
Fransanın sərhədlərindən kənarda itaət , daha doğrusu müstəmləkə altında saxladığı ərazilərdə yaşayan insanlara qeyri-etik davranış sərgiləyən Makronun Azərbaycanın daxili işlərinə qarışması fransızsayaq müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Diqqətə çatdıraq ki, rəsmi Paris Mayot adası üzərində Qəmər Adaları İttifaqının suverenliyini tanımaqdan boyun qaçırır. Yeni Kaledoniya xalqının və ölkənin dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmətsizlik nümayiş etdirir.
Öz vətəndaşlarının problemlərini qanunlar çərçivəsində həll etmək iqtidarında olmayan fransız deputatların Azərbaycanda yaşayan ermənilərin hansısa hüquqlarından «narahatlıq»” ifadə etməsi bir ağacda oturub min budağı silkələmək misalına bənzəyir. Parlamentdə kreslo tutan deputatlar isə qəbul etdikləri əsassız qanunları ilə seçicilərinin etimadını doğrultmadıqlarını təsdiqləyirlər. Onlar rəsmən inkar etdikləri milyonlarla ölkə vətəndaşının üzləşdiyi genişmiqyaslı ögeylik, irqi ayrı-seçkilik məsələləri ilə maraqlansalar daha məntiqli olardı.
Bu məqam Bəyanatda qeyd edilir: «Azərbaycan Respublikasının daxili işlərinə davamlı müdaxilə edən Fransa Senatının və Milli Assambleyasının üzvləri 2021-ci ildə Fransa prezidentinin şəxsi təşəbbüsü ilə «separatizmə qarşı mübarizə və respublika prinsiplərinə hörmət”» barəsində qanunlar qəbul etmişlər. «İslam terrorizminə» və ya «islam separatizminə qarşı mübarizə» adı altında qəbul olunan bu cür qanunlardan ölkədə din, dil, vicdan azadlığını kütləvi şəkildə məhdudlaşdırmaq üçün istifadə edilir, odur ki, Fransa parlament üzvlərinin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hədəf alan, Azərbaycan ərazisində separatizmi açıq şəkildə şirnikləndirən davranışı siyasi riyakarlığın ən bariz təzahürüdür.»
Fransanın Cənubi Qafqaza yanaşma prinsipinin ikili standartlar üzərində qurulması, ərköyün uşaq kimi tumar çəkdiyi Ermənistanla qüdrətli, müstəqil xarici siyasəti olan Azərbaycana münasibətində eqoist geosiyasi maraqlara əsaslanan mövqe göstərməsi siyasi korluğun korafəhimlik nümunəsidir.
Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu illərdə təqaüdə göndərilmiş Minsk qrupunun həmsədri kimi bu gün artıq tarixin güncünə atılmış «Dağlıq Qarabağ münaqişəsi»nin həlli üçün real addım atmayan, əksinə, Ermənistanın işğalçılıq siyasətini milli səviyyədə, beynəlxalq münasibətlər müstəvisində, platformalarda dəstəkləyən , Ermənistanı revanşizmə şirnikləndirən Fransanın bölgədə itirdiyi mövqeyini təxribatlarla bərpa etmək cəhdləri uğursuzluğa məhkumdur. Öz davranışı ilə təkcə Cənubi Qafqaz regionunun deyil, bütövlükdə Avropanın sülh, sabitlik və dayanıqlı inkişafla bağlı maraqlarına zərbə vuran Fransanın təxribatçı addımlarına etiraz edən Azərbaycan parlamenti prinsipial mövqeyini qəbul etdiyi Bəyanatla bildirərək Senatı bölgədə baş verən hadisələrin təhrif edilmiş formada təqdim etmə praktikasından əl çəkməyə çağırır. Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı məkrli hərəkətlərdən, ölkəmizin daxili işlərinə müdaxilədən çəkinməyə, Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülhün yaradılmasına xidmət edən addımlar atmağa dəvət edir. Makron da, Senat üzvləri də unutmasınlar ki, güzgüyə baxıb adını başqalarına qoymaq cəhdləri əriyən buz misalıdır.

