Dövlətlərarası münasibətlərdə möhkəm təməl gələcəyin əsasıdır
Cari ilin ötən dövrünün xarici siyasət uğurları Azərbaycanın müstəqil siyasətinin təqdimatlarıdır
Şərq və Qərb dəyərlərini birləşdirməklə dünya birliyi üçün əhəmiyyətini balanslaşdırılmış siyasəti ilə təsdiqləyən, dəyişən beynəlxalq münasibətlərə, yeni çağırışlara real yanaşmaları ilə cavab verən Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləməkdədir. Tarixi Zəfərimizdən sonra Azərbaycanın regionda və dünyada mövqeyinin daha da möhkəmlənməsi diqqətdən kənarda qalmır. Bu baxımdan təkcə cari ilin arxada qalan dövründə Azərbaycanın qatıldığı, yaxud ev sahibliyi etdiyi tədbirlərin, həmçinin qarşılıqlı səfərlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Real olan budur ki, Azərbaycanın xarici siyasəti açıq, balanslaşdırılmış siyasətdir. Həm Avropa, həm qonşu dövlətlərlə, həm də Mərkəzi Asiya ölkələri ilə əlaqələri yeni prioritetlər üzrə inkişaf edir. Sivilizasiyalar arasında körpü olan Azərbaycana artan maraq, dünya ictimaiyyətini narahat edən məsələlərin həlli yollarını əks etdirən hədəflərin ölkəmizdə müəyyənləşdirilməsi, beynəlxalq qurumların tədbirlərinin ölkəmizdə keçirilməsi respublikamızın daxili sabitliyi, xarici siyasəti sayəsində qazanılan uğurlardandır.
Bu ilin ötən dövrün dövlət başçısı İlham Əliyevin İsveçrə Konfederasiyasına səfəri və iştirakçı ölkələrin, o cümlədən Azərbaycanın iqtisadi imkanlarının təqdimatında əhəmiyyətli rol oynayan Dünya İqtisadi Forumunun illik toplantısında iştirakı, Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirildi. Cənab İlham Əliyevin, həmçinin cari ilin ötən dövründə Almaniyaya iki səfəri olub. Fevralda reallaşdırdığı səfər çərçivəsində Münxen Təhlükəsizlik Konfransına qatıldı. Azərbaycanın yeni çağırışlarla bağlı yanaşmaları iştirakçı dövlətlərin təmsilçiləri tərəfindən təqdir edildi.
Bu gün də ölkə mətbuatında müzakirəsi davam edən, Azərbaycan-türkiyə dostluğunun, qardaşlığının bariz nümunəsi kimi dəyərləndirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü ölkəmizin beynəlxalq aləmdə möhkəmlənən mövqeyinə, türk dünyasının birliyinə töhfələrinə işıq saldı. Bu Zirvə görüşünün Türkiyədə keçirilməsinin təşəbbüskarı dövlət başçısı İlham Əliyevdir. Tədbirin Qarabağın tacı Şuşada keçirilməsi nəzərdə tutulsa da cənab İlham Əliyev Türkiyədə baş verən zəlzələni nəzərə alaraq qardaş ölkəyə dəstək məqsədilə orada keçirilməsi təşəbbüsünü irəli sürdü və bununla bağlı qərar qəbul olundu. Bakı, eyni zamanda, X Qlobal Foruma ev sahibliyi etdi. Son 3 ayda dövlət başçısı İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə, Macarıstana, Almaniyaya səfərləri oldu. Hər bir səfər münasibətlərdə yeni səhifənin açılmasında əhəmiyyətli rol oynadı.
Bu gün isə Mərkəzi Asiya dövlətləri ilə münasibətlərində önəmli yer tutan Azərbaycan-Tacikistan əlaqələrindən bəhs edirik. Dövlət başçısı İlham Əliyevin bu ölkəyə dövlət səfəri, səfər çərçivəsində Tacikistan Prezidenti ilə təkbətək, eyni zamanda, geniş tərkibdə görüşü, 15-ə yaxın sənədin imzalanması, Prezident İlham Əliyevin və Emoməli Rəhmonun mətbuata birgə bəyanatları iki ölkə arasında münasibətlərin dünəninə baxış əsasında perspektivlərin müəyyənləşdirilməsində öz sözünü deyəcək.
Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Azərbaycan hər zaman səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması üçün yeni əməkdaşlıq formatlarının yaradılması təşəbbüsləri ilə çıxış edir.
Türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı deyib: “Təsadüfi deyil ki, hətta mənim səfərlərimin və qardaş ölkələrin dövlət başçılarının səfərlərinin son xronologiyasına baxsaq, bizim bu məsələyə əlavə dinamizm verdiyimizi görmək olar. Bütün türkdilli ölkələrlə münasibətlər bizim üçün prioritetdir. Xüsusən indiki geosiyasi vəziyyətdə biz qarşılıqlı dəstəyin, dövlətlərimizin müstəqilliyinin, suverenliyinin möhkəmləndirilməsinin, əməkdaşlığımıza konkret məzmun verməyin zəruriliyini nəzərə alaraq ümumi maraqlar ətrafında daha sıx birləşməliyik.» Cənab İlham Əliyev türk dünyasını böyük bir ailə kimi dəyərləndirir. Ölkəmizin Türk Dövlətləri Təşkilatının inkişafına, dünya siyasətində fəal mövqe tutmasına Azərbaycanın töhfələrinin davamlı olduğunu əsaslı şəkildə diqqətə çatdırır.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri də xüsusi əhəmiyyətə malikdir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti əsasında həyata keçirilən səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Bu səfər Azərbaycan Prezidentinin Tacikistana beşinci səfəridir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycanın dövlət başçısının Tacikistanın Prezidenti Emoməli Rahmon ilə təkbətək və geniş tərkibdə görüşləri keçirildi. Tacikistan Prezidenti Emoməli Rəhmon mətbuata bəyanatında ulu öndər Heydər Əliyevin iki ölkənin əlaqələrinin inkişafında rolundan geniş bəhs edərək bildirdi ki, Heydər Əliyev tərəfindən qoyulmuş sıx, qarşılıqlı etimada əsaslanan əlaqələr bu gün uğurla davam etdirilir. Cənab İlham Əliyevin səfəri həm bu əlaqələrin, həm də xalqlarımızın çoxəsrlik qarşılıqlı ünsiyyət tellərinin məntiqi davamıdır.
Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. İki ölkə arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir.
Hər iki ölkə beynəlxalq və regional təşkilatlar, xüsusilə İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edir.Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bu mühüm məqama diqqəti yönəltdi ki, bu gün ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu. Həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi: «Həm Prezident Rəhmon, həm də Prezident Heydər Əliyev, – hərəsi öz ölkəsində, – qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə, zənnimcə, hər kəs anlayır ki, sabitlik inkişafın əsasıdır, təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı.» Cənab İlham Əliyev hər iki ölkənin çətinlikləri dövrünə diqqəti yönəldərək bugünkü inkişaf yolunun təhlili əsasında belə bir qənaəti açıqladı ki, xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar. Tacikistan və Azərbaycan isə keçmiş Sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Təbii ki, o dövrü yaxşı bilən adamlar bunu təsdiq edə bilərlər. Lakin həm Azərbaycanda, həm də Tacikistanda gənc nəsil də bunu bilməlidir: «Bizim bugünkü uğurlu inkişafımız, necə deyərlər, göydən düşməyib, bunun arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər.»
Qarşılıqlı səfərlər ölkələr arasında münasibətlərin dinamikasını nümayiş etdirir. Eyni zamanda, imzalanan sənədlərin hər biri əlaqələrin inkişafında yeni mərhələdir. Azərbaycan xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulmasına xüsusi önəm verməklə yanaşı, bunu əməli fəaliyyətində təsdiqləyir. Dünənə baxış əsasında müəyyənləşdirilən prioritetlər uğurlu gələcək üçün əsasdır.
Cari ilin 3 ayının xarici siyasət uğurlarına qısa baxış əsasında bu ümumiləşdirməni də apara bilərik ki, Azərbaycanın müstəqil siyasəti, dəyişməz prinsiplərə əsaslanan xarici siyasət kursu yeni-yeni dostların, tərəfdaşların qazanılmasında mühüm rol oynayır. Ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycanın tarixi Zəfərinin yaratdığı yeni reallıqlar yeni çağırışları özündə ehtiva edir. Reallıqlara uyğun formalaşan yeni dünyanın yenidən qurulması günün əsas hədəfidir. Azərbaycan bu çağırışları əməli fəaliyyəti ilə cavablandırır.

