Akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında xidmətləri ölçüyəgəlməzdir
Akademik Zərifə xanım Əliyeva təkrarsız bir insan idi. Onun seçdiyi sənət də, mənalı ömür yolundakı yorulmaz fəaliyyəti də hər kəsə yalnız nur bəxş edirdi. Zərifə xanımın təbib əllərindən süzülən işıq bu gün də şəfa verdiyi insanların gözlərindədir və onu tanıyan adamların mənəvi dünyasına daim işıq salır.
Zərifə xanım ziyalı bir ailə mühitində görkəmli dövlət xadimi, Azərbaycanın böyük səhiyyə təşkilatçısı Əziz Əliyevin ailəsində anadan olmuşdur. Bu böyük insanın əksər xüsusiyyətləri qızı
Zərifə xanımın xarakterində öz əksini tapmışdır. Ən yüksək keyfiyyətlər- səmimiyyət, alicənablıq, qayğıkeşlik, birinci növbədə özünə, daha sonra ətrafdakılara qarşı tələbkarlıq, sözü ilə işinin birliyi, vətənpərvərlik, xalqına, torpağına sönməz məhəbbət bu zərif ziyalı xanıma xas cəhətlər idi.
Zərifə xanım Əliyeva Tibb İnstitutunu bitirdikdən və Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşma kursu keçdikdən sonra 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda fəaliyyətə başlamışdır.
Ordinatorluqdan baş elmi işçiyə qədər yaradıcılıq yolu keçərək o, əsl mütəxəssis kimi formalaşmışdır. Elmi fəaliyyətinin ilk dövründə Zərifə Əliyeva traxomanın erkən diaqnostikası, müalicəsi və profilaktikasına dair aktual elmi araşdırmalar aparmışdır. Namizədlik dissertasiyasında əksini tapmış bu axtarışların nəinki elmi, həmçinin böyük praktik əhəmiyyəti vardır. Minlərlə, insanın korluqdan xilas olaraq ictimai faydalı əməyə qayıtmasını mümkün edən həmin elmi tədqiqatlar dövrün ən sanballı, böyük nailiyyətləri idi. Beləliklə, Azərbaycanda traxoma xəstəliyinin ləğvinə yönəldilmiş kompleks tibbi tədbirlər məhz Zərifə Əliyevaya məxsusdur. Fundamental elmi axtarışlardan maksimum praktik nəticə əldə etmək xüsusiyyəti gənc həkimin sonrakı işləri üçün də xarakterik olmuşdu. Zərifə xanımın fəaliyyəti tibb elminin nailiyyətlərinin oftalmologiyada tətbiqinə yönəlmişdir. Bununla yanaşı, o, həmişə oftalmologiyada kliniki istiqamətin tərəfdarı olmuşdur.
Akademik Zərifə Əliyeva mühazirələrində həmişə deyirdi ki, işıq zülmətin, fəna və heçliyin qənimidir. O, xeyrin, həqiqətin, düzgünlüyün xidmətində dayanmağı özünə bir ömürlük missiya kimi müəyyənləşdirmiş, həyatını dünyamıza düşən işığın haləsini genişləndirməklə, hər kəsi gələcəyə ümidləndirməklə, sülh naminə çalışmaqla keçirmişdir. Ona görə də akademik Zərifə Əliyeva bir meyardır.
Zərifə xanım Əliyevanın elmi tədqiqatlarının əsas istiqamətlərindən biri də məhz yod və şin sənayesinin zərərli təsirlərindən gözün zədələnməsinin öyrənilməsi olmuşdur. Dünyada bu fundamental tədqiqatın analoqu yoxdur. Həmin problem üzrə Zərifə Əliyevanın elmi tədqiqatlarının nəticələri haqqında 30-dan çox dərc olunmuş elmi işdə tetraxloretilen, pestisid, stirol buxarlarının orqanizmə xroniki təsiri zamanı görmə üzvünün və onun funksiyalarının vəziyyəti əks etdirilir. Məhz bu dövrdən başlayaraq alimin elmi axtarışlarının əsas mövzusu Azərbaycanın kimya sənayesinin bəzi sahələrində çalışan fəhlələrin görmə orqanının vəziyyətini tədqiq etmək olmuşdur.
Zərifə xanım elmi axtarışlarda müəyyən qanunauyğunluğa riayət edirdi. O deyərdi: “Tədqiqatları təkmilləşdirməklə biz daha bir pillə yüksəlir və qarşımızda yeni geniş üfüqlər açılır”. Zərifə xanım hərbi-səhra cərrahı N.İ.Piroqovun sözlərini tez-tez tələbələrinə xatırladırdı: “Elmi axtarışlarda istiqamət və metod – ən əsasdır. Düzgün üsulları və istiqaməti tapmadan çox vaxt itirməklə özün də çaşırsan”.
Elmi ədəbiyyatla gözəl davranan Zərifə Əliyeva kafedra və elmi-tədqiqat laboratoriyasında elmi axtarışlarını səylə aparırdı. Buna səbəb Zərifə xanımın yüksək erudisiyası, çalışmaq mədəniyyəti, çox dəqiq məqsədyönlülüyü və prinsipiallığı idi. O, məlum hadisələri yeni baxımdan görmək qabiliyyətinə malik idi.
Məhz alimin şəxsiyyətinin bu xüsusiyyətləri onun orijinal klinik və elmi fəaliyyətini müəyyən edirdi. Zərifə xanımı həkimlərin mənəvi tərbiyəsi, tibbi etika və deontologiyası da düşündürürdü. Bu sahəyə “Yüksək istedad” adlı monoqrafiyasını həsr etmişdi. Öz mühazirələrində Zərifə xanım Əliyeva təkmilləşmə kursları dinləyicilərinə həkimlik deontologiyası barədə belə deyirdi: “Xəstə sənin əlini sıxıb səmimi qəlbdən “Həkim, çox sağ ol!” deyəndə öz elminin nailiyyətinə sevin”. O, elmi və elmi-pedaqoji kadrların hazırlanması və tədqiqatların aparılması üçün kafedra və laboratoriyanın maddi-texniki bazasını zənginləşdirmişdi.
Akademikin və tələbələrinin apardığı çoxşaxəli elmi tədqiqatların və bu oftalmoloji məktəbin ümumi cəhəti onun klinik-eksperimental istiqaməti idi. Görmə orqanının peşə patalogiyası sahəsində çoxsaylı işlərində Zərifə xanım qeyd edirdi ki, elmi problemlərin işlənməsi nəinki xəstənin ciddi müayinə və müşahidəsindən, həmçinin fiziki amillərin, orqanizmin fizioloji statusunun, biokimyəvi və mübadilə proseslərinin, ətraf mühit amillərinin təsirinin tədqiqindən asılıdır.
Görkəmli həkim Zərifə Əliyeva və onun yetirmələrinin elmi fəaliyyətlərinin xüsusiyyətini əməkdaşların möhkəm nəzəri hazırlığı üzərində qurulan klinik təcrübə təşkil edirdi. Onun çoxistiqamətli elmi yaradıcılığı 12 monoqrafiya, 160-dan çox elmi iş, bir ixtira və 12 səmərələşdirici təklifdə öz əksini tapır. Belə çoxşaxəli axtarışları aparmaq məhz Zərifə Əliyeva kimi böyük alimə qismət ola bilər. Məsələ yalnız göz xəstəliklərinin müxtəlif bölmələrini əhatə edən elmi işlərdən deyil, problemin həllinə xüsusi yanaşmadan ibarətdir. Bu xüsusiyyət Zərifə xanımın aktiv surətdə inkişaf etdirdiyi yaradıcılıq birliyini əks etdirən faktlarda sübutunu tapır.
Akademik Zərifə Əliyeva ömrü boyu tibb elminin və səhiyyənin ön sıralarında olmuş, insanlara böyük qayğı və diqqətlə yanaşmışdır. Akademik Zərifə Əliyevanın birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiyyəti və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.
Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı

