Bərdədə bu kəndin məktəbi baxımsız vəziyyətdədir-VİDEO
Uçmuş tavan, təhlükəli vəziyyətdə olan döşəmə, yararsız oturacaqlar və yazı üzünə həsrət qalan lövhə. Görüntülər Bərdə rayonunun Çələbilər kəndində yerləşən orta məktəbdəndir. Əgər ona məktəb demək olarsa.
Bu təhsil ocağı ötən əsrin əvvəllərində tikilib. 150-dən artıq şagirdi olan məktəbin divarları uçub dağılır. Təbii ki, bu da burada təhsil alan şagirdlərin və onlara təhsil verən müəllimlərin həyatını birbaşa təhlükə altında qoyur.
Təhsil üçün tamamilə yararsız halda olan bu məktəbin durumu adiyyatı qurumların diqqətindən kənarda qalıb. Təhsil işçiləri tezliklə yeni məktəb binasının tikintisi arzu edirlər.
Müasir tələblərə cavab verən məktəblərin inşa edildiyi, ən son avadanlıqlarla təchiz edildiyi bir dövrdə bu “qəbil”dən olan məktəblərin olması doğrudan da utancvericidir. Necə deyərlər, təhsilimizin “göz muncuğu göz partladır”.
Valideyinlər qəzalı məktəbdə təhsil alan övladlarına görə çox narahatdırlar. Sakinlər hər an təhsil ocağının uca biləcəyindən ehtiyat edirlər.
Məsələylə bağlı Elm və Təhsil nazirliyinin Qarabağ regional təhsil idarəsinin Bərdə sektorunun müdiri Qurban Məmmədov bildirib ki, sözü gedən orta məktəbin vəziyyətindən xəbərdardırlar. Bununla bağlı üst qurumlara məlumat verilib. Bu ilin sonuna qədər kənddə yeni məktəb binasının tikintisi planlaşdırılır.
Qeyd edək ki, Çələbilər kəndi rayonun ən ucqar yaşayış məntəqələrindən biridir. Burada 200 artıq ailə yaşayır.
Aran TV

