Cəmiyyət 

Vətənə sonsuz məhəbbət

Hüseyn Xanhüseyn oğlu Bəşirzadə Vətənini canından əziz tutub İkinci Qarabağ müharibəsində onun azadlığı uğrunda son qanına qədər döyüşərək şəhidlik zirvəsinə ucalır. Və bu şərəfli ölüm ona əbədiyyət qazandırmaqla, xalqın qəhrəmanlıq simvoluna çevrilir. Atası Xanhüseyn kişınin dediyi kimi, Hüseyn şəhid olana qədər mənim övladım idi, indi isə bütün Azərbaycan onu özünə oğul bilir.

28 may 1994-cü ildə Lənkəranın Qumbaşı kəndində dünyaya göz açmış Hüseyn Bəşirzadə yaxşı işlərə tapınmaqla yetkinlik yaşına çatır. Kənd orta məktəbini bitirəndə bu, ürəyi sevdalı, vicdanlı, qeyrətli oğlana əməllərinə görə el-obada ona əsl övlad məhəbbəti, ehtiram göstərilir. Vətənə yararlı övlad olduğuna hamı sevinir. Hüseyn ordu sıralarına yola düşəndə başına toplaşan qohum-qonşuya deyir:- Yağı düşmənin ədalətsiz təcavüzü, Vətən torpaqlarının işğalı məni çox narahat edir. Birinci amalım məqamı gələndə düşməndən mübarizə meydanında qisas almaqdır. Əgər bu mənə nəsib olsa, hamınızın başını uca edərəm.

Hüseynin əsgərlik həyatı cəbhə bölgəsində keçir. Bir qayda olaraq həmişə də erməni dığalarla döyüşə can atır. Vətəni göz-bəbəyi kimi qoruyur, nizam-intizamı, komandirlərin verdiyi tapşırıqları vaxtında, dəqiq yerinə yetirməsi həmişə ona hörmət gətirir. Hissədə sayılıb seçilən əsgərlərdən olur. Həm də dar məqamda Vətənin harayına layiqli cavab vermək üçün hərbi təlimlərdə fəal olur, əla döyüş keyfiyyətləri nümayiş etdirir. Beləcə, Hüseyn əsgəri borcunu şərəflə verib doğma kəndinə qayıdır.

El-obasının tərəqqisi naminə yaxşı işlər görür Hüseyn . Camaat onun əməllərindən qürur duyur. Halal əməyi həyatına sevinc gətirsə də, düşmənə nifrət hissi getdikcə onda güclənir .Ürəyi Vətən torpaqlarını tezliklə mənfur düşmənin tapdağından azad görmək istəyi ilə döyünür. Odur ki, 2020-ci il sentyabrın 27-də ordumuz tərəfindən Ermənistanın işğalı altında olan Vətən torpaqların azadlığı naminə başlanan İkinci Qarabağ müharibəsinə könüllü qatılır. Cəbrayılda , Füzulidə, Qubadlıda gedən müharibədə erməni dığalarına qarşı mərdliklə vuruşur, bir-birindən çətin döyüş əməliyyatlarda fərqlənir. Hər dəfə silaha sarılanda düşməndən Vətənin qisasını ürəyincə ala bilir. Qanı hesabın tarix yazan qəhrəman Hüseyn 21 oktyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən qeyri-bərabər müharibə meydanında şəhid olur. Vətənə can borcunu şərəflə ödəməklə əbədi ürəklərə köçür.

Dövlət də öz igid oğlunu unutmur. Xalqına başucalığı gətirən Hüseyn Bəşirzadə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Cəbrayılın, Qubadlının azadlığına görə medallara layiq görülür.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər